AZ

Azad olunmuş torpaqlarda Azərbaycanın üzləşdiyi ən böyük problem ərazilərdə basdırılmış partlayıcı qurğulardır

Finlandiya portalında politoloq Yakko Laaksonun müəllifliyi ilə Qarabağ münaqişəsinin tarixindən, Azərbaycanın torpaqlarını azad etmək üçün apardığı mübarizədən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan, eləcə də Qarabağ bölgəsində ölkəmizin üzləşdiyi mina problemlərindən bəhs edən məqalə dərc olunub.

Dünyada ilk pilotsuz uçuş aparatları (PUA) müharibəsi kimi tanınan 44 günlük Vətən müharibəsinin 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə atəşkəslə sonlandırıldığını qeyd edən politoloq 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərinin otuz ilə yaxın davam edən işğalının Qarabağdakı Ermənistan silahlı qüvvələrinin təslim olması ilə başa çatdığını bildirib. O, İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana böyük siyasi dəstək verdiyini vurğulayıb.
Məqalədə qeyd olunur ki, hazırda azad olunmuş torpaqlarda Azərbaycanın üzləşdiyi ən böyük problem ərazilərdə basdırılmış azı 1 milyon 500 mina və digər partlayıcı qurğulardır. Azərbaycan ərazilərin minalardan təmizlənməsi üçün bir çox ölkənin təcrübəsindən istifadə edir. İndiyədək ölkəmizin minaların təmizlənməsinə 349 milyon dollar xərclədiyini diqqətə çatdıran finlandiyalı siyasətçi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, bir sıra Avropa ölkələri və ABŞ-ın da bu problemin həllində dəstək olduqlarını bildirib. Müəllif yazır ki, beynəlxalq ekspertlərin hesablamalarına görə, Qarabağın azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə 25 milyard dollara yaxın vəsait tələb olunacaq.
Qarabağ müharibəsinin tarixinə nəzər salan Yakko Laakso yazır ki, 1990-cı illərdə erməni millətçiləri “Dağlıq Qarabağı” Ermənistana birləşdirmək istəyirdilər, halbuki hüquqi cəhətdən Qarabağ Azərbaycanın tərkib hissəsidir. Otuz il davam edən işğal dövründə Ermənistan da daxil olmaqla, dünyanın heç bir ölkəsinin “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımadığını qeyd edən müəllif 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən bu münaqişənin sülh yolu ilə həlli üçün qondarma Minsk qrupunun yaradıldığını, lakin qrupun fəaliyyətinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb.
Finlandiyalı siyasətçi, həmçinin Birinci Qarabağ müharibəsi zamanı 1 milyona yaxın azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Müəllif yazıb ki, Azərbaycanın 2023-cü ildə apardığı antiterror əməliyyatından sonra etnik ermənilər də Qarabağ ərazisini könüllü tərk ediblər. Baxmayaraq ki, Azərbaycan Prezidenti İlham Əliyev onların hüquqlarının qorunacağına, tolerant cəmiyyətdə yaşayacaqlarına zəmanət verdiyini dəfələrlə vurğulayıb.
Yakko Laakso hazırda azad olunmuş ərazilərdə bərpa-tikinti işlərinin aparılmasından, məcburi köçkünlərin öz evlərinə qayıtmasından, yeni yolların, elektrik stansiyalarının, tunellərin inşa edilməsindən də bəhs edib.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan və Ermənistan hazırda sülh müqaviləsinin imzalanması üzərində işləyir. Azərbaycanın qarşı tərəfdən Konstitusiyada dəyişiklik etməyi, ona qarşı ərazi iddialarından əl çəkməyi tələb edir.
Məqalədə, eyni zamanda, qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair danışıqlar da gedir. O, xatırladıb ki, Ermənistan Xarici İşlər Nazirliyi ölkələrin sərhədlərin demarkasiyası ilə bağlı ümumi prinsiplər barədə razılığa gəlindiyini bəyan edib. Yakko Laakso Ermənistanla sərhəddə 1990-cı illərin əvvəllərində əhalisinin köçmək məcburiyyətində qaldığı Azərbaycan kəndlərindən, erməni müxalifətinin həmin kəndlərin Azərbaycana qaytarılmasına müqavimət göstərmək cəhdindən də bəhs edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
2
sesqazeti.az

10Mənbələr