AZ

Rusiyanın bu tələbinin arxasında nə var?- Zəngəzur dəhlizi açılmalıdır...

Image

Cənubi Qafqazda kommunikasiyaların, o cümlədən də Zəngəzur dəhlizinin açılması, belə görünür ki, Rusiyanın xüsusi maraq dairəsində yer almaqdadır. Bunu Rusiya rəsmilərinin açıqlamaları da təsdiq edir. Məsələ Rusiya prezidenti Vladimir Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevə telefon zəngində də diqqət mərkəzində yer alıb.  

Telefon söhbəti əsnasında Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, bu məsələyə Putin Azərbaycana dövlət səfəri zamanı da toxunmuşdu. Elə həmin vaxt  Rusiya xarici işlər naziri Sergey Lavrov baş nazir Nikol Paşinyanı Zəngəzurdan keçən dəhlizin açılması ilə bağlı razılığı sabotaj etməkdə ittiham etmişdi: “Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”. Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha geniş rakursda toxunub. Şimal-Cənub dəhlizinin bir hissəsi kimi Zəngəzur marşrutunun reallaşması ilə bağlı sualı cavablandırarkən Mariya Zaxarova bildirib: “Əgər Şimal-Cənub nəqliyyat dəhlizindən danışırıqsa, o zaman əsas iş Azərbaycan və İranla təmasda aparılır. Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur. Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı çərçivəsində həyata keçirilir”. Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur: “Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik”.

Beləliklə, Rusiya Zəngəzur dəhlizinin açılmasını Ermənistandan tələb edir. Erməni siyasi ekspert Vigen Akopyan bunlar fonunda maraqlı etiraf edərək bildirir ki, Rusiyanın Ermənistan ərazisindən keçən dəhliz məsələsini aktuallaşdırması Bakının bu məsələnin müvəqqəti olaraq gündəmdən düşdüyü barədə bəyanatını diplomatik uğur kimi təqdim edən İrəvandakı hakimiyyətin təbliğat maşınına zərbə oldu: "İrəvan 10 noyabr tarixli üçtərəfli bəyanatı Paşinyanın “Dünyanın kəsişməsi” təklifi ilə müqayisə etməyə çalışır. Əslində isə bu təklifə heç kim məhəl qoymur. Azərbaycan sülh müqaviləsi imzalamaq niyyətində deyil, çünki onsuz da öz problemlərini həll edir, ona görə də sənədin hazırlanması prosesi hər cür ləngiyir. Rusiyanın əsas məqsədi isə, statusundan asılı olmayaraq, bu marşruta nəzarəti ələ keçirməkdir ki, bu nəzarət onun geosiyasi rəqiblərinin əlində olmasın. Azərbaycan və Türkiyənin maksimalist məqsədi bu dəhlizin açılmasıdır. Bu məsələ uzunmüddətli perspektivdə gündəmdə qalacaq və məqsədlərinə çatmağa çalışacaqlar. 10 noyabr 2020-ci il tarixli bəyanata görə, bu, Rusiyanın müdaxiləsi səbəbindən uğursuz oldu. İran Ankara və Bakıya öz ərazisində alternativ təklif edərək dəhliz məntiqinə qarşı olduğunu bildirir. Tehran da Rusiyanın yola nəzarət etməsinə qarşı ola bilər, lakin bu, İran üçün Qərbin nəzarətindən daha yaxşıdır. Bu mənada 10 noyabr bəyanatının 9-cu bəndi də İran üçün faydalı ola bilər". Akopyan qeyd edib ki, Ermənistan hakimiyyəti Qərb qarşısında xal toplamağa və Rusiyaya cavab verib, ona qarşı fəaliyyət göstərə biləcəklərini nümayiş etdirməyə çalışır. Onun sözlərinə görə, Rusiya artıq Paşinyanla maraqlanmır: "Bu yaxınlara qədər belə deyildi, çünki Paşinyanın yeritdiyi siyasət Moskvanın Ermənistanın strateji müttəfiqi kimi öhdəliklərini yerinə yetirməməsini, eləcə də Rusiya Federasiyasının Bakı və Ankara ilə yaxınlaşmasını qanuniləşdirdi. Ermənistan indi Moskvanı yalnız Zəngəzurdan keçən dəhlizə nəzarət məsələsində maraqlandırır ki, heç olmasa, bu dəhliz Qərbin nəzarətinə keçməsin". Bunlar fonunda Ermənistanın “Qraparak” nəşri yazır ki, yaxın günlərdə Zəngəzur vilayətində gərgin siyasi proseslərin baş verəcəyi gözlənilir. Nəşrin Zəngəzur vilayətindəki mənbələri qeyd ediblər ki, Ermənistan hakimiyyəti Zəngəzuru bir vaxtlar üsyankar olan icma liderlərindən təmizləməkdə qərarlıdır:
“Təkcə Gorus icmasının lideri Aruş Aruşanyanı deyil, Qacaran icmasının lideri Manvel Paramazyanı, Qafan icmasının lideri Gevorq Parsyanı da vəzifədən azad etmək üçün müxtəlif tədbirlər görülür. Əgər “sülh” əldə olunmasa, onların bəziləri Paşinyana xas üslubda dəmir barmaqlıqlar arxasına düşə bilər. Müxtəlif ictimai dairələrdə bir vaxtlar Zəngəzurun qiyamçılarının Paşinyanın “dinini” qəbul etdiyi təəssüratları yaransa da, onların hakimiyyətə sədaqəti daha çox vilayət rəisi Robert Qukasyan amili ilə bağlıdır”. Qeyd edilir ki, bunlar həm də Zəngəzur dəhlizinin açılması üçün hazırlıq hesab oluna bilər.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
baki-xeber.com

10Mənbələr