• Şikayət et

Tarix-mədəniyyət abidələri özəlləşdirilə bilər? - AÇIQLAMA

Ölkəmizdə elə tarixi-mədəni abidələr var ki, vətəndaşlarının xüsusi mülkiyyətindədir. Həmin tarixi əhəmiyyətli abidələrdən müxtəlif insanlar ictimai-iaşə obyekti kimi istifadə edir. Bəs tarix-mədəniyyət abidələrinin şəxsi mülkiyyətə verilməsi hansı halda mümkündür?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, tarix və mədəniyyət abidələrinin qorunması haqqında AR-nın qanuna müvafiq olaraq abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər. Qeyd edim ki, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və qanunda nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisna olmaqla) yol verilmir. Mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər.

"Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair Mühafizə Müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Abidələrin üzərində aparılacaq işlərin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla təsdiq edilir.

Abidələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir.

Qeyd edilən şərtlər daxilində abidələrin xüsusi mülkiyyətə verilməsində heç bir qanun pozuntusu yoxdur.

Hətta qeyd edərdim ki, bəzi hallarda tarix-mədəniyyət abidələrinin xüsusi mülkiyyətə verildikdən sonra razılaşdırılan müvafiq xidmət və iaşə obyektləri qismində istifadəsi həmin abidələrin qorunması və mühafizəsi baxımından müsbət nəticə verir", - deyə N.Allahyarova bildirib.

Mənbə:
0
136
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar