AZ

Şəki şəhərinin daxili yollarının təmirinə başlanılıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Şəki şəhərində ümumi sahəsi 36,1 kilometr olan mərkəzi küçələrin təmiri nəzərdə tutulur. Artıq bu çərçivədə yenidənqurma işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Bu işlərə paralel olaraq, şəhərin relyefinə uyğun prospekt və küçələrin hərəkət hissəsinin kənarlarında səth sularının kənarlaşdırılması üçün suötürücülük qabiliyyəti nəzərə alınaraq müxtəlif ölçüdə arx və kanalların yenidən qurulması, tikintisi və təmiri işləri aparılır.

Asfaltlanma işləri yekunlaşan küçələrdə hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi aparılacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
6
azertag.az

8Mənbələr