AZ

Ev tikdirən vətəndaşın nəzərinə: inşaat şirkəti ilə bağlı bunlara diqqət edin!

Bu gün ölkəmizdə bəzi vətəndaşlar fərdi evlərinin inşaatını tikinti şirkətlərinə həvalə edirlər. Həmin şirkətlər vətəndaşa məxsus torpaq sahəsində sifarişə uyğun fərdi yaşayış evini tikib təhvil verirlər.

Bəzən vətəndaşlar tikinti şirkətinin fəaliyyətindən narazılıq edir, onları aldatdıqlarını bildirirlər.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az mövzuya ekspertlərin münasibətini öyrənib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisi üçün əvvəlcə torpağın çıxarışı alınmalıdır:

“Bundan sonra layihə çəkilməli və bu layihə tikinti normativlərinə uyğun aparılmalıdır. Sonrakı mərhələdə torpaq sahibi tikintini özü apara, yaxud hansısa şirkətə müraciət edə bilər. Fərdi yaşayış evləri tikən bəzi özəl şirkətlərin vətəndaşı aldatması halları ilə çox rastlaşırıq. Vətəndaş ev tikdirmək üçün pul ödəyir, amma işlər yarımçıq qalır, yaxud müqavilədə qeyd olunan materillarından istifadə olunmur”.

Müsahibimiz deyib ki, vətəndaşlar bağlanan müqaviləyə xüsusi diqqət yetirməlidir:

“Burada ən önəmli məsələ bağlanmış müqavilənin bəndləridir. Müqavilələr birtərəfli qaydada bağlanmır. Bu bəndlər yalnız tikinti şirkətinin deyil, həmçinin vətəndaşın istəyinə uyğun müəyyən edilməlidir. Bəzən vətəndaşlar tikinti şirkətlərinə ümumi məbləğin hamısını ödəyirlər, bu da yanlışdır. Məbləğ bir neçə mərhələdə ödənilməlidir. Tikinti hansı prosesdədirsə, həmin mərhələ üçün lazım olan məbləğ ödənilməlidir. Belə olduqda vətəndaş ödədiyi pulun qarşılığında hansı işlərin yerinə yetirildiyini görür. Eyni zamanda bu halda hansısa dələduzluq halı baş verdikdə vətəndaşın itkisi daha az olar. Bütün bunların hamısı müqavilədə qeyd olunmalı, bütün bəndlərdə bildirilməli, tikinti şirkəti öhdəlik götürməli və öhdəlikdə göstərilən materiallardan istifadə etməlidir”.

E.Fərzəliyevin sözlərinə görə, bünövrə tökülən, beton verilən zaman bütün proseslərin videoqeydə alınması daha yaxşı olar:

“Bu şəkildə vətəndaş proseslərin necə aparıldığını görə bilər. Belə olduğu halda sifarişçi ilə şirkət arasında problem olarsa, hər iki tərəfin əlində sübutlar olar. Əks halda, tikinti qiymətlərində dəyişmə olarsa, məhkəmə belə vətəndaşa kömək edə bilmir. Çünki bu artıq mülki məsələdir, tikinti şirkəti öhdəlik götürür. Bu öhdəlik tikinti  prosesi olduğu üçün uzana da bilər. Bu zaman vətəndaşın pulunun batması, işinin yubanması halları qaçılmaz ola bilir. O baxımdan bu kimi hallarda vətəndaş özünü sığortalamalıdır. Bu da onun tikinti şirkəti ilə bağlayacağı müqavilədən asılıdır.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə qeyd edib ki, vətəndaş öz xüsusi mülkiyyətində olan torpaq sahəsində ev tikməzdən əvvəl lisenziyalı bir şirkətdə eskiz layihəsini çəkdirməlidir:

“Sonrakı prosesdə Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq icazə alınmalıdır. Həmin eskiz layihə əsasında tikinti şirkəti ilə müqavilə bağlanan zaman bütün müddəalar müqavilədə qeyd olunmalıdır. Tikintinin nə vaxt başa çatacağı və digər parametrlər mütləq şəkildə burada yer almalıdır. Eyni zamanda hansı materiallardan istifadə ediləcəyinə qədər burada bildirilməlidir”.

Onun sözlərinə görə, bağlanan müqavilədə fors-major hallarla bağlı müddəalar yer almalıdır:

“Hansı hallarda tərəflərin öhdəlikləri nə olacaq, həmçinin ödəmələr hansı qaydada keçiriləcək, kimi sualların cavabları burada öz əksini tapmalıdır. Yeri gəlmişkən, yaxşı olar ki, ödənişlər nəğd deyil, köçürmə yolu ilə edilsin. Yəqin ki, tikinti şirkətinin bank hesabı mövcuddur. Ödənişləri bu hesaba etmək daha mqəsədəuyğundur. Bu şəkildə sabah problem yarandıqda vətəndaş ödənişi vaxtında etdiyini sübut edə bilər. Digər halda bu çətinlik yarada bilər”.

“Fərdi yaşayış evlərinin tikintisi zamanı belə problemlər çox olur. Vətəndaş ödənişi etdiyini deyir, şirkət isə əksini iddia edir. Bu məsələni tam sübuta yetirə bilmək üçün yaxşı olar ki, ödənişlər bank hesablarına edilsin. Yaxşı olar ki, tikinti işləri görülməzdən əvvəl müqavilə imzalansın və şərtlərinə diqqət edilsin”- Ramil Qasımzadə deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
38
bakivaxti.az

10Mənbələr