“Huawei” ardıcıl ikinci rübdür ki, dünya geyilə bilən texnologiya bazarında liderdir.

İndex.az xəbər verir ki, IDC-nin araşdırmasına görə, Çin şirkəti son rübdə “Apple” və “Samsung” kimi brendləri geridə qoymağı bacarıb.

“Huawei” bu ilin ikinci rübündə 8,9 milyon geyilən cihaz tədarük edib və qlobal bazarda 20,3% paya sahib olub. Bu, ötən ilin eyni dövründəki 6,3 milyon tədarüklə müqayisədə 55% artım deməkdir.

Bu çərçivədə “Huawei” 2024-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım əldə edib. Uzun müddətdir lider olan “Apple” və “Samsung”u geridə qoyan şirkət Watch Fit 3 kimi f/p modelləri ilə diqqət çəkir.

“Xiaomi” 5,9 milyon ədəd və 13,5% bazar payı ilə ikinci yerdə qərarlaşıb. Bu göstərici də əvvəlki illə müqayisədə 17% artım deməkdir. “Apple” şirkəti 5,6 milyon tədarüklə üçüncü yeri tutsa da, illik artımı 11% azalıb. Son rübdə onun bazar payı 13% ətrafında olub.

“Samsung” 3,3 milyon tədarük və 7,6% payla dördüncü yerdə qərarlaşıb. Bu arada, “Oppo”, “Vivo”, “OnePlus”, “Realme”, “iQOO” kimi markalara sahib olan BBK, ilk yarıda əhəmiyyətli bir artım qeyd etdi.