AZ

CƏMİ 1,5 SELSİ!.. QLOBAL İSTİLƏŞMƏNİ NECƏ AZALTMALI?

Azərbaycanın COP-29-a ev sahibliyi etməsinin əhəmiyyəti bu tədbirlə bağlı ölkəmizə yönələn qaralama kampaniyasından qat-qat önəmlidir. Çünki Azərbaycan qlobal miqyasda ən mühüm hadisələrdən birinə ev sahibliyi edəcək və beynəlxalq arenanın bir nömrəli konfransı ilk dəfə postsovet məkanında keçiriləcək. Digər tərəfdən bu tədbir Azərbaycana yalnız onu keçirməyə deyil, həm də mahiyyəti üzrə təşəbbüslər irəli sürməyinə imkan verəcək. Əsas məqsəd qlobal istiləşmənin qarşısını almaqdır. Yeni elmi araşdırmalar təsdiqləyir ki, qarşıdakı 30 ildə böyük şəhərlərdə anomal iqlim dəyişiklikləri yaşanacaq. Avropa şəhərlərində hərarət 3,5-lə 4,7 dərəcə arasında artacaq. Belə olan halda 30 il sonra London bügünkü Barselonaya, Sietl San Fransiskoya, Stokholm Budapeştə, Milan Dallasa, Madrid isə Mərakeşə bənzəyəcək. Qlobal istiləşməyə təsir edən əsas faktor isə dünya üzrə karbon qazı emissiyalarının 2%-ə qədər artmasıdır. Bu, 2010-cu ildən bu yana qeydə alınan orta artım səviyyəsindən 70% çoxdur. Emissiyaların artımının 85%-i Çin, Hindistan və ABŞ-ın payına düşür. Almaniya, Yaponiya, Meksika, Fransa və Böyük Britaniyada isə emissiyaların həcmi azalıb. Qlobal iqlim dəyişikliyi səbəbindən son 40 ildə dünyada onurğalıların sayı 60% azalıb. 1 milyon bitki və heyvan növü nəsli kəsilmək təhlükəsi altındadır. Mərcanların bütünlükdə məhv olma təhlükəsi var. Qlobal istiləşmənin yaratdığı kəskin quraqlıq dünyada qida çatışmazlığının əsas amilidir və 2030-cu ilədək 100 milyon adam kəskin yoxsulluqla üzləşə bilər.

BMT xəbərdarlıq edir ki, qlobal istiləşməni 1,5 selsi azaltmaq indi qarşıda duran əsas məqsəddir. Əks halda böhran daha da dərinləşəcək, təbii fəlakətlər qarşısıalınmaz hal alacaq. Elm adamları hesablayıb ki, atmosferdəki karbon dioksid həcmi XVIII əsrin ortalarında baş verən sənaye inqilabından sonrakı dövrlə müqayisədə 40% artıb. Atmosferə buraxılan qazlar isə istixana effekti yaradır, bu isə Günəşdən gələn enerjinin Yer üzündə sıxışıb qalmasına səbəb olur və dünya sürətlə isinir. Deməli, indi gəldiyimiz nöqtədə keçmişdəki kimi davam etmək şansımız yoxdur. Əks təqdirdə gələcək nəsillər təhlükə altında qalacaq. Çünki son 150 ildə Yür kürəsi 1 dərəcə selsi isinib və bu isinmənin üçdə ikisi son 50 ildə meydana gəlib. Dünya üçün kritik hədd 2 dərəcə selsidir. Mütəxəssislər 2030-cu ilə qədər qlobal istiləşmənin artımının 1,5 dərəcəni aşacağını xəbər verir.

Yerli ekspertlər deyir ki, Azərbaycandakı vəziyyət bir çox hallarda qlobal vəziyyətlə eynilik təşkil etməsə də ciddi narahatlıq doğuran məqamlar yox deyil. Məsələn, bəzi regional təhdidlər, xüsusilə də Cənubi Qafqazın həm ətraf mühitinə, həm də içməli su ehtiyatlarına böyük zərbə vuran Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası hələ də ciddi təhlükə mənbəyi olaraq qalır. Digər bir məsələ qlobal iqlim dəyişikliyinin təsir etdiyi ərzaq böhranıdır ki, bu da Azərbaycan hökumətindən aqrar sektorun inkişafına mənfi təsir edən amilləri aradan qaldırılmağı tələb edir. Əsas məsələ ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Bura əsasən ət məhsulları, quş əti, süd və süd məhsulları daxildir. Lakin taxılla tam təminat uzun illər ərzində mümkün olmayacaq. Hazırda bu göstərici 62% səviyyəsindədir. İndi hökumət bəzi tədbirlər görür, artıq xüsusi proqram əsasında yeni növ subsidiyaların tətbiq edilməsinə başlanıb. Əgər proqram qarşıya qoyulan məqsədi yerinə yetirməyə imkan versə o zaman yaxın 3-4 il ərzində Azərbaycan özünü ərzaqlıq buğda ilə 80% təmin edə bilər. Bu məqsədə çatmağa kömək edən əsas amil isə azad edilmiş torpaqlarda əkin-biçin işlərinə başlanmasıdır. Şübhəsiz ki, Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi təsir göstərəcək.

Bundan əlavə, ölkədə alternativ enerji mənbələrindən geniş istifadənin tətbiqinə başlanması, yaşıl enerjiyə keçid də təqdirəlayiqdir. Ölkəmizdə 230 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib. 240 meqavatlıq külək elektrik enerjisi stansiyasının tikintisi isə yekunlaşmaq üzrədir. Bundan əlavə, Bakıda ümumi həcmi bir qiqavat olan üç Günəş və külək elektrik stansiyasının təməli qoyulub. Bu sahədə görülən işlərin həcmi Azərbaycanın mövcud potensialına tam adekvatdır. Çünki texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, Azərbaycan iqtisadi baxımdan quruda 27 qiqavat həcmində Günəş və külək enerjisi istehsal edə bilər. Digər tərəfdən bu layihələrin icrasına dünyanın məşhur “Masdar”, “Acwa Power” və BP şirkətlərinin cəlb olunması onu göstərir ki, Azərbaycan yaşıl enerjiyə keçiddə ənənəvi neft-qaz şirkətlərinin əsas tərəfdaşıdır.

Görülən tədbirlərə baxmayaraq, qlobal iqlim dəyişikliyi hər gün daha çox hiss olunur, yayda qışı, qışda yayı yaşamaq kimi anomal hadisələr problemin görünən tərəfləridir. Bu böhranı yaradan isə insandır, elə o özü də bu problemi aradan qaldırmalıdır. Qlobal miqyasda hədsiz istilərin tez-tez baş verdiyi, rekordları alt-üst etdiyi və dünyada dağıdıcı fəlakətlərə səbəb olduğu bir vaxtda sivilizasiyanın və təbii aləmin yaşaması bizdən asılıdır. Dünyanın bizim sevgimizə həmişəkindən daha çox ehtiyacı var.

MTM Analitik Qrup

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
1
heftelik.az

2Mənbələr