AZ

Antiterror tədbirləri Ermənistanın ikinci dəfə kapitulyasiya aktı imzalaması ilə nəticələndi

Vaxtilə Rusiya kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə qarşı erməni silahlılarının fasiləsiz olaraq atəşkəsi pozması, ərazilərimizdə kütləvi mina basdırması və ölkəmizin ərazisindən uçan təyyarələrə qarşı radiomaneələrin yaradılması ölkəmizi erməni silahlılarına qarşı sərt tədbirlər görməyə vadar edirdi.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

"Üçtərəfli birgə bəyanatın şərtlərinə zidd olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələrinin mövcudluğunu davam etdirməsi Azərbaycan üçün qəbuledilməz idi. Ötən ilin sentyabr ayında baş tutan antiterror tədbirləri cəmi bir gündən də az bir müddətdə düşmənin doxsandan çox döyüş mövqeyinin darmadağın edilməsi və çox sayda strateji əhəmiyyət daşıyan ərazilərin Azərbaycanın nəzarətinə keçməsi və Ermənistan tərəfinin ikinci dəfə kapitulyasiya aktı imzalaması ilə nəticələndi.

Ermənistan tərəfi 10 min nəfərdən çox silahlı birləşmənin şəxsi heyətinə malik olmasına baxmayaraq, çox qısa bir müddətdə əllərində olan silahları təhvil verərək, Azərbaycan ərazilərini tərk etdilər. Bununla da Azərbaycan müstəqilliyi dövründə ilk dəfə suverenliyini tam bərpa etdi. Erməni separatçı rejimin rəhbərləri olan cinayətkarlar Azərbaycan tərəfindən həbs edildilər. Antiterror tədbirləri nəticəsində ərazilərimizdə separatçı rejimin ləğv edilməsi prosesi başa çatdı".

Siyasi şərhçi Tural İsmayılov isə bildirib ki, Prezident İlham Əliyevin qətiyyəti və siyasi liderliyi dünya tarixinə yeni yön verdi.

"Elm və kommunikasiyanın, imperializm və müstəmləkəçiliyin artdığı hazırkı dünya nizamında işğalı sonlandırmaq, separatçılığı və terroru bitirmək, ərazi bütövlüyünü bərpa etmək əsrlər sonra da xatırlanacaq misilsiz hadisələrdəndir. Dünya dəyişdikcə və inkişaf etdikcə siyasi mərkəzlər ədalətsizliyi, bərabərsizliyi trendə çevirməyə çalışır, üstəlik, qlobal pandemiyanın iqtisadi, siyasi və psixoloji təsirləri geosiyasi manevr imkanlarını daraldır, siyasi mübarizəni, hərbi gücü çətinləşdirir.

Bu mürəkkəb və həssas dövrdə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması uzun illər davam edən Qarabağ manipulyasiyasına vurulan zərbə oldu. Prezident ötən il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında və ətraf ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla 20-ci əsr boyunca davam edən qəsbkarlıq, təcavüz və işğalçılıq zehniyyətini məhv etdi".

Siyasi şərhçi bildirib ki, Azərbaycan öz suverenliyini tam olaraq bərpa edib.

"Hazırda ölkəmizin qarşısında duran ən önəmli hədəflərdən biri işğaldan azad olunmuş ərazilərdə məskunlaşmanı həyata keçirmək, şəhərdə infrastruktur layihələrini ən yüksək səviyyədə başa çatdırmaqdır. Xankəndidə dövlətin qarşısında duran vəzifələrin başında isə Azərbaycanın yuridiksiyasının bərpası prosesində əməli addımların atılmasından ibarətdir.

Rəsmi Bakı Xankəndiyə qayıdacaq sakinlərin həyat şəraitinin daha yaxşı olması üçün bir çox layihələr həyata keçirib və bundan sonra da keçirəcək. Artıq bu məsələ ilə bağlı dövlətimizin başçısı tərəfindən tapşırıqlar verilib, həmin əraziyə komendant da təyin olunub".

Tural İsmayılov xatırladıb ki, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinə səfəri zamanı qayıdış prosesi və onun detalları ilə bağlı bir sıra mesajlar verdi.

O vurğulayıb ki, Xankəndi Qarabağda xüsusi şəhər tipli bölgə hesab edilir. Orada Azərbaycan Bayrağının dalğalanması və dövlət atributlarının qaldırılması böyük siyasi-mənəvi əhəmiyyət daşıyır.

"Ötən əsrin əvvəllərindən başlayaraq Xankəndi ətrafında siyasi oyunlar qurulurdu. Tarixin müxtəlif dövrlərində, təəssüf ki, bu proseslər Azərbaycanın əleyhinə çevrildi. Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti sayəsində tarix boyunca davam edən anti-Azərbaycan siyasi maskaradının sonu çatdı.

Dövlətçilik tariximizin ən güclü dövrü məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmiz heç zaman bugünkü qədər güclü olmayıb. Azərbaycan Prezidenti şəraiti və siyasi münasibətlər sistemini dəqiq müəyyənləşdirən siyasi zəka sahibidir. Onun "nəyi, nə zaman və necə etməyi bilirəm" tezisi də bu baxımdan siyasi ustalığın real göstəricisidir", - deyə o vurğulayıb.

 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
3
7news.az

4Mənbələr