AZ

Muxtar respublikanın bölgələrində seçici fəallığı müşahidə olunur

Bu gün səhər 8:00-dan Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında Milli Məclisə, ümumilikdə, 6 dairə üzrə seçkilər keçirilir.

Olaylar xəbər verir ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə, ümumilikdə, 65 məntəqə fəaliyyət göstərir. Onlardan 60-ı daimi, 5-i isə yeni yaradılmış məntəqələrdir.

Həmin məntəqələrin 29-u Babək rayonunda, 29-u Şahbuz rayonunda, 7-si isə Kəngərli rayonunda yerləşir. Seçki məntəqələrinin hamısına tam təmirli və müasir tipli binalarda yer ayrılıb. Seçkilərin şəffaf şəkildə keçirilməsi üçün isə hər cür şərait yaradılıb.

Seçki dairəsinin sədri Taməddin Hüseynovun verdiyi məlumata görə, dairə üzrə 47 min 576 seçici qeydə alınıb. Onlardan 24 min 613-ü Babək, 16 min 259-u Şahbuz, 6 min 704-ü isə Kəngərli rayonundan olan seçicilərdir. Qeydə alınmış seçicilərdən 701-i ilk dəfə səs verən vətəndaşlardır ki, onların da 371-i Babək rayonunun, 221-i Şahbuz rayonunun, 109-u isə Kəngərli rayonunun payına düşür. Ən yaşlı seçici 1928-ci il təvəllüdlü (96 yaşlı) Kiçikoba kənd sakini Ayna Muxtar qızı Qasımovadır.

Seçicilərdən 2 nəfər - 9 saylı məntəqədə qeydiyyatda olan Sadıqov Məhəmməd Elnur oğlunun və 39 saylı məntəqədə qeydiyyata alınan Zeynalov Abbas Şəmsi oğlunun doğum günləri də bu günə təsadüf edib.

1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə 12 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə seçicilərin sayı 13 min 248 nəfərdir ki, bunlardan da 185-i ilk dəfə səsvermə hüququndan istifadə edir.

2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə, ümumilikdə, 58 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrin 43-ü Şərur rayonundadır. Dairələr üzrə seçkilərə yüksək hazırlıq işləri görülüb, məntəqələrdə veb-kameraların quraşdırılması seçkilərin gedişatını internet vasitəsilə izləmək imkanı yaradıb.

6 saylı Ordubad-Culfa seçki dairəsi üzrə 65 seçki məntəqəsi fəaliyyət göstərir. Bu dairənin əhatə etdiyi ərazilər üzrə 47 min 46 seçici qeydə alınıb ki, onların 512-si ilk dəfə olaraq seçkidə iştirak edir. Ordubad rayonu üzrə 42 məntəqədə seçicilər öz namizədlərinə səs verirlər. Burada seçici sayı 30 min 170, ilk dəfə səs verənlərin sayı isə 313 nəfərdir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
3
olaylar.az

10Mənbələr