AZ

“İğdır-Naxçıvan-Qars” dəmiryolu xətti Azərbaycana nə qazandıracaq? - ŞƏRH

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin son görüşündə “İğdır-Naxçıvan-Qars” dəmiryolu xəttinin çəkilməsinin yaxın zamanda başa çatacağı bəyan edilib.

Yeni dəmiryolu xəttinin istifadəyə verilməsi nələr vəd edir?

Gundem.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bilirib ki, Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir:

“Bu dəmiryolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Sözügedən dəmiryolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıracaq. Nəticədə, beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcmi əhəmiyyətli dərəcədə çoxalacaq”. 

Vüqar Bayramovun fikrincə, yeni xətt həmçinin Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradacaq. Belə ki, Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılsın.

İqtisadçı qeyd edib ki, qarşıda duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpasıdır:

“Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisində olan hissəsinin tikinti-quraşdırma işlərinin artıq 80 faizdən çoxunu yekunlaşdırıb, amma təəssüf ki, Ermənistan tərəfindən hələlik ciddi addımlar atılmayıb”. 

O, sonda vurğulayıb ki, Qafqazdakı son düzən və eləcə də nəqliyyatın inkişafı ilə bağlı Azərbaycanla Türkiyə arasındakı anlaşmalar yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə veriləcəyini göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
14
gundem.az

10Mənbələr