AZ

Çinin neft idxalı 12 faizə yaxın azalıb

Çin keçən ay daxili tələbatın davam edən azalması fonunda demək olar ki, bütün əsas tərəfdaş ölkələrdən neft alışını azaldıb.

Musavat.com Çin Baş Gömrük İdarəsinin məlumatlarına əsasən xəbər verir ki, iyulda Çinə neft idxalı sutkada 9,97 milyon barelə qədər azalıb. Bu, Pekinin sutkada 9,79 milyon barel idxal etdiyi 2022-ci ilin sentyabrından bəri minimum göstəricidir. 2024-cü ilin iyun ayı ilə müqayisədə bu göstərici 11,8 faiz, 2023-cü ilin iyul ayı ilə müqayisədə 3,1 faiz azalıb.

İyulda ən böyük ixracatçı olan Rusiyadan tədarüklər iyun ayı ilə müqayisədə 14,1 faiz azalaraq orta hesabla gündə 1,76 milyon barel təşkil edib.
Ümumilikdə, son bir ayda Rusiya Çinə iyunda 8,43 milyon tona qarşı 7,46 milyon ton neft tədarük edib. Pekinin iyulda Rusiya nefti üçün xərcləri əvvəlki aydakı 4,38 milyard dollara nisbətdə 4,46 milyard dollar təşkil edib.

İyulda Rusiya neftinin Çinə orta gündəlik ixracı bir ay əvvəlki 281 min tonla müqayisədə 241 min ton təşkil edib.

2023-cü ilin eyni ayı ilə müqayisədə Rusiya neftinin Çinə tədarük həcmində azalma 7,4 faizdir.

Ötən ay Səudiyyə Ərəbistanından Çinə neft ixracı iyun ayı ilə müqayisədə 9 faiz azalaraq sutkada 1,51 milyon barelə, İraqdan - 14,8 faiz azalaraq 1,09 milyon barelə, BƏƏ-dən - 7,7 faiz azalaraq 530 min barelə, Anqoladan - 30,2 faiz azalaraq 497 min barelə düşüb. Əsas neft tədarükçülərindən yalnız Malayziya Çinə neft satışını 1,4 faiz artıraraq sutkada 1,46 milyon barelə çatdırıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) analitikləri son hesabatlarında Çində neftə tələbatın ikinci rüb ərzində azaldığını qeyd edərək, bu tendensiyanın iyul ayında da davam edəcəyini proqnozlaşdırıblar. Ekspertlər dinamikanı tikinti və sənaye istehsalının azalması ilə izah edirlər.

Öz növbəsində, avqust ayında OPEC 2023-cü ilin yayından bəri ilk dəfə olaraq qlobal neft tələbinin artımı ilə bağlı təxminlərini yeniləyərək, onu sutkada 2,25 milyon bareldən 2,11 milyon barelə endirib. Əsas səbəblər arasında alyans analitikləri “Çində tələb artımı gözləntilərinin azalması” faktorunu qeyd ediblər.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
30
musavat.com

10Mənbələr