AZ

Pavel Durova ittiham verildi, Fransadan çıxması qadağan edildi - DETALLAR

Telegram platformasının başçısı Pavel Durova bu messencerdə ekstremist və qanunsuz kontentin qarşısını almamaqla bağlı ittihamlar irəli sürülüb, məhkəmə nəzarətinə verilib. Bu barədə Paris prokurorluğu avqustun 28-də məlumat yayıb.

Durov həftədə iki dəfə polisə məlumat verməlidir, onun Fransadan çıxması qadağan edilib. Parisdə təhqiqatçılar Telegram-ın rəhbərinin 5 milyon avro girovpulu qoyması qərarını çıxarıblar.

Rusiya doğumlu, Telegram-ın qurucusu və baş icraçı direktoru P.Durov avqustun 24-də Paris yaxınlığındakı Le-Burje aeroportunda saxlanılıb. Fransa mediası bunun ölkənin Daxili İşlər Nazirliyinin azyaşlılara qarşı cinayətləri araşdıran bölümünün xahişi ilə həyata keçirildiyini yazıb.

İlkin ittihamlar nə deməkdir

Durova qarşı iddialara görə, onun platformasından uşaqlara qarşı cinsi istismar, narkotik alveri üçün istifadə olunur. Telegram-ın qanunvericiliyə uyğun olaraq təhqiqatçılarla informasiya, yaxud sənədləri paylaşmaqdan imtina etdiyi vurğulanır.

Ona qarşı “onlayn platformada mütəşəkkil qrup tərəfindən qanunsuz tranzaksiyalara icazə verilməsində əlbirlik” ilə bağlı ilkin ittiham 10 ilədək həbs, 500 min avro cərimə nəzərdə tutur, – prokurorluğun məlumatında deyilir.

Fransa qanunlarına uyğun ilkin ittihamlar o deməkdir ki, hakimlərin cinayətin törədilməsinə inanmağa güclü səbəbi var, amma əlavə araşdırmağa vaxt verirlər.

Telegram-ın bəyanatı

Telegram isə avqustun 25-də bəyanat yayaraq bildirib ki, Durovun gizlədiləsi heç nəyi yoxdur, sosial media platformasında pozuntuya görə onun sahibini məsuliyyətə cəlb etmək absurddur.

Durovun Rusiya və Fransa vətəndaşlıqlarından savayı, BƏƏ, Sent Kits və Nevis vətəndaşlıqları da var.

BƏƏ Xarici İşlər Nazirliyi işi yaxından izlədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov avqustun 27-də Moskvada deyib ki, Durova qarşı iddialar çox ciddidir, “elə o dərəcədə də ciddi dəlil tələb edir”.

Fransa prezident Emmanuel Makron avqustun 26-da deyib ki, Durovun həbsi müstəqil təhqiqatın tərkib hissəsidir. O, ölkəsinin ifadə azadlığına dərin sədaqətini vurğulayıb, ancaq həm sosial media, həm də real həyatda azadlıqların qanuni çərçivədə təmin olunduğunu, vətəndaşların qorunduğunu bildirib.

Dezinformasiya yaymaq aləti

Telegram-a qarşı Rusiya dövləti ilə əlaqəli olmaq ittihamı var. Ukraynada tənqidçilər onun dezinformasiya yaydığını, qanunsuz hərəkətləri asanlaşdırdığını deyirlər.

900 milyondan çox izləyicisi olan, Dubayda yerləşən Telegram-ın istifadəçiləri, əsasən, Rusiya, Ukrayna və keçmiş sovet respublikalarındadır. Dünyada WhatsApp və Messenger-dən sonra üçüncü ən böyük kommunikasiya platforması sayılır.

Amma Telegram həm də dezinformasiya yayılmasında güclü alətə çevrilib. 2023-cü ildə açıqlanmış müstəqil jurnalist hesabatında deyilirdi ki, Telegram Mərkəzi və Şərqi Avropada dezinformasiya yayan üçüncü platformadır.

2022-ci ildə Almaniya hökuməti Telegram operatorlarının ölkə qanunvericiliyinə əməl etmədiyini deyərək 5.1 milyon avro (5 milyon dollar) cərimə kəsib./”Azadlıq” radiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
22
yenigundem.az

10Mənbələr