AZ

Ekoloji mədəniyyətsizlik: Biri zibili atmır, biri də atmaq üçün qab tapmır

Daha bir yay turizm mövsümü başa çatır. Mövsümün yekunlarına nəzər yetirərkən ənənəvi problemlərdən biri kimi məişət tullantıları ilə bağlı vəziyyət diqqət çəkir. Müşahidələr göstərir ki, əksər turizm rayonlarında insanların kütləvi istirahət etdikləri yerlərdə zibil qabları yoxdur. İnsanlar piknikdən sonra tullantıları elə orada da qoyaraq gedirlər. Zibillərini aparanlar isə onları atmaq üçün konteyner tapa bilmirlər. Nəticədə turizm bölgələrində xoşagəlməz mənzərə yaranır. Artıq işğaldan azad edilmiş rayonlarda da eyni mənzərənin şahidi oluruq.

Bəs görəsən, mövcud problemin həlli yolları nədən ibarətdir? Bu məsələdə dövlət qurumları, yoxsa vətəndaşlar məsuliyyət daşıyırlar?

“Ekoloji mədəniyyətimiz lazımi səviyyədə deyil”

“Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, dosent Elman Yusifov deyib ki, insanlar arasında ekoloji mədəniyyət yüksəldikcə, ətraf mühiti çirkləndirənlərin sayı əhəmiyyətli dərəcədə azalacaq: “Bu gün bizim ekoloji mədəniyyətimiz lazımi səviyyədə deyil.
Ekoloji maariflənmə birbaşa ekoloji tərbiyə ilə bağlıdır. Bu tərbiyə isə ailədə formalaşır. Ekoloji tərbiyə ümumi tərbiyənin tərkib hissəsidir. Ona görə də hər şey ailədən başlamalıdır. Sonra bu istiqamətdə bilgilər uşaq bağçalarında, məktəblərdə öyrədilməlidir. Yekun nəticədə insanın ekoloji əxlaqı formalaşır. Nə zaman ki, biz təbiəti də evimiz kimi qəbul edəcəyik, hər şey o zaman düzələcək. Bunun üçün biz az səbr, bir az da sistemli işləmək lazımdır”.

Ekoloji polisin yaradılması təklif edilir

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova hesab edir ki, bu istiqamətdə cərimələrin artırılmasına ehtiyac var: “Zibil qutuları olmaya bilər. Amma bəzən müşahidə edirik ki, hətta zibil konteyneri olan ərazilərdə də ətrafa məişət tullantıları atılır. Bizdə ictimai qınaq da zəifdir. Bəzən irad tutduğun insan sənə elə cavab verir ki, dəhşətə gəlirsən. Problemin həlli ancaq cərimələrin miqdarını artırılmaqla mümkün ola bilər. Artıq ekoloji polisin fəaliyyətə başlamasının zamanı yetişib”.

Başqalarının üzərinə atılan məsuliyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə bu fikirdədir ki, bəzən insanlar öz məsuliyyətini başqalarının üzərinə atmağa çalışırlar: “Bu məsələdə hər kəs vətəndaşlıq borcunu ortaya qoymalıdır. Ola bilsin ki, dövlət qurumu sənin istirahət etdiyin yerə zibil konteyneri yerləşdirməyib. Bu o demək deyil ki, zibili ətrafa tullamaq lazımdır. Həmin zibili bir torbaya yığıb ən yaxın konteynerə atmaq olar. Sadəcə, bunu etmək istəmirlər. Tullantıları istirahət etdikləri yerdə qoyub gedirlər. Sonra da deyirlər ki, bu dövlətin məsuliyyətindədir və aidiyyəti qurumlar gəlib yığışdırsınlar. Biz vətəndaş olaraq da öz məsuliyyətimizi dərk etməliyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3
publika.az

2Mənbələr