RU

"Keçid balının dəyişməsi abituriyentin ədalətli qiymətləndirilməsini poza bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi ali məktəblərə qəbul imtahanı buraxılış və blok fənlərinə bölünməklə 2 mərhələdə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, bu il buraxılış fənləri üzrə keçirilən imtahanda abituriyentlərə təqdim edilən suallar ötən ilə nisbətdə asan olub: "Bu faktı buraxılış imtahanın ötən ilki və bu ilki nəticələrinin müqayisəsində aydın şəkildə görmək mümkündür.

Bu ilki buraxılış imtahanında sualların cavablandırılması asan olduğunu nəzərə alıb, keçid ballarının yüksək olduğunu ehtimal etmək olar.

Bu ilki blok fənləri üzrə imtahanın asan və ya çətin olması keçid ballarına təsir edəcək. Blok imtahanında suallar buraxılış imtahanındakı suallar kimi əlçatan olarsa yüksək ehtimalla keçid balları artacaq.

Əgər blok fənləri üzrə təqdim olunan test sualları abituriyentlər üçün çətin olarsa bu zaman keçid balları ötən ilki analoji ballara yaxın olacaq. Hər bir ixtisas üzrə keçid ballarının yuxarı və ya aşağı düşməsi hər hansı bir ixtisasa uyğun tələb və təklifin nisbətindən də asılıdır. Yəni, hər hansı ixtisas üzrə boş yer çoxdursa və həmçinin həmin ixtisası seçən abituriyent azdırsa bu halda həmin ixtisas üzrə keçid balı aşağı düşür. Hər hansı ixtisas üzrə boş yer azdırsa və həmin ixtisası seçən abituriyent sayı çoxdursa bu halda keçid balının həmin ixtisas üzrə artacağını söyləmək olar.

Keçid balının yuxarı və ya aşağı olması abituriyentlərin ədalətli qiymətləndirilməsini poza bilməz.

Bu il ali məktəblərə imtahan verən bütün abituriyentlərə obyektiv, şəffaf və ədalətli keçən imtahanlarda öz öyrəndiklərini uğurlu formada əks etdirə bilməsini arzu edirəm".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
0
sia.az

1Источники