AZ

Rusiya geri çəkilir, Qərbi İstanbul masasına çağırır: Kreml NATO-nun dağıdıcı zərbə planından xəbər tutub

Kremldə anlayırlar ki, Qərb nə vaxtsa Ukraynaya ən müasir hücum silahları göndərəcək və ardınca da Rusiyanın uzaq dərinliklərinə dağıdıcı zərbələr təlimatı verəcək... Müqavimət potensialı tədricən zəifləməkdə olan Rusiyanın hakim siyasi dairələri ABŞ və Qərblə sülh danışıqlarına hazır olduğuna eyham vurmağa başlayıb...

Ukrayna savaşı daha intensiv və gərgin xarakter almağa başlayıb. Belə ki, Ukrayna ordusunun Rusiya ərazisində apardığı hücum əməliyyatları hazırda savaşı daha fərqli istiqamətlərə çəkməkdədir. Hər halda, bu müharibə indi əvvəlki ssenarilərdən kifayət qədər uzaqlaşması ilə diqqəti çəkir. Və bu baxımdan, yaxın vaxtlarda həm Rusiyanın, həm də Ukraynanın savaş poliqonunda əldə edə biləcəyi döyüş mövqeləri artıq qeyri-müəyyən xarakter daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı artıq qətiyyən Rusiyanın planlarına uyğun cərəyan etmir. Hətta hesab etmək olar ki, bu savaşda döyüş şəraitinə Rusiya artıq çoxdan nəzarəti itirib. Vaxtilə Ukrayna ərazisinə hücum edən Rusiya ordusu indi ölkə sərhədləri daxilində müdafiə mövqeləri qurmaq məcburiyyətində qalıb. Və bu, savaşın Rusiya ərazisində hələ uzun müddət davam edə biləcəyini də sezdirir.

Məsələ ondadır ki, Kremlin hərbi-siyasi planları böyük ölçüdə iflasa uğrayıb. Rusiyanın Kursk vilayəti və ətraf bölgələrə hərbi nəzarəti itirməsi hazırda Kremlin əsas xarici və daxili probleminə çevrilib. Hər halda, Rusiyanın beynəlxalq imicinə sarsıdıcı zərbə vurulub. Üstəlik, Kremlin zədələnmiş nüfuzunu böyük ehtimalla hələ uzun müddət bərpa etməyə nail olmayacaq. Və bundan sonra Rusiyanın beynəlxalq mövqeyinə qarşı Qərb siyasi dairələri daha da laqeyd yanaşmağa üstünlük verəcəklər.

2c2875f4-f235-40ec-8e6e-a865a74540ec.jpg

Əslində, Kreml indiki situasiyada Qərbin Rusiyanın beynəlxalq siyasi iradəsinə biganə yanaşmasına məcburi şəkildə tolerantlıq ehtiyacı ilə hələlik barışa da bilər. Ancaq Ukrayna ordusunun Rusiya ərazisində irəliləməsinə Kremlin daxili faktorlar üzərindən də yanaşmaq məcburiyyətində qalıb. Belə ki, Kreml savaşın artıq Rusiya ərazisində getməsini Kreml ölkə əhalisi qarşısında arqumentləşdirməkdə açıq-aşkar çətinlik çəkir. Çünki qabiliyətsiz Rusiya generalitetinin korrupsiyaya qurşanması barədə məlumatlar artmağa başlayıb. Və bu, Rusiya cəmiyyətində ciddi narazılıq doğurur.

Digər tərəfdən, Kreml Rusiya ordusunun məğlub durumunu biabırçılıq hesab edən yerli əhalinin hər kütləvi etirazlara qalxa biləcəyindən də ciddi şəkildə narahatdır. Çünki hazırda Rusiya cəmiyyəti ilk dəfə olaraq, Ukrayna savaşının real təsirlərini öz üzərində hiss edir. Nəticədə əvvəl daha çox müşahidəçi rolunda olan Rusiya cəmiyyəti indi Ukrayna savaşının birbaşa iştirakçısına çevrilməyə başlayıb. Və belə situasiyada Kreml canlı qüvvə itkilərini səfərbərlik ilə bərpa etməkdə də çəkinir.

Təbii ki, Ukrayna savaş poliqonunda situasiya ciddi şəkildə dəyişməzsə, Rusiyanın hərbi və ölkədaxili problemləri artacaq. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, rəsmi Kiyev də Ukrayna ordusunun Rusiyada ələ keçirdiyi əraziləri uzun müddət nəzarətdə saxlaya bilməyəcəyini anlayır. Ona görə də, rəsmi Kiyev Ukrayna ordusunun canlı qüvvə itkilərini azaltmaq üçün Rusiyanın dərinliklərinə daha intensiv zərbə endirmək planları qurur. Və bu, hazırda Kreml üçün ən ciddi hərbi təhlükə mənbəyi sayılır.

Maraqlıdır ki, rəsmi Kiyev son vaxtlar ABŞ və NATO-ya olduqca intensiv təzyiq kampaniyasına başlayıb. Belə ki, prezident Volodemir Zelenski başda olmaqla, Ukrayna rəsmi dairələri israrla Qərbdən Rusiyanın daha uzaq dərinliklərinə zərbələr endirilməsinə razılıq verilməsini tələb edir. Rəsmi Kiyev hesab edir ki, əgər, belə zərbələr endirilərsə, Rusiyanın ölkədaxili xaosa sürüklənməsi prosesi ciddi şəkildə sürətlənə bilər. Və bu halda isə Kremlin Rusiyanın dağılma prosesini əngəlləmək üçün sülh danışıqları masası arxasına oturmaqdan başqa çıxış yolu qalmaz.

ezgif.com-gif-maker.jpg

Hələlik rəsmi Kiyevin bu istiqamətdə Qərb ölkələrinə, o cümlədən də ABŞ-a təzyiq göstərmək cəhdləri demək olar ki, cavabsız buraxılmaqdadır. Belə ki, Qərb siyasi dairələri hesab edirlər ki, Ukraynaya Rusiya dərinliklərinə zərbə endirməyə icazə vermək məsələsində tələsməyə ehtiyac yoxdur. Çünki Rusiya hələ çox güclüdür və bu nəhəng ölkənin dərinliklərinə zərbə endirilməsi Kremlə cavab reaksiyası ilə Şərqi Avropa ölkələrini hədəfə almaq bəhanəsi qazandıra bilər. Və bu baxımdan, Pentaqondan rəsmi Kiyevə "qırmızı cizgilər"dən kənara çıxmağa icazə verilməməsi əslində, indiki situasiyada o qədər də gözlənilməz deyil.

Belə anlaşılır ki, ABŞ və Qərb hələlik ehtiyatlı davranmaqda israrlıdır. Yəni, Qərb siyasi dairələri Ukraynanın tələblərinə uyaraq, Avropa məkanını real təhlükənin hədəfinə çevirməyə qətiyyən həvəsli görünmür. Böyük ehtimalla Ukrayna ordusunun Rusiya ərazisinə girərək, bəzi bölgələri nəzarətə götürməsi Qərbin strateji maraqları baxımından, hələlik yetərlidir. Və həm ABŞ, həm də NATO vaxtından əvvəl atılmış hərbi addımlar ilə Ukrayna ordusunun qazandığı üstünlüyün əldən çıxa biləcəyini də nəzərə alır.

Ancaq bu, qətiyyən o demək deyil ki, Qərb siyasi dairələri Ukraynaya nə vaxtsa Rusiyanın daha uzaq dərinliklərinə zərbələr endirilməsinə icazə verməyəcək. Ukrayna ordusuna Rusiya ərazisinə hücum razılığının verilməsi də onu göstərir ki, Qərb rəsmi Kiyevə əvvəl-axır daha radikal addımlarla bağlı təlimatlar göndərəcək. Sadəcə, ABŞ və Qərb rəsmi Kiyevdən fərqli olaraq, bu məsələdə tələsməyə qətiyyən ehtiyac duymur. Və rəsmi Kiyevin Ukrayna ordusunun məruz qaldığı canlı qüvvə itkiləri ilə bağlı narazılıqları hazırda Qərb siyasi dairələrini o qədər də narahat etmir.

8a58cf850e2f54017df0c43a618889fb.jpg

Bütün bunlara baxmayaraq, Kremldə də anlayırlar ki, Qərb nə vaxtsa Ukraynaya ən müasir hücum silahları göndərəcək və ardınca da Rusiyanın uzaq dərinliklərinə zərbə təlimatları verəcək. İtirilən zaman isə Rusiyanın gələcək total hərbi zərbələrə müqavimət potensialını artıq indidən tədricən zəiflədir. Ona görə də, Kreml Qərbin Rusiyaya total hücum qərarını gözləmək istəmir. Hər halda, son vaxtlar Kreml təmsilçiləri Rusiyanın sülh danışıqlarına hazır olduğuna daha tez-tez eyham vurmağa başlayıblar. Və bu, Rusiyanın savaşı dayandırmaqda maraqlı olduğunu göstərir.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbul sülh prosesinə geri dönməyin mümkün olduğunu vurğulayıb. Onun fikrincə, həmin prosesdə müzakirə edilən şərtlər daxilində sülh sazişi hər iki tərəf üçün sərfəli ola bilər. Belə ki, Kreml Ukraynanın Avropa Birliyinə üzvlüyünə artıq qarşı çıxmasa da, NATO-ya qatılmasına qarşı çıxır.

Eyni zamanda, Ukraynanın hərbi bloklardan kənar, neytral ölkə kimi öz ərazisində xarici hərbi bazaların yaradılmasından imtina etməsini də vacib hesab edir. Bunun qarşılığında isə Kreml Ukraynanın gələcək hərbi təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatların müəyyən edilməsinə qarşı çıxmır. Və Kreml nə qədər qəribə də olsa, hələlik Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinin gələcək taleyi ilə bağlı da susmağa üstünlük verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
49
musavat.com

10Mənbələr