AZ

“Kupça”sız evlər necə satılır?

“Çıxarışı (“kupça”) olmayan bir əmlakın rəsmi qaydada alqı-satqısı mümkün deyil. Ona görə də vətəndaşlar öz aralarında bildikləri formada alqı-satqı həyata keçirməyə çalışırlar”.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Cümhuriyət”-ə müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Elnur bəy, nə üçün hələ də çıxarışı olmayan mənzillər satıla bilir?

- Ölkədə 2 formada çıxarışlı mənzillər olur: yeni tikili binalarda müqavilə yolu ilə satılan mənzillər və fərdi həyət evləri. Ümumiyyətlə, çıxarışı olmayan bir əmlakın rəsmi qaydada alqı-satqısı mümkün deyil.

Ona görə də vətəndaşlar öz aralarında bildikləri formada alqı-satqını həyata keçirməyə çalışırlar.

- Bu proses necə olur ki?

- Adətən belə evləri etibarnamə ilə satırlar. Həmçinin, vətəndaş yaşadığı mənzildə qeydiyyatdadırsa, alıcını da evə qeydiyyata salaraq və kommunal xidmətləri onun adına keçirərək satışı həyata keçirməyə çalışırlar. Bununla da alqı-satqını bitmiş hesab edirlər. Təbii ki, qanunvericilikdə bu formada alqı-satqı metodu mövcud deyil. Üstəlik, bu, tamamilə qeyri-qanunidir. Lakin vətəndaşlar mənzillərinin çıxarışı olmadığı üçün evlərini bu şəkildə satırlar.

- Axı həmin satışların heç bir qanuni əsası yoxdur...

- Bəli, elədir. Lakin artıq uzun onilliklərdir ki, ölkədə çıxarışsız əmlakların alqı-satqıları bu formada aparılır. Bu isə artıq alıcı qıtlığına gətirib çıxarır. Əgər sözügedən əmlakların çıxarışı olsaydı, ölkədə demək olar ki, evsiz insan qalmazdı.

Əslində ucuz evlərin çıxarışı olsa, vətəndaşlar hansısa formada həmin evləri kreditlə əldə edərək mənzil sahibi ola bilərlər. Çünki həmin evləri kreditlə alanda aylıq ödənişi də ucuz olacaqdı. Təəssüf ki, hələ də çıxarışsız mənzillər satılır. Ona görə ki, vətəndaş hansısa formada mənzil almağa məcburdur. Çıxarışlı evlərin satışı isə 30-40 ildir ki, bu formada aparılır. Hərçənd ki, onun heç bir hüquqi əsası yoxdur.

- Bəs hazırda kirayə bazarında vəziyyət necədir?

- Kirayə bazarında vəziyyət hələ ki, acınacaqlıdır. Üstəlik, evlərin həm satış, həm də kirayə qiymətlərində artım müşahidə olunur. Ümumiyyətlə, mənzillərin satış qiymətlərində artımın olması kirayəyə də təsir göstərir. Ötən ilə nisbətən kirayə bazarında 10-15, hətta köhnə binalarda 20 faizə qədər qiymət artımı var. Kirayə mənzil bazarında qiymət artımı daha çox köhnə binalardır. Çünki yeni tikili binaların kirayə qiymətləri onsuz da bahadır.

Bundan başqa, gələn ay universitetlərin açılması da kirayə bazarında qiymətləri artırır. Tələbələr üçün ən böyük problem ev tapmalarıdır.

Belə ki, 2016-cı ildən etibarən paytaxt ərazisində köhnə tikili binaların və fərdi həyət evlərinin sökülməsi həmin mənzillərin də kirayə bazarından çıxmasına səbəb olub.

- Həmçinin, hələ də eyni mənzilin bir neçə nəfərə satıldığına rast gələ bilirik. Bu proses necə baş verir?

- 30 ilə yaxın müddətdir ki, yeni tikili binalardakı mənzillər satılır.

Vətəndaş mənzil alarkən ona şirkət tərəfindən alqı-satqı müqaviləsi və maliyyə arayışı verilir. Amma həmin binalardakı mənzillərin satışı barədə heç bir dövlət reyestri aparılmır. Ona görə də bəzi tikinti şirkətləri bir mənzili 2-3 nəfərə satıblar. Əvvəllər bu hallar daha çox idi, indi isə demək olar ki, yox dərəcəsindədir.

Vətəndaş tikilməkdə olan hansısa mənzilin kimə məxsus olduğunu bilə bilməz. Çünki heç bir quruma bununla bağlı sorğu göndərib cavab ala bilməz. Bunun səbəbi isə mənzil satışı barədə bütün bazanın sadəcə həmin şirkətdə olmasıdır.

- Belə satışların qarşısını necə almaq olar?

- Bunun qarşısının alınmasının yeganə yolu həmin binalardakı bütün mənzillərin reyestrini aparmaqdır. Üstəlik, bu, tikinti şirkəti tərəfindən deyil, hansısa dövlət qurumu tərəfindən aparılmalıdır. Yeni tikili binalardakı mənzilin alqı-satqısını notarial qaydada apara bilər.

Amma notarius sadəcə tikinti şirkətinin imzasını və möhürünü təsdiq edir. Notarial qaydada satılan evi də daha sonra başqasına satmaq olur. Çünki həmin alqı-satqı sənədi bazaya yerləşdirilmir. Notarius sadəcə həmin alqı-satqını təsdiqləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
16
hurriyyet.az

10Mənbələr