AZ

Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb

Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan və Özbəkistan: Qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivləri" mövzusunda hibrid konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Baxtiyor Mustafayev ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu və inkişaf perspektivlərinin yüksək olduğunu qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Özbəkistana səfəri iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yeni mərhələnin başlamasından xəbər verir.

"Qısa müddət ərzində dövlətlərarası münasibətlər yüksək səviyyəyə qaldırılıb, iqtisadi əlaqələr uğurla inkişaf edir".

Alternativ energetika sahəsində potensialın yüksək olduğunu deyən B.Mustafayev "Azərbaycan-Mərkəzi Asiya-Avropa" yaşıl enerji dəhlizinin yaradılması üzrə fəal iş aparıldığını diqqətə çatdırıb.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb.

"Son 30 il ərzində Azərbaycan və Özbəkistan arasında çox sıx münasibətlər formalaşıb. Əlaqələrimiz çox yüksək, strateji səviyyədədir".

F.Şəfiyev iqtisadi sahədə münasibətlərin inkişafının zəruriliyinə toxunub. Onun sözlərinə görə, iki ölkə arasında özəl sektorlar sahəsində qarşılıqlı əlaqənin asanlaşdırılması, gömrük və digər bürokratik maneələrin aradan qaldırılması vacibdir. BMTM-in İdarə Heyətinin sədri, həmçinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin, ekspert dairələri arasında təmasların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

İkitərəfli sənaye əməkdaşlığının inkişafının vacibliyinə toxunan Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov qeyd edib ki, Azərbaycan Özbəkistan üçün Avropaya, Özbəkistan isə Azərbaycan üçün Asiyaya körpü kimi çıxış edir.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini qeyd edib.

Daha sonra konfrans "Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın inkişafında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı vacib faktor kimi", "Azərbaycan və Özbəkistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri" (sənaye əməkdaşlığı, yaşıl energetika, rəqəmsallaşma), "Yeni geosiyasi şəraitdə Azərbaycan-Özbəkistan nəqliyyat-logistika qarşılıqlı fəaliyyətinin inkişafı" mövzularında panel müzakirələri ilə davam edib.

Hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin çıxışları dinlənilib. Konfransın nəticəsi olaraq Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
16
oxu.az

10Mənbələr