Dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib.
O bildirib ki, bu gün dünyada uzunömürlülük artır.
"Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alasınız”, - deyə deputat bildirib.
Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif edib.
Deputat Sabir Rüstəmxanlı bildirib ki, bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır: "Veteranlar bizə məktub yazır ki, dövlət bizim təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-ə salmaq olar. Qadınların təqaüdünə də baxmaq lazımıdır. Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir.Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.