AZ

Fariz İsmayılzadə: “Bölgənin həyatını, problemlərini bilirəm”


“Lənkəranda daha çox infrastruktur – yol, kanalizasiya, zibil tullantıların atılması, bəzi dağ kəndlərində körpülərin, eləcə də sel nəticəsində müəyyən yolların dağılması, torpaq sürüşmələri, elektrik, su, nəqliyyat kimi problemlər mövcuddur”. Bu sözləri Cenublu.az-a müsahibəsi zamanı ADA universitetinin prorektoru, deputatlığa namizəd Fariz İsmayılov deyib.

Fariz İsmayılzadə 1978-ci ildə Lənkəranda anadan olub. 1996–2000-ci ildə Qərb universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib.

2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə təhsilini davam etdirib. Ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsil alaraq 2021-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2006-cı ildə “ADA” Universitetinin prorektoru təyin edilib.

O, 77 saylı Lənkəran şəhər seçki dairəsindən Milli Məclisin VII çağırış deputatlarının seçilməsi üçün keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.

XALQ.AZ Fariz İsmayılzadənin Cenublu.az-a verdiyi müsahibəni təqdim edirik:

-İlk olaraq istəyərdik bilək ki, hansı səbəbdən deputatlığa namizədliyinizi irəli sürdünüz?

– Öz doğma şəhərimə, doğma rayonuma fayda vermək üçün deputat olmaq qərarına gəldim.

– Bilirik ki, bir neçə ölkədə təhsil almısınız və “ADA” universitetində də prorektor vəzifəsini icra edirsiniz. Millət vəkili olsanız bu işlərinizə mane olmayacaq? Ümumiyyətlə prorektorluqdan imtina edəcəksinizmi?

– Bəli, mən 18 ildir ki, prorektor vəzifəsində çalışıram. Hesab edirəm ki, bu çox gözəl bazadır və gələcəkdə də “ADA” universitetinin həm orta, həm də ali təhsil səviyyəsində müəyyən proqramlarını Lənkərana cəlb edə bilərəm. Bundan başqa xarici partnyorlarla da müəyyən əməkdaşlığı Lənkərana təşviq edə bilərəm. Bu istiqamətdə hesab etmirəm ki, mane olacaq, əksinə mən böyük baza və resurs kimi “ADA” universitetini bu işlərə cəlb edə bilərəm.

– Niyə məhz cənub bölgəsindən namizədliyinizi irəli sürdünüz?

– Mən özüm əslən Lənkəranlıyam. Orta məktəbi orada bitirmişəm. 17 il orada yaşamışam. Atam, anam, babam, ulu babam hamsı Lənkəranlıdırlar. Babam Oruc İsmayılov poliklinikada otorinolaringoloq (burun-boğaz) həkimi, anam isə terapeft olub. Atam orada Meliorasiya sistemində mühəndis kimi çalışıb su kanalları çəkib və Lənkəranı qarış-qarış gəzib. Biz əslən Lənkəranlıyıq, ona görə bu torpaq mənim üçün çox doğma torpaqdır.

– Uzun müddətdir Bakıda yaşayırsınız və namizədliyinizi irəli sürdüyünüz regionun problemləri ilə nə dərəcədə məlumatlısınız?

– Əslində mən Lənkərana tez-tez gəlirəm. Həm qohumlarım həm məktəb yoldaşlarım orada yaşayır. Həm də mən “ADA”-nın və xarici tələbələri, nümayəndə heyyətlərini tez-tez Lənkərana gətirirəm. Demək olar ki, bölgənin həyatını, problemlərini bilirəm. Eyni zamanda da bu kampaniya zamanı mən Lənkərana səkkiz dəfə səfər eləmişəm. Bütün kəndlərdə olmuşam, seçicilərlə görüşürəm, qayğılarını dinləyirəm və yazıram. Özüm üçün bir plan düzəldirəm. Demək olar ki, bölgənin bütün detallarını bilirəm.

– Sizcə regionda yaşayan vətəndaşlar ən çox hansı problemlərlə üzləşir? Rastlaşdığınız problemlərin bir neçəsini sadalaya bilərsiniz?

– Demək olar ki, mənim platformama uyğun problemləri araşdırmışam – əsasən gənclər üçün iş və təhsil imkanları. Bunlar mənim üçün doğma mövzulardır. Lənkəranda daha çox infrastruktur – yol, kanalizasiya, zibil tullantıların atılması, bəzi dağ kəndlərində körpülərin, eləcə də sel nəticəsində müəyyən yolların dağılması, torpaq suruşmələri, elektrik, su, nəqliyyat kimi problemlər mövcuddur.

– Seçicilərinizə nə demək istərdiniz və nələri vəd edirsiniz?

– Görüşlərimdə də, mətbuatda ;əxışlarımda da qeyd etmişəm ki, mən əsasən problemləri Bakıda müvafiq instansiyalar qarşısında qaldıracağam. Parlamentdə regionumuza aid olan problemləri səsləndirəcəm, onların həlli üçün müəyyən resurslar cəlb edəcəm, o cümlədən təhsil proqramlarının təşkili üçün, keyfiyyətli təhsilin təminatı üçün, iş yerlərin açılması üçün müəyyən böyük şirkətlərin istehsalatlarını cəlb edəcəm. Bundan başqa infrastruktur problemlərinin həlli üçün də çalışacağam.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
1
xalq.az

2Mənbələr