AZ

ABŞ-ın büdcə kəsiri və xarici borcu rekord həddə çatıb

ABŞ-ın büdcə kəsiri 2024-cü ilin ötən ayları ərzində kəskin artaraq rekord həddə - 6,6 trilyon dollara çatıb.  ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, bu tendensiya ölkənin büdcə-fiskal siyasətlə bağlı tarixində son əsrdə ən maksimum rəqəmdir. ABŞ-da maliyyə-büdcə tarazlığı sahəsində ən yaxşı göstəricilər Barak Obama dövründə baş verib və Obama büdcə kəsirini azaltmağa nail olan yeganə Amerika lideri olub. Ölkədə ən yüksək büdcə kəsirlərindən biri Donald Trampın dövründə baş versə də, kəsir əmsalı 5,6 trilyon dolları ötməmişdi. Hətta ağır koronavirus pandemiyası dövründə ölkənin büdcəsində mənfi balansının maksimum illik həcmi - 3,1 trilyon dollara yüksəlsə də, sonrakı 2 ildə yumşalmalar qeydə alınmışdı. 

Avqustun ilk ongünlüyündə ABŞ-ın büdcə kəsiri illik müqayisədə 10,4 faiz  artaraq 243,7 milyard dollara çatıb ki, kəsirin artması maliyyə balansı göstəricilərinə də mənfi təsir edib və xərc öhdəliklərini icra etmək və kəsiri maliyyələşdirmək üçün ABŞ dövlət borcunu artırmağa məcbur olub. Nəticədə ölkənin xarici borcu da rekord həddə yüksəlib və hazırda 35 trilyon dollardan yuxarıdır. Bütün bunlar ölkədə fiskal yığım mənbələrində də müəyyən qırılmalara gətitib çıxarıb, bunun da əsas səbəbi iqtisadi aktivliyin zəifləməsidir. Belə ki, ABŞ-da 2024-cü ilin ilk yarısında iqtisadi artım 2,8 faiz proqnozlaşdırılsa da, inkişaf indikatoru gözlənildiyindən 2 dəfə az olub və 1,4 faiz təşkil edib. Ölkənin maliyyə resurslarının məhdudluğu və borc yükünün artması sözsüz ki, investisiya layihələrinə də ciddi təsir göstərib, ölkədə investisiya bazarlarında da zəifləmə qeydə alınıb, investisiya alətlərində durğunluq baş verib və aktivlərə sərmayələr azalıb. Xüsusilə də mənzil sektoruna investisiyalar 1,5 faiz azalıb. 

Yeri gəlmişkən, hazırda Avrozona regionunda da yüksək inkişaf etmiş dövlətlərin böyük bir qismində həm büdcə kəsirinin, həm də xarici borcun artımı müşahidə edilməkdədir. Fransa, Almaniya, Niderland, Belçika və digər ölkələrdə büdcələrdə kəsir əmsalı 0,8-1,6 faiz yüksəlib, həmin ölkələrin cari maliyyə öhdəliklərinin icrasında yaranmış çətinliklər 

borcalnmaya səbəb olur. Bir neçə gün əvvəl Böyük Britaniyanın “Financial Times” nəşri qlobal iqtisadiyyatla bağlı açıqladığı sənəddə dünya səhm və maliyyə bazarlarında gərginliklərin artdığını və baş verənlərin fonunda yeni tənəzzül meyillərinin yaranacağını istisna etməyib. Ələlxüsus da, ABŞ-da qiymətli kağızların faiz dərəcələrində kəskin oynamalar, birjalarda səhmlərin ucuzlaşması maliyyə bazarlarında sarsıntılara yol aça bilər. 

Dünya səhm bazarlarında gözlənilən tənəzzülün əsas səbəblərindən biri iqtisadi amillərlə yanaşı, geosiyasi proseslərlə də əlaqədardır. Belə ki, ABŞ-da yaxın aylarda keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gərginliyin artması, Rusiya və Ukraynada müharibə, xarici mühitin yüksək həssaslığı, dünyada  geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi,  beynəlxalq  logistika zəncirlərinin pozulması və digər mənfi xarici şoklar qlobal investisiya bazarları üçün risklərin siyasi motivini təşkil edir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qlobal iqtisadi zəncirin pozulması, nəqliyyat-enerji-logistika təchizatlarındakı qırılmalar iqtisadi dayanıqlılığı ləngidir. Bundan başqa, Aİ zonasında alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək faiz dərəcələri fonunda kreditlərin azalması, eləcə də investisiya təşviqinin zəifləməsi səbəbindən Avrozonada iqtisadi artım gözləntiləri də azalır.

Hazırda ABŞ və Avropa Birliyi ölkələrinin büdcə kəsirlərinin artımı fonunda xarici borc yükü ÜDM-in 60-70 faizindən də çoxdur. Bu, dünya üzrə ən təhlükəli göstərici hesab edilə bilər. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, xarici borcun ÜDM-ə nisbəti 50 faizi aşması “qırmızı xətti” ötmək anlamına gəlir və maliyyə-büdcə dayanıqlığına ciddi zərbə vura bilər. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir. 

Qeyd edək ki, hazırda qlobal miqyasda xarici borc yükünə görə, Azərbaycan ən əlverişli ölkələr qrupunda yer alır. 2024-cü il 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu, xarici ödənişləri üzrə öhdəliklər də nəzərə alınmaqla 5,3 milyard dollar ekvivalentinə bərabər olub. Bu həcmdə borc portfeli ÜDM-in 10 faizindən də aşağıdır. Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələri sırasında yer alır. Ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 10 faizdən də aşağıdır. 

Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2024-cü ilin birinci rübündə 10,9 milyard dollar olmaqla ÜDM-in 50,6 faizini təşkil edir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,6 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43 faizdən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 540 dollardır.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
27
yeniazerbaycan.com

10Mənbələr