AZ

Dumanın deputatı Azərbaycanda parlament seçkilərinin nəticələri haqqında: Mütərəqqi və müstəqil siyasi kurs qalacaq

Dumanın

Moskva, 6 sentyabr, AZƏRTAC

Ötən həftə sonu ilk dəfə bütöv Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Seçki günlərində Bakıda səfərdə olan Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC -a müsahibəsində seçkinin nəticələrini və bu gün iki ölkə arasındakı münasibətlərdə açılan perspektivləri şərh edib.

– Dmitri İvanoviç, Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, seçki Rusiya-Azərbaycan münasibətlərinin gələcək kursuna necə təsir edəcək?

– Azərbaycanda seçkilər obyektiv olaraq ən yüksək təşkilati səviyyədə, bütün beynəlxalq demokratik standartlara uyğun keçirilib. Yüksək fəallıq və bütün namizədlər üçün bərabər imkanların olduğu şəraitdə seçkilərin nəticələri Azərbaycanın hazırkı Prezidenti İlham Heydər oğlu Əliyevin partiyasının respublikada müstəsna nüfuzunu, etimadını və dəstəyini qoruduğunu əyani şəkildə təsdiqlədi. Yeni Azərbaycan Partiyasının Milli Məclisdə yer aldığı çoxluq, şübhəsiz ki, Azərbaycan rəhbərliyinin hazırkı mütərəqqi və müstəqil siyasi kursunun, o cümlədən Rusiya - Azərbaycan münasibətlərinin inkişafı məsələlərində də davam etdiriləcəyini göstərir.

Rusiya Prezidenti Vladimir Putinin Bakıya bu yaxınlardakı dövlət səfəri göstərdi ki, ölkələrimizi təkcə uzunmüddətli mehriban qonşuluq və xalqlar dostluğu tarixi deyil, həm də müttəfiqlik mövqeyi, bütün sahələrdə ortaq maraqlar və həyata keçiriləcək uzunmüddətli layihələr bağlayır. Şübhə etmirəm ki, bütün perspektivli razılaşmaların həyata keçirilməsini asanlaşdıran parlamentlərarası əlaqələrimiz də ənənəvi olaraq konstruktiv və səmimi qalacaq.

– Yaxın gələcəkdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı ilk növbədə hansı sahələrdə gözlənilməlidir?

– İstər keçirilmiş seçkilərin, istərsə də Vladimir Vladimiroviç Putinin Azərbaycana səfərinin nəticələrinə görə əminliklə deyə bilərik ki, bizim bütün irimiqyaslı birgə təşəbbüslərimizin hərtərəfli inkişafına güclü inkişaf təkanı verilib. Bu yaxınlarda Bakıda genişləndirilmiş Rusiya - Azərbaycan danışıqlarında Rusiya və Azərbaycan hökumətlərinin üzvləri demək olar ki, tam tərkibdə iştirak edirdilər - bu gün bizim birgə fəaliyyətimizin miqyası bu qədər genişdir. Rusiya nümayəndə heyətinin səfərinin nəticəsi olaraq bütün istiqamətlərdə qarşılıqlı fəaliyyətimizi əlaqələndirən və dərinləşdirən bir sıra memorandumlar və sazişlər imzalanıb. Söhbət, ilk növbədə, “Şimal-Cənub” nəqliyyat-logistika marşrutunun daha da genişləndirilməsi, neft-qaz sektorunda hərəkətlərin əlaqələndirilməsi, sənaye əməkdaşlığının, investisiya əməkdaşlığının və potensialı tükənməkdən çox uzaq olan ikitərəfli ticarətin genişləndirilməsi, eləcə də bir çox digər layihələrdən gedir. Yeni ümumi təşəbbüslərdən, məsələn, Xəzər dənizinin dayazlaşması səbəblərinin planlaşdırılan birgə təhlilinin aparılmasını qeyd etmək istərdim - ekoloji təhlükəsizlik bu gün əməkdaşlığımızın prioritet istiqamətlərindən biridir.

– Milli Məclisə seçkilər regional gündəliyin ən aktual mövzularından biri olaraq qalan sabitliyi möhkəmləndirərək, ilk dəfə Qarabağın işğaldan azad edilmiş ərazilərində keçirilib. Rusiya - Azərbaycan münasibətləri bu gün Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin formalaşmasında hansı rol oynayır?

– Rusiya və Azərbaycan bu gün, mübaliğəsiz, regional siyasətdə əsas tendensiyaları müəyyən edir. Bizim Cənubi Qafqazdakı ümumi maraqlarımız uzunmüddətli sülh, vəziyyətin sabitliyini pozan oyunçuların xaric edilməsidir. Bu məsələlərdə qarşılıqlı anlaşma Rusiya və Azərbaycana regionda təhlükəsizliyin və inkişafın təminatçısı kimi çıxış etməyə imkan verir.

Qeyd etmək lazımdır ki, Rusiya və Azərbaycanın maraqları təkcə regional deyil, həm də qlobal miqyasda üst-üstə düşür. Təsadüfi deyil ki, Vladimir Vladimiroviçin Bakıya səfərindən dərhal sonra Azərbaycan rəsmi olaraq BRICS təşkilatına üzv olmaq üçün ərizə təqdim etdi ki, bu da bizim tərəfdaşlığı gücləndirmək üçün yeni platforma ola bilər.

– Seçki günlərində Rusiyadan çoxlu müstəqil müşahidəçilər və qonaqlar Azərbaycana səfər edib. Rusiya nümayəndə heyətinin ölkədəki hazırkı siyasi proseslərlə bağlı təəssüratları necə olub?

– Rusiyalı ekspertlər yekdilliklə ötən parlament seçkilərinin şəffaflığı, legitimliyi, rəqabətliliyi və demokratikliyindən danışırlar. Üstəlik bizim müşahidəçilərə respublikada işləmək çox asan idi. Azərbaycanda rusiyalılar üçün dil baryeri problem sadəcə olaraq yoxdur. Respublikada rus dilinə dəstək və rus məktəblərinin inkişafı çox yüksək səviyyədə qalır. Humanitar əməkdaşlıq bu gün ölkələrimiz arasında dərin qarşılıqlı anlaşma, bərabərhüquqlu, qarşılıqlı faydalı, etimada əsaslanan və dinamik inkişaf edən münasibətlərimizin əsaslandığı sütunlardan biri olaraq qalır. Belə ki, məsələn, Rusiya Azərbaycan üçün ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edir. Üstəlik, azərbaycanlı tələbələr həm Rusiyada, o cümlədən federal büdcə hesabına, həm də Rusiya ali məktəblərinin Bakıdakı filiallarında təhsil alırlar. Vladimir Vladimiroviç Putin bu yaxınlardakı səfəri zamanı Sankt-Peterburq Dövlət Universitetinin iştirakı ilə Bakıda Rusiya - Azərbaycan Universitetinin yaradılması təşəbbüsünü dilə gətirib, İlham Heydər oğlu Əliyev isə dəstəkləyib.

Daha bir əlamətdar birgə layihə - gələn il postsovet məkanının bütün ölkələri üçün ümumi olan faşizm üzərində Böyük Qələbənin 80-ci ildönümünün geniş miqyasda qeyd edilməsidir. Rusiya və Azərbaycan mütəxəssisləri bu və digər birgə humanitar layihələri tezliklə Vladimir Vladimiroviçin Rusiyanın yaxşı dostları kimi Azərbaycan nümayəndə heyətini şəxsən dəvət etdiyi Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun 10-cu ildönümündə müzakirə edə biləcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
azertag.az

2Mənbələr