AZ

Şəkinin seçki məntəqələri səsverməyə hazırdır

Şəki, 20 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə fəaliyyət göstərən 114 və 115 saylı seçki dairələrinin məntəqə seçki komissiyalarında sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıq işləri başa çatıb. Bütün seçki məntəqələri səsvermə gününə hazır vəziyyətə gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri seçki məntəqələrinin hazırlıq vəziyyəti ilə tanış olmaq məqsədilə hər iki dairənin bir neçə seçki məntəqəsinə baş çəkib, seçki komissiyalarının fəaliyyəti ilə maraqlanıb.

114 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Kamran Rəsulovun verdiyi məlumata görə, bu dairə üzrə Milli Məclisə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparacaq. Onlardan üçü müxtəlif siyasi partiyaları təmsil edir, beş nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb.

Dairə seçki komissiyası sədrinin məlumatına görə, səsvermənin keçiriləcəyi 44 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif texniki vasitələr, dayanıqlı rabitə ilə təmin olunub. Səsverməyə 5 gün qalmış Şəki Penitensiar Xidmət Müəssisəsində daha bir seçki məntəqəsi yaradılacaq.

Qeyd edək ki, dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 53 min 371 nəfərdir. Onlardan 587 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 880 nəfərinin yaşı 80-100 arasındadır. Dairə üzrə ən yaşlı seçicilər isə Baş Göynük kəndində yerləşən seçki məntəqələrində səs verəcək 98 yaşlı Xatın Salamova və Telli Məmmədhəsənovadır.

Dairənin tərkibinə daxil olan 20 saylı seçki məntəqəsi uşaq bağçasının binasında yerləşir. Məntəqədə parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün burada veb-kameranın da quraşdırılması nəzərdə tutulur.

Məntəqə seçki komissiyasının sədri Samir Hacıyevin bildirdiyinə görə, dəqiqləşdirilmiş son seçici siyahılarına əsasən, məntəqə üzrə 1434 seçici qeydə alınıb. Onlardan 13 nəfəri sentyabrın 1-də ilk dəfə səs verəcək. Seçicilərin 12 nəfərinin yaşı 80-dən yuxarıdır. Məntəqə üzrə ən yaşlı seçici isə 92 yaşlı Məmmədova Tamara Həbillax qızıdır. O, səsvermədə şəxsən iştirak edəcək.

115 saylı Şəki kənd seçki dairəsinin seçki məntəqələrində də parlament seçkilərinə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılır. Dairə seçki komissiyasının sədri Rasim Əzizovun məlumatına görə, dairənin tərkibində olan 61 seçki məntəqəsində seçicilərin ümumi sayı 54 min 890 nəfərdir. Onlardan 492 nəfəri ilk dəfə səs verəcək. Seçicilərdən 870 nəfəri 80-100 yaş arasındadır. Ən yaşlı seçici isə Kiçik Dəhnə kəndindən 98 yaşlı Əli Rüstəmovdur.

Dairə üzrə yeganə mandat uğrunda 8 namizəd mübarizə aparır. Onlardan ikisi siyasi partiyaları təmsil edir. Altı nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. İndiyədək 871 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. ATƏT-in seçkiləri müşahidə missiyasının Rusiya və Almaniyadan olan uzunmüddətli müşahidəçiləri seçki dairəsində olub, hazırlıq işlərinin gedişi ilə maraqlanıblar.

Dairənin tərkibində olan 52 saylı seçki məntəqəsi şəhər 12 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqədə parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Günel Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqə üzrə 1495 seçici qeydə alınıb. Onlardan 17 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1938-ci il təvəllüdlü Əliəkbər Zəkəriyyəyevdir. Məntəqə üzrə səhhətində problemləri olan seçicilərin yaşadıqları yerdə daşınar seçki qutusu ilə səs vermələrinə imkan yaradılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
azertag.az

10Mənbələr