AZ

Aleksey Kaşuk “Qarabağ”ı Qurban Qurbanova görə seçib

Ukraynalı futbolçu, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Aleksey Kaşuk Azərbaycan çempionu “Qarabağ”a keçidini şərh edib.

Arena.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan Kaşuk “sport.ua” nəşrinə açıqlamasında bunları söyləyib:

“Qarabağ”ı seçməyimdə bir nömrəli amil baş məşqçidir. Qurban Qurbanov uzun müddətdir burada işləyir. Komandanı UEFA Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidir. Elə yazılıb ki, Avropa klubları gələcəkdə “Qarabağ”a adekvat qiymətə təklif verə biləcəklər. Üçüncü amil isə mən artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam”.

Xatırladaq ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsinin müddəti bu yay bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk bir neçə gün öncə “Qarabağ”la 3 illik müqaviləyə imza atıb.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un da formasını geyinib. O, 2022-ci ilin martından 2023-cü ilin iyun ayına kimi “Sabah”da forma geyinib. Kaşuk Azərbaycan komandasının heyətində bütövlükdə 41 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 18 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Həmin dövrdə “Sabah” Kaşukun transfer hüquqlarını almaq üçün çox çalışsa da, “Şaxtyor”un yüksək məbləğlər tələb etməsi ucbatından bu istəyinə çata bilməmişdi.

Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
arena.az

1Mənbələr