AZ

Kumandan Berqveynə sərt sözlər: ''Yığmanın qapıları onun üzünə bağlandı''

Niderland yığmasında baş məşqçi Ronald Kuman ilə Stiven Berqveyn arasında sözlü münaqişə davam edir.

Bilindiyi kimi bir neçə gün öncə 26 yaşlı vinger ''Ayaks''dan ayrılaraq Səudiyyə Ərəbistanına yollanmış və ''Əl-İttihad''la müqavilə imzalamışdı. ''Narıncılar''ın çalışdırıcısı Ronald Kuman bu transferi xoş qarşılaşmamış və ''Berqveynin 26 yaşında Səudiyyə Ərəbistanına getməsini anlamıram. Onun bu addımının idman ambisiyaları ilə heç bir əlaqəsi yoxdu. Yığmanın qapıları artıq onun üçün bağlıdı. Yəqin ki, mənim bu transferə necə reaksiya verəcəyimi bilirdi'' ifadələrini işlətmişdi.

Daha öncə ''Tottenhem''də də top qovmuş, eləcə də Niderlandın AÇ-2024-dəki heyətində yer almış Berqveynin cavabı belə olub:

''Kuman uzaqgörən məşqçi olsaydı, bu sözləri dilə gətirməmişdən öncə zəng vurub hər şeyi mənim öz dilimdən dinləyərdi. Amma onun sözlərini televizordan eşitmək məcburiyyətində qaldım. Onunla birlikdə bir çox gözəl anlarımız olub. Ona görə də bu sözləri məni çox üzdü. Məşqçi öz oyunçusuna qarşı bu cür davranmamalıdı. Əks halda inam itir. Ambisiyalarımın olmamasını deməsi xoşuma gəlmədi. İndi Səudiyyə Ərəbistanı çempionatı Niderland Çempionatından güclüdü. Orda hansı futbolçuların oynadığına diqqət yetirin. Düzdü, bir tərəfdən maddi durumumu bir xeyli yaxşılaşdıracam. Amma digər tərəfdən Benzema, Kante Fabinyo, Diabi, Pereyra ilə komanda yoldaşı olacam. Kante bir ildi, ordadı. Amma AÇ-2024-də Niderlanda qarşı matçda meydanda ən yaxşı futbolçu idi. ''Mançester Siti''dən ''Əl-Nəsr''ə yollanan Laport isə İspaniya ilə Avropa Çempionu oldu. Düzdü, yığmanın şərəfini qorumaq hər zaman böyük fəxrdi. Amma mən artıq yığmada bu məşqçi üçün oynamaq istəmirəm''.

Kuman öz növbəsində Berqveynin bu sözlərinə cavab olaraq bunları deyib:

''Artıq bu mövzu haqda danışmaq istəmirəm. Mən sadəcə idman ambisiyalarından bəhs etdim. Düşünmürəm ki, nəsə yersiz bir söz dedim. Bu transferin idman ambisiyaları ilə üst-üstə düşdüyünü desəydim, bu, səmimi səslənməzdi. Gəlin, məsələni şişirtməyək. Mən sadəcə doğru olduğuna inandığım fikri dilə gətirdim''. Berqveyn yığmada indiyə qədər 35 oyun keçirib və 8 qol vurub.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
3
football-plus.az

4Mənbələr