AZ

Əliyev-Putin görüşünün pərdəarxası: Tərəflər hansı məsələlərdə razılaşıb?

Avqustun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.

Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Kremlin mətbuat xidməti isə xəbər verir ki, Vladimir Putin və İlham Əliyev telefonla Ermənistan-Azərbaycan müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, həmçinin nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə ediblər.

Dövlət başçılarının qeyd edilən telefon söhbəti Rusiya prezidentinin avqustun 18-19-da Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların icrası üzrə müzakirə mərhələsi hesab edilə bilər. 

Yəni tərəflər bölgədə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və bu prosesin yekunu olaraq, sülh müqaviləsinin mətninin hazırlanması istiqamətində konkret razılaşmalar əldə edib. 

Putin Moskvaya qayıtdıqdan bu məsələlər barədə Ermənistanın Baş naziri Nikol Paşinyana məlumat verib. Avqustun 26-da isə Ankaraya səfər edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla sözügedən mövzularla bağlı müzakirələr aparıb. 

Göründüyü kimi, Azərbaycan, Rusiya və Türkiyə arasında, yəni üçtərəfli formatda qapalı danışıqlar gedir. Bu görüşlərdə tərəfləri birbaşa maraqlandıran məsələ ilk növbədə, kommunikasiyaların açılması ilə bağlıdır. 

Hazırda Rusiya Ermənistanı bu prosesə cəlb etməklə dördtərəfi platforma yaratmağa çalışır. Əgər Nikol Paşinyan Moskvanın təşəbbüsünü qəbul edərsə, Kreml 2022-ci ildən Rusiyanın ev sahibliyi ilə keçirilən danışıqlardan imtina etmiş Ermənistanı yenidən masaya qaytara bilər. 

Putin buna Qərbi sülh prosesindən uzaqlaşdırmaq vasitəsi kimi baxır. 

Vladimir Putinlə Nikol Paşinyanın görüşmək barədə ümumi razılıq əldə etdiyinə dair məlumat yayılsa da, bu danışıqların yeri müəyyənləşməyib.

Çünki Paşinyan Rusiyaya səfər etməkdə maraqlı görünmür. Putin də öz növbəsində, həbs təhlükəsi ilə əlaqədar Ermənistana getmək istəmir. 

Rusiya Prezidenti və Ermənistanın Baş naziri yalnız üçüncü ölkənin ərazisində, daha çox hansısa tədbir çərçivəsində bir araya gələ bilər.

Əgər bu görüş baş tutarsa Vladimir Putinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı Paşinyana yeni təkliflər təqdim edəcəyi istisna olunmur. Hətta Rusiya regionda mövqelərini bərpa etmək üçün yumşaldıcı mövqedən çıxış edəcəyi və kommunikasiyaların açılması məsələsində yeni kompromis variant irəli sürəcəyi də mümkün hesab edilir. 

Hələlik müzakirələr Azərbaycan, Rusiya və Türkiyə arasında davam etdirlir. Yəqin ki, xarici işlər nazirlərinin Ankarada görüşündə də  Putinin Bakıya səfəri zamanı əldə olunmuş razılaşmalar və müzakirələrin son vəziyyəti barədə məlumatlar diqqət mərkəzində olub. 

Ermənistana da böyük ehtimalla, hər üç ölkə üçün məqbul hesab edilən variantlar təqdim olunacaq. Ancaq bu təkliflər Ermənistanın maraqlarının nəzərə alınması və dördtərəfli konsensusun əldə olunması üçün açıq saxlanıla bilər. 

Lakin Rusiyanın əsas iştirakçısı olduğu sülh planının Baş nazir Paşinyan tərəfindən qəbulu ABŞ-nin və Avropa İttifaqının sərt təpkisi ilə qaşılana bilər. 

Çünki Ukraynada Qərb və Rusiya arasında gedən geosiyasi qarşıdurma Cənubi Qafqaza transfer etməkdədir. Oktyabrın 26-da Gürcüstanda keçirləcək parlament seçkilərindən sonra bu toqquşmanın əhatə dairəsinin genişlənəcəyi gözlənilir.

Belə bir şəraitdə Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya və ABŞ arasında rəqabətin artması müşahidə olunur. Azərbaycan özünü regiondakı münaqişəli situasiyadan uzaq tutmaq üçün müvəqqəti olaraq Zəngəzur dəhlizi məsələsini Ermənistanla imzalanacaq çərçivə sazişinin mətnindən çıxarılmasına razılıq verib. 

Çünki Ermənistanla sülh sazişinin olmadığını və sərhədlərin müəyyənləşmədiyini nəzərə alsaq, Zəngəzurda baş verə biləcək istənilən geosiyasi münaqişə Azərbaycana da təsir göstərə bilər. Bu isə Azərbaycanın Zəngəzurda hərbi mövqelərini gücləndirən ABŞ-la qarşılaşması deməkdir. 

Ona görə də rəsmi Bakı Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında kommunikasiyaların açılması məsələsini növbəti mərhələdə müzakirə etmək qərarına gəlib. Ermənistan bu anlaşmauya Zəngəzur dəhlizi məsələni gündəlikdən çıxartmaq fürsəti kimi baxır. 

Ancaq Putinin Azərbaycana səfəri Zəngəzur dəhlizinin vacibliyini yenidən aktuallaşdırıb. Bu isə Azərbaycanın Zəngəzur dəhlizi təklifindən imtina etmədiyini göstərir. Rusiya Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yollarının təhlükəsizliyini təmin etməklə “Orta dəhliz”in bu ərazidən keçən hissəsinə nəzarəti əldə saxlamaq istəyir.

Son vaxtlar Zəngəzura silah və hərbi kontingent yerləşdirən ABŞ-nin də pərdəarxası niyyəti Zəngəzur dəhlizi üzərində üstünlüyü təmin etmək, Rusiyanı regiondan uzaqlaşdırmaqdır. 

Ona görə də Qərb Rusiya ilə dialoqu pozmaq üçün Paşinyana təzyiq göstərə bilər. Asiya bazarlarına çıxış əldə etməyə çalışan Rusiyanın isə getdikcə Ermənistanda möhkəmlənən ABŞ-ı və Avropa İttifaqını təkbaşına neytrallaşdırmaq imkanları azalır.

Bu baxımdan, Rusiya rəhbərliyinin Azərbaycan və Türkiyə ilə birlikdə atdığı son addımlar Kremlin geosiyasi dalandan çıxmaq istəyi ilə bağlıdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
35
cebheinfo.az

10Mənbələr