AZ

İkiqat dünya çempionu: Məşqçimə söz vermişdim ki, bütün rəqiblərə ipponla qalib gələcəyəm - MÜSAHİBƏ

İkiqat

Bakı, 4 sentyabr, AZƏRTAC

Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilmiş mundialda qızıl medal qazanaraq ikiqat dünya çempionu olan Azərbaycan cüdoçusu Nihad Məmişov (55 kiloqram) AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Dünya çempionatında qızıl medal qazanmağınız münasibətilə sizi təbrik edirəm. Qələbə barədə təəssüratlarınızı bilmək istərdik...

- İlk olaraq, mənə etimad göstərdiyi üçün Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Şükürlər olsun ki, komanda olaraq onların əziyyətini yerdə qoymadım, Vətənə medalla döndüm. Komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci yeri tutduq. Oğlan cüdoçuların sıralamasında isə Yaponiya da daxil olmaqla bütün ölkələri qabaqlayaraq 1-ci olduq. Milli komandanın məşqçilərinə də minnətdaram. Çox gözəl nəticə əldə etdik.

- Cüdonun vətəni olan Yaponiyanı geridə qoymaq necə hissdir?

- Təbii ki, çox möhtəşəm hissdir. Azərbaycan Cüdo Federasiyası bizə güvəndi və yarışa yolladı. Bizə ümid bəslədilər. Biz də onların ümidlərini doğrultduq və yaponları qabaqlamağı bacardıq. Ümid edirəm ki, növbəti dünya çempionatında ümumi komanda hesabında onları da üstələyərik.

- Dünya çempionatlarında ikinci dəfə Azərbaycanın Himnini səsləndirdiniz. 17 yaşda belə uğura imza atmaq sizin üçün nə ifadə edir?

- Məni yaxşı hazırlaşdırdıqlarına görə məşqçilərimə təşəkkür edirəm. Ciddi hazırlıq nəticəsində milli komandaya cəlb olundum. Onların üzərimdə əziyyəti danılmazdır. Bayrağımızı dünyanın o biri tayında – Peruda dalğalandırmaq, himnimizi 47 ölkənin qarşısında səsləndirmək mükəmməl hissdir. Bu duyğuları sözlə ifadə etmək çətindir. Ümid edirəm ki, buna növbəti dünya çempionatında da nail ola biləcək və ölkəmi beynəlxalq arenada layiqcə təmsil edəcəyəm.

- Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyevin Parisdə əldə etdikləri nailiyyətlər sizə bu yarışda əlavə motivasiya verdimi?

- Bəli, onların da qələbəmdə böyük rol oynadıqlarını deyə bilərəm. Hər ikisinin Olimpiadadakı uğuru məni mundiala daha yaxşı hazırlaşmağa sövq etdi və özümdə əlavə motivasiya tapdım. Zelimlə çox yaxşı ünsiyyətim var. Ondan da, Hidayətdən də bir idmançı kimi çox xoşum gəlir.

- Final qarşılaşmasına zədəli halda çıxdınız və bu vəziyyətdə sonadək güləşdiniz...

- Dodağım zədələnmiş, çənəm əzilmişdi. Bütün bunlara baxmayaraq, idmançı əzmkar olmalıdır. Mən də əzmkarlığımı və gücümü ortaya qoymağa çalışdım. Sevinirəm ki, nəticə də istədiyim kimi oldu.

- Yarımfinalda Ukraynanı təmsil edən azərbaycanlı cüdoçu Xəzər Heydərovla üz-üzə gəldiniz. Öz həmyerlinizlə qarşılaşanda və ona qalib gələndə nə hisslər keçirdiniz?

- Düzdür, o mənim həmyerlimdir, amma başqa ölkəni təmsil etdiyi üçün bu amil yarış zamanı gözümə görünmədi. Həmin an mənim üçün digərlərindən fərqlənmirdi. Rəqibin kimliyindən asılı olmayaraq, mən öz döyüşümə fokuslanmışdım. Xəzər də yaxşı mübarizə apardı. Buna görə onu təbrik edirəm.

- Mundialdakı nəticədən sonra öz çəki dərəcəniz üzrə dünya reytinqdə liderliyi ələ keçirdiniz...

- Ötən il də öz çəkimdə lider idim. Amma o vaxt 50 kiloqramda çıxış edirdim. Bu il də qarşıma 55 kiloqramda ilk sırada qərarlaşmağı məqsəd qoymuşdum. Xoşbəxtəm ki, hədəfimə çatdım. Artıq ikinci dəfədir dünya reytinqinin ilk pilləsində yer alıram. Bu, mənim üçün fəxrdir.

- Dünya çempionatı ərzində keçirdiyiniz beş görüşün hər birində ipponla qalib gəldiniz. Rəqibləriniz zəif idi, yoxsa siz çox güclü?

- Dünya çempionatına iştirak hüququ qazanan heç bir idmançı zəif olmur. Sadəcə, məşqçilərimiz bizi çox yaxşı hazırlamışdılar. Bizə motivasiya verdilər. Yüksək nəticə əldə edəcəyimizə inandıqlarını söylədilər. Əslində, turnirdən bir neçə gün öncə yığmamızın məqşçisi Emin İskəndərovun doğum günü olacaqdı. Mən ona bütün döyüşləri ipponla qalib gələcəyimlə bağlı söz verdim. Qazanacağım qızıl mükafatı ona həsr edəcəyimi dedim. Tək mən yox, yarışda yer tutan bütün idmançılarımız qələbəni Emin müəllimə həsr etdilər.

- Bütün qələbələrinizi “ne-vaza” (parterdə güləş) vəziyyətində qazanmısınız. Göstərdiyiniz yüksək performans Beynəlxalq Cüdo Federasiyasının (IJF) da diqqətindən yayınmayıb və qurumun rəsmi sosial şəbəkə səhifəsində “ne-vaza-baijan” başlıqlı paylaşım edilib. Bu paylaşımı görəndə ilk reaksiyanız necə oldu?

- Əlbəttə ki, bu, mənim üçün böyük uğurdur. Paylaşımı görəndə sevindim. Son məşqlərimdə ən çox ne-vazaya üstünlük verirdim. Çalışırdım ki, bu fəndləri yoxlayım. Şükür ki, yarış zamanı bildiyim bütün fəndləri icra etdim və hamısını ipponla başa vurdum. IJF-nin göstərdiyi diqqət məni çox qürurlandırdı.

- Son olaraq, növbəti hədəfləriniz nələrdir?

- “Los Anceles-2028” Yay Olimpiya Oyunlarında iştirak etmək istəyirəm. Hazırda ən böyük məqsədim və arzum budur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
azertag.az

1Mənbələr