AZ

2 azyaşlını anasız qoyan həkimin məsuliyyətə cəlb edilməsi tələb olundu

“2 dəfə baş prokuror Kamran Əliyevin qəbulunda olmuşam – bir dəfə Beyləqanda, bir dəfə də Tərtərdə. Respublika Prokurorluğunda idarə rəisi Fazil Həsənəliyevin, Gəncənin prokuroru Azad Qarayevin qəbulunda olmuşam. Mən hələ orta savadlı adamam, o ekspertiza rəylərini oxuyanda görünür ki, bacım həkim səhvinə görə dünyasını dəyişib. Həkimi qoruyurlar. Hər yerdə adamı var”.
Bu sözləri Musavat.com-a Emin Əliyev deyib.
Onun sözlərinə görə, bacısı, 33 yaşlı Sevda Abışovanın ölümündə həkim səhlənkarlığının olmasını təsdiq edən ekspert rəyləri var. Buna baxmayaraq, Gəncə Prokurorluğu cinayət işinə xitam verib.
Tərtər sakini Sevda Abışova ilyarım öncə Gəncə Beynəlxalq Xəstəxanasında diz əməliyyatı keçirib və ertəsi gün həyatını itirib. Ailə üzvləri deyir ki, 5 və 8 yaşlarında 2 azyaşlının anasız qalmasının səbəbi həkim səhlənkarlığı olub.
Emin Əliyev bildirib ki, bacısının ölümünə həkim səhlənkarlığının səbəb olduğunu sübut edən ekspertiza rəyləri olsa da, Gəncə Şəhər Prokurorluğu həmin rəyləri sübut kimi qəbul etməkdən imtina edir.
Hərçənd, o rəylərin özü də prokurorluğun özünün təyin etdiyi ekspertizalar nəticəsində verilib:
“Həkimi açıq-aşkar şəkildə cəzalandırmaq istəmirlər, məsuliyyətdən kənarda saxlayırlar. Mən də bilirəm ki, hətta cəzalansa belə, bacım geri qayıtmayacaq. Amma istəyirəm ki, heç olmasa, belə səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində başqalarının bacısı ölməsin, başqa uşaqlar anasız qalmasın”.
Sevda Abışovaya ötən ilin martında “hər iki dizin menisk yırtığı” diaqnozu qoyulub və martın 4-də “dizin oraqvari qığırdağının kəsiklə çıxarılması” əməliyyatı keçirilib.
Emin Əliyev deyib ki, bacısını əməliyyat edən həkim İltifat Hüseynov prosesin uğurlu keçdiyini bildirib.
Onları arxayın salıb ki, Sevdanın vəziyyəti yaxşıdır, evə gedə bilərlər, ertəsi gün də gəlib xəstəxanadan çıxararlar:
“Səhər tezdən saat 8 radələrində zəng elədilər ki, “vəziyyəti ağırdır, xəstəxanaya gəlin”. Gəldim, reanimasiyada dedilər ki, artıq keçinib. Tələb etdim ki, hüquq-mühafizə orqanlarına məlumat verilsin. Diz əməliyyatı nədir ki, ondan adam ölsün? Özüm də “102”yə zəng etdim”. Əməliyyatın ertəsi gün səhər saat 7 radələrində tibb bacısı Sevda Abışovanı gəzdirəndə o, özünü pis hiss etdiyini deyib. Vəziyyəti pisləşdiyinə görə reanimasiya şöbəsinə yerləşdirilsə də, təxminən 1 saat sonra orada vəfat edib.
Sevda Abışovanın ölüm faktı ilə əlaqədar Gəncə Şəhər Prokurorluğunda əvvəl Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Oktyabrın 18-də başlanan bu cinayət işi üzrə icraat 2 ay sonra dayandırılıb. Təxminən 1 ay sonra – 2024-cü ilin yanvarında icraat təzələnib və Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsinə tövsif olunub. Martın 31-də isə Gəncə Şəhər Prokurorluğu cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib. 1 il davam edən istintaq müddətində üç dəfə ekspertiza təyin edilib. Hər üçündə də ekspertlər rəy verib ki, keçirilmiş əməliyyatla ölüm arasında əlaqə var. Ölümün səbəbi ağciyər arteriyalarının tromboemboliyası olub. Buna da gətirib çıxaran amillər var – əməliyyatdan əvvəl və sonra tromboemboliyanın profilaktikasının tam aparılmaması, yetərli dozada qandurulducu vurulmaması, ayaqlara bandaj – elastik bint bağlanmaması, vəziyyəti pisləşəndən sonra aparılmış reanimasion tədbirlərin təlimat qaydalarına uyğun olmaması.
Ekspertlər vurğulayıb ki, buna məsul şəxslər müalicə həkimi, həkim-travmatoloq və həkim-anestezioloq-reanimatoloqdur.
Amma Gəncə Şəhər Prokurorluğunun müstəntiqi Həsən Həsənli ekspert rəylərini sübut kimi qəbul etməyib. Müstəntiq iddia edir ki, ekspertiza rəyləri başqa sübutlarla təsdiqini tapmır.
İstintaqda zərərçəkmişin hüquqi varisi kimi tanınan Emin Əliyev bildirib ki, cinayət işinə xitam verilməsi barədə ona vaxtında məlumat verilməyib. Onu əmin ediblər ki, istintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək. Günün birində isə xəbər tutub ki, martın 31-də cinayət işinə xitam verilib.
Emin Əliyev prokurorluğun xitam qərarının ləğvi üçün məhkəməyə üz tutub. Gəncə Şəhər Məhkəməsi onun şikayətinə baxıb, xitam qərarını verən müstəntiqi də dindirib. Müstəntiq qərarını məhkəmədə də müdafiə edib. İyulun 16-da hakim Elxan Əlizadə prokurorluğun qərarını ləğv edib və bu işi yenidən araşdırmaq üçün prokurorluğa qaytarıb.
“Məhkəmə xitam qərarını ləğv edib, işi prokurorluğa qaytarsa da, yeni araşdırma barədə bizdə heç bir məlumat yoxdur. Ehtiyat edirəm ki, əvvəlki kimi yenə də ədalətsiz yanaşarlar, işi düzgün araşdırmazlar ”, – Emin Əliyev deyib.
Həkim İltifat Hüseynov Sevda Abışovanın ölümündə özünü günahkar saymır. O bildirib ki, əməliyyat fəsadsız keçib. Əməliyyatdan sonra ayılanda göstəricilərin hamısı normal olub, palataya köçürülüb, yaxınları ilə telefonla danışıb:
“Səhər saat 7-də ayağa qalxıb, yeriyib. Bir müddət sonra tibb bacılarına özünü pis hiss etdiyini deyib. Onu yerinə uzadıblar, reanimatoloqa xəbər veriblər. Mən əməliyyat zamanı hansısa səhvə yol verməmişəm”.
Reanimatoloq Nail Rəcəbov da bu hadisədə məsuliyyətin müalicə həkiminin üzərində olduğunu deyir.
Onun sözlərinə görə, səhər saat 07.30 radələrində təcili stasionar şöbəyə çağırılıb, bir gün əvvəl dizindən əməliyyat olunan pasiyentin vəziyyətinin pisləşdiyi bildirilib. Sevda Abışovada təngnəfəslik, boğulma yaranıb, üzündə göyərmələr əmələ gəlib:
“Təcili reanimasiya şöbəsinə gətirildi, süni tənəffüs aparatına qoşduq. Stasionar şöbəyə gəlib ona baxanda ayaqlarında elastik bint yox idi. Həmin vaxt artıq tromb ağciyərə vurduğuna və vəziyyəti ağırlaşdığına görə bundan sonra elastik corab kömək edə bilməzdi. Əməliyyatı həyata keçirən həkim özü dərhal sonra bunu etməli idi. Əməliyyatdan sonra xəstə hərəkətsiz qaldığına görə aşağı ətraflarda trombun əmələ gəlməsinin qarşısını almaq üçün elastik corab geyindirilməli idi”.
Tibb bacısı Mələk Quliyeva isə iddia edir ki, Sevda Abışovanın ayaqlarına elastik bint bağlanmışdı. Amma zərərçəkmiş tərəf buna inanmır. Onlar hesab edir ki, tibb bacısı həkimi qorumaq üçün belə ifadə verir.
Emin Əliyev baş prokuror Kamran Əliyevə müraciət edərək bacısının ölüm işini şəxsi nəzarətinə götürərək ədalətlə araşdırılmasının təmin edilməsini xahiş edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
9
arantv.az

10Mənbələr