AZ

Tehranla Moskvanı üz-üzə qoyan dəhliz

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək 40 kilometrlik yol bu gün dünyanın aparıcı güc mərkəzlərinin əsl rəqabət və qarşıdurma meydanına çevrilib. Vətən müharibəsindəki qələbəmizdən dərhal sonra 10 noyabr üçtərəfli bəyanatına daxil edilən maddənin əhəmiyyətini bir çoxları o qədər də dərk etmirdi. "Zəngəzur dəhlizi" adını almış bu yol uğrunda indi dünyanın əsas güc mərkəzləri ciddi qarşıdurma yaşayırlar. Bəs nədir Zəngəzur dəhlizinin əhəmiyyəti? Bəs 40 kilometrlik yol uğrunda belə ciddi geosiyasi qarşıdurmanı alovlandıran nədir?
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
Bakı və İrəvan üçün yeni imkanlar
Azərbaycan üçün Zəngəzur dəhlizi ayrılmaz tərkib hissəsi olan Naxçıvana və strateji müttəfiqi Türkiyəyə birbaşa çıxış deməkdir. Geniş anlamda bu yol həm iqtisadi, həm də siyasi baxımdan Türk dövlətləri arasında birbaşa əlaqə, Şərq-Qərb dəhlizinin əsas arteriyalarından biri kimi dəyərləndirilir.
Ermənistan üçün isə Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, regional inteqrasiyanın bir parçası olmaq və iqtisadi inkişaf deməkdir.
Göründüyü kimi, Prezident İlham Əliyevin dörd il öncə irəli sürdüyü təşəbbüs əslində Bakı və İrəvan üçün yeni imkanlar vəd edir. Ancaq təəssüf ki, Ermənistan rəhbərliyi bu dəfə də tarixi şansı qaçırmaq üzrədir.
Alternativ yol, zəngin resurslara çıxış
Ukraynada müharibə başlayandan sonra Qərblə münasibətləri kəskinləşən Rusiya üçün Zəngəzur dəhlizi əslində üzləşdiyi sanksiyalardan yan keçməklə dünyaya çıxış üçün alternativ imkan anlamına gəlir. Bakı və Ankara ilə münasibətlərini qoruyub saxlamağı bacaran Moskva Zəngəzur dəhlizi vasitəsilə Yaxın Şərq və cənub ölkələrinə çıxışı hədəfləyir. Həm də Moskvada bu arteriya Şimal-Cənub dəhlizinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Türkiyə üçün Zəngəzur dəhlizinin əhəmiyyəti Azərbaycanın maraqları və məqsədləri ilə eynilik təşkil edir.
Avropa İttifaqı və ABŞ isə dəhlizə Mərkəzi Asiyanın zəngin resurslarına çıxış və Rusiyanın istər Cənubi Qafqazda, istərsə də həmin regionda təsirinin zəiflədilməsi imkanı kimi yanaşırlar.
Zəngəzur dəhlizi Kremlin gündəmində
Bütün bunların fonunda Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmələr yaşanmaqdadır. Bu dəfə 40 kilometrlik yolun qarşı-qarşıya gətirdiyi nə Bakı ilə İrəvandır, nə də Vaşinqtonla Moskva. Son illərdə münasibətlərini üst səviyyəyə çıxararaq strateji müttəfiqlik haqqında saziş imzalamağa hazırlaşan Rusiya və İrandır.
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra Zəngəzur dəhlizi məsələsi Kremlin xüsusi gündəmindədir. Şimal qonşumuzun rəsmiləri, xüsusilə də xarici işlər naziri Sergey Lavrov və Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dəhlizlə bağlı son açıqlamaları İranda ciddi narazılıq yaradıb. İş o yerə çatıb ki, rəsmi Tehran Rusiyanın bu ölkədəki səfirini XİN-ə çağıraraq etirazını nümayişkaranə şəkildə ifadə edib.
Qeyd edək ki, Lavrov dəhlizin açılmamasının əsas səbəbkarı kimi Ermənistan rəhbərliyini göstərib. Zaxarova isə bu məsələnin üçtərəfli bəyanata uyğun rus sərhədçilərinin birbaşa nəzarəti altında həll edilməsinin aktuallığını itirmədiyini deyib. İranın narahatlığı ilə bağlı sualı isə Tehrana ünvanlamağı məsləhət görüb. Görünən odur ki, Moskva kommunikasiyaların açılması məsələsində prosesi ölü nöqtədən tərpətmək üçün artıq düyməyə basıb.
İrana gəldikdə, Tehranın Zəngəzur dəhlizi ilə bağlı "narahatlıqlarını" hakimiyyətə yaxın "Tasnim" agentliyi "Bu xəyali dəhliz yaradılmayacaq" sərlövhəli məqaləsində sadalayıb. Bildirilir ki, Zəngəzur dəhlizinin işə düşməsi İranın dünyaya çıxış qapısı olan sərhəd qonşularından birinin sayının azalması, Türkiyə-Azərbaycan tandeminin mövqelərinin güclənməsi və "İranın qırmızı xətt elan etdiyi bölgə dövlətlərinin sərhədlərinin və suverenliyinin pozulması" anlamına gəlir. Rusiya XİN-ni hədəfə alan məqalədə Moskvaya "strateji müttəfiqlik sənədini imzalamağa hazırlaşan dövlətin dəhlizlə bağlı bəyanatlarının müttəfiqlik ruhuna uyğun olmadığı" xatırladılır.
Əslində, Tehranın müttəfiq adlandırdığı bir ölkənin sərhədçilərinin nəzarətində olacaq dəhlizin İranın maraqlarına zidd olması ilə bağlı iddiaları müəyyən suallar doğurur. Onsuz da İran-Ermənistan sərhədində rus hərbçiləri xidmət edir. Bu məsələdə Tehranın başlıca qorxusu, 44 günlük müharibədən sonra Azərbaycana təsir imkanlarının minimuma düşməsi və əlində olanları da itirmək riskidir. Artıq Ermənistan rəhbərliyi də Tehranın məlum demarşından ürəklənərək Moskvanın dəhlizə nəzarətinin mümkünsüzlüyünü açıq şəkildə bəyan edir. Yəni Tehran bu məsələdə İrəvanı da özünün dili ilə danışmağa məcbur edir. Rusiyanın, istər Tehrana, istərsə də vaxtilə forpostu elan etdiyi İrəvana hansı cavabı verəcəyi maraq doğurur. Əslində, yeni gəlişmələrin istiqaməti də Kremlin mümkün reaksiyasından sonra müəyyənləşəcək.
Azərbaycanın mövqeyi dəqiq və aydındır
Azərbaycanın mövqeyi dəqiq və aydındır. Hazırda Ermənistanın bu dəhlizlə bağlı təhlükəsizlik zəmanəti vermək imkanı yoxdur. Açılacaq yol beynəlxalq hüquqa uyğun şəkildə maneəsiz keçidi təmin etməlidir. Burada üçüncü tərəfin təhlükəsizlik zəmanəti mütləqdir. Digər tərəfdən, Azərbaycan üçün regional kommunikasiyaların işləməsi məsələsində hər hansı çətinlik də yoxdur. Bakı İran üzərindən hər iki dövlətin maraqlarına uyğun olan alternativ marşrut reallaşdırır. Zəngəzur dəhlizi hazırda bir-biri ilə ciddi qarşıdurma aparanlara və onlara bu meydanı verən Ermənistana daha çox lazımdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
21
oxu.az

10Mənbələr