AZ

Azərbaycanda idman hüququ: islahatlar, perspektivlər, gözləntilər

İdman hüququ müasir hüquq sistemlərinin ayrılmaz bir hissəsi olaraq Azərbaycanda da son illərdə ciddi şəkildə inkişaf etdirilir. Bu sahə idmançıların hüquqlarının qorunması, idman fəaliyyəti ilə bağlı müqavilələrin tənzimlənməsi, dopinq, yarışların təşkilati məsələləri və digər müvafiq məsələləri əhatə edir.

Azərbaycanda idman hüququ ilə bağlı hansı addımlar atılır?

Bu mövzuda Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədlinin sözlərinə görə, Azərbaycanda idman hüququnun tənzimlənməsi bir sıra qanun və normativ aktlar vasitəsilə həyata keçirilir. Ölkəmizdə idman hüququ son illərdə ciddi şəkildə inkişaf etdirilib:

"İdman hüququnun əsas qanunvericilik bazası “İdman haqqında” və "Bədən tərbiyəsi və idman haqqında" qanunlar vasitəsilə formalaşdırılıb. 1998-ci ildə qəbul edilən "İdman haqqında" qanun, ölkədə idmanın inkişafı üçün hüquqi əsasları müəyyən edir və idman federasiyalarının yaradılması, onların fəaliyyətlərinin tənzimlənməsi, idmançıların hüquqlarının qorunması kimi məsələləri əhatə edir. 2009-cu ildə qəbul edilən "Bədən tərbiyəsi və idman haqqında" qanun isə idman sahəsinin təşkilati prinsiplərini və hüquqi çərçivəsini tənzimləyir. Azərbaycanda idman federasiyaları idmanın müxtəlif növləri üzrə fəaliyyət göstərən qurumlar kimi, "İdman Federasiyaları haqqında Əsasnamə" və "İctimai birliklər və fondlar haqqında" qanunlarla tənzimlənir. Federasiyaların yaradılması, onların hüquqi statusu, üzvlük qaydaları və idarəetmə prinsipləri bu qanunlarla müəyyən edilir".

O diqqətə çatdırıb ki, hüququn bu sahəsinin əsas məqsədi idmançıların hüquqlarının qorunmasıdır:

"Bu sahədə qanunvericilik, idmançıların sağlamlıqlarının qorunması, peşə hazırlıqlarının artırılması və zədələnmə hallarında tibbi yardımın təmin edilməsi kimi sosial müdafiə tədbirlərini əhatə edir. İdmançılarla işəgötürənlər arasında bağlanan müqavilələr isə əmək hüququ, kommersiya hüququ və digər əlaqəli sahələrə uyğun olaraq tənzimlənir".

Hal-hazırda dopinqlə mübarizənin Azərbaycanda ciddi tənzimlənən sahələrdən biri olduğunu vurğulayan A.Məmmədli bu sahədə həyata keçirilən islahatlardan da söz açıb:

"2016-cı ildə yaradılmış Milli Dopinq Əleyhinə Agentlik (AMADA) dopinqlə mübarizə sahəsində əsas təşkilatdır və idmançıların dopinqə qarşı təlimatlandırılması, dopinq testlərinin aparılması və cəzaların tətbiqi ilə məşğul olur. Azərbaycan dopinqlə mübarizədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bir sıra beynəlxalq sazişlərə qoşulub".

Müsahibimiz idman yarışlarının keçirilməsinin hüquqi tənzimlənməsindən də bəhs edib:

"İdman yarışlarının təşkili və onların keçirilməsi də idman hüququnun əhatə etdiyi sahələrdəndir. Yarışların keçirilməsi qaydaları, idman federasiyalarının və müvafiq dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində tənzimlənir və beynəlxalq standartlara uyğun olaraq aparılır. Azərbaycanda keçirilən beynəlxalq idman yarışları isə beynəlxalq təşkilatların tələblərinə uyğun olaraq təşkil edilir və bu proseslər hüquqi tənzimlənmə ilə həyata keçirilir. İdman yarışlarının təhlükəsizliyinin təmin edilməsi, tamaşaçıların və idmançıların hüquqlarının qorunması qanunvericilikdə mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə, idman tədbirlərinin təhlükəsizlik qaydaları, yarışlarda iştirak edən şəxslərin hüquq və vəzifələri, eləcə də yarışların ədalətliliyini təmin etmək üçün müəyyən mexanizmlər nəzərdə tutulub".

Beynəlxalq tələblər və standartlara uyğunlaşma ilə bağlı fikirlərini bölüşən hüquqşünas qeyd edib ki, bu nüansa uyğunlaşma Azərbaycanın idman qanunvericiliyinin qlobal idman normativləri ilə harmonizasiya edilməsini, idmançılarımızın beynəlxalq arenada uğurla çıxış etməsi üçün zəruri hüquqi şəraitin yaradılmasını təmin edir:

"Azərbaycan idman federasiyaları, milli idman təşkilatları beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq edir. Bu qurumlar arasında Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA), Beynəlxalq Basketbol Federasiyası (FIBA) və digərləri yer alır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan idman hüququ beynəlxalq normativlərə uyğunlaşdırılır və milli idmançılar beynəlxalq səviyyədə yarışlara hazırlıq görür. Azərbaycan, beynəlxalq standartlara uyğun idman infrastrukturu və təşkilati qaydalarına malik olaraq, beynəlxalq yarışların keçirilməsində fəal iştirak edir. Ölkə, bir çox böyük beynəlxalq tədbirlərə, o cümlədən 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına və hər il Formula 1 Azərbaycan Qran-prisinə ev sahibliyi edir. Bu tədbirlərin təşkili zamanı beynəlxalq idman təşkilatlarının tələb və qaydalarına tam uyğunlaşma təmin olunur".

Ayxan Məmmədli: İdman hüququmuzun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində addımlar atılır

Bu sahədə aparılan islahatlardan danışan Ayxan Məmmədli deyib ki, hazırda milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı tədbirlər görülür:

"Azərbaycanın idman qanunvericiliyi mütəmadi olaraq yenilənir və beynəlxalq hüquqi aktlara uyğunlaşdırılır. Bu, idman hüququ sahəsində qəbul edilən qanun və normativ aktların beynəlxalq idman təşkilatlarının qaydalarına və konvensiyalarına uyğun olaraq təkmilləşdirilməsi məqsədini daşıyır. Bununla Azərbaycan idmançıları beynəlxalq səviyyədə rəqabətə davamlı olmaq üçün hüquqi baxımdan tam təmin edilir. İdman sahəsində çalışan hüquqşünaslar, hakimlər, məşqçilər və digər mütəxəssislər üçün beynəlxalq idman hüququ üzrə təlim və maarifləndirmə tədbirləri təşkil olunur. Bu tədbirlər onların beynəlxalq standart və qaydalar haqqında məlumatlılığını artırmaq, peşəkar biliklərini genişləndirmək və beynəlxalq yarışların təşkilində hüquqi məsələləri düzgün həll etmələri üçün vacibdir".

Əli Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
35
bakivaxti.az

10Mənbələr