AZ

Kəlbəcərə həsr olunan sənədli film - Bal kimi süfrə

Kəlbəcərə

Bakı, 31 avqust, AZƏRTAC

Avqustun 31-də Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunda Əməkdar jurnalist Firuzə Nadirin müəllifliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanmış “Bal kimi süfrə” sənədli filminin təqdimatı olub.

Film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi tərəfindən işgaldan azad edilmiş rayonlarımızdan biri olan Kəlbəcərə həsr edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Firuzə Nadir bildirib ki, “Bal kimi süfrə” sənədli filmi Kəlbəcərdə, təbiətin qoynunda çəkilib. Filmdə tanınmış arıçı Sabir Mustafayev Kəlbəcərdə arıçılığın yenidən dirçəlməsindən, iqtisadiyyata, turizmin inkişafına töhfəsindən danışır. O, Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı onların arıçılıq təsərrüfatına da baş çəkməsini, arıçılarla səmimi söhbətini də xatırlayır. Doğma yurda qayıdışın sevincini yaşayan digər sakinlər də Kəlbəcərin dünəni, bu günü ilə bağlı maraqlı faktları, sabahla bağlı arzularını bölüşürlər.

Sonra qonaqlar "Bal kimi süfrə" sənədli filmini izləyiblər.

Film nümayişindən sonra çıxış edən Nazirlər Kabinetinin əməkdaşı Qurban Sadıqov Kəlbəcərə həsr olunan film barədə öz təəssüratlarını qonaqlarla bölüşüb. Bildirib ki, Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin çox zəngin təbii qaynaqları var. Bu filmdə də, həmçinin doğma torpağımızın əsrarəngiz gözəlliyi, zəngin təbiəti nümayiş olunub.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımız düşmən tapdağından azad edilib. Hazırda həmin doğma torpaqlarımızda yenidənqurma işləri sürətlə davam edir, şəhərlərimiz, kəndlərimiz dirçəlir. Kəlbəcər də öz gözəl təbiətinə geri qayıdır", - deyə Q.Sadıqov diqqətə çatdırıb.

“Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihə rəhbəri Kənan Qılıncxanovun sözlərinə görə, geniş tamaşaçı auditoriyasına hesablanan film gənc nəslin maddi-mədəni irsimizi, mili dəyərlərimizi tanıması, qoruması və yaşatması baxımından çox əhəmiyyətlidir. O, belə bir aktual mövzulu layihəni dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.

Tədbirdə digər çıxış edənlər Kəlbəcər sakini, şair və alim Ələmdar Cabbarlı, Əməkdar jurnalist Yunis Orucov və QHT rəhbərləri filmin mədəniyyətimizin, milli dəyərlərimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi 2004-cü ildə yaradılıb. İctimai Birliyin əsas məqsədi xalqımızın zəngin milli mətbəxini, süfrə mədəniyyətini, qonaqpərvərliyini, qonağa hörmət adətini, ənənələrini, milli bayramlarını, milli dəyərlərini diqqətlə araşdırmaq, tədqiq etmək, qorumaq, yaşatmaq və təbliğ etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
azertag.az

2Mənbələr