• Şikayət et

“Soyuq müharibə”nin isti təzahürü

Berlin məsələsinin səbəblərini, inkişafını və həllini araşdıran Kemp, siyasi dramın dörd əsas personajının portretlərini təqdim etdi: Xruşşov, Kennedi, Ulbrixt və Adenauer. 1961-ci ildə bu şəxslərin hamısını Berlin - onların qorxu və məqsədlərinin əsas mərkəzi birləşdirdi. Dünyada müxtəlif proseslər gedib, quruluşlar dəyişib, pandemiyalar tüğyan edib, müharibələr baş verib. Bu müharibələr, aylar, illər boyu davam edib. Amma silah-sursatlı müharibələrdən fərqli olaraq, başqa müharibə də var. Yəni nasizm üzərində qələbədən sonra "soyuq müharibə” adlanan bir "döyüş” başladı. Bu müharibə nəinki hərbi-siyasi, həmçinin də sərt ideoloji bir mübarizə idi, sosialist düşərgəsi ilə Qərb bloku ölkələri arasında 1945-1990-cı illərdə qlobal səviyyədə geosiyasi, iqtisadi və ideoloji mübarizə idi. Buna bəzən "Üçüncü dünya müharibəsi" də deyirlər. Bu müharibə ədəbiyyatda da öz əksini tapıb. İstər Amerika, istər də SSRİ yazıçıları bu mövzuya əhatəli şəkildə müraciət ediblər.

Naməlum tarixçə
Dünyaca məşhur jurnalist Devid Hoffmanın "Ölü əl: "soyuq müharibənin” naməlum tarixçəsi və təhlükəli irsi” adlı kitabı sənədli trillerdir. Əsər 1970-80-ci illərin "soyuq müharibə”sinə həsr olunub. Müəllif nadir arxiv sənədlərinə və şahidlərin dediklərinə əsaslanaraq həmin "müharibə”nin "naməlum əsgərləri”ndən bəhs edir və SSRİ-nin dağılmasına baxmayaraq, qaliblərin və məğlubların niyə olmadığını izah edir. Bu, bir vaxtlar qüdrətli imperiyanın zənginləşdirilmiş uranı və ölümcül bakteriya ştammlarını satan və alıcıların – terrorçuların və avtoritar rejimlərin sonu olmayan bir supermarketə çevrilməsi haqqında hekayədir. David Hoffman Reyqan dövründə "Washington Post”un Ağ Evdəki xüsusi müxbiri və 1995-2001-ci illərdə qəzetin Moskva bürosunun rəhbəri olub. O, Amerikanın ən hörmətli xarici siyasət jurnalistlərindən biridir və "Oliqarxlar: Yeni Rusiyada sərvət və güc” kitabının müəllifidir.

Dünyəvi "soyuq müharibə”
Qərb dünyası baxışlarına görə, Rusiya Almaniyaya qarşı faktiki olaraq tək döyüşəndə, sivilizasiyanı nasist barbarlıqdan qoruyanda yaxşı idi, lakin yeni dünyanı təşkil edərkən kifayət qədər cəlbedici deyildi. Amerikalılar Şərqi Avropada "Sovet ekspansionizmi” dedikləri təhlükəni görürdülər. Lakin aydın idi ki, məhz müharibə ənənəvi Şərqi Avropa siyasi və iqtisadi strukturlarını birdəfəlik məhv etdi. Moskva ilə güclü qarşıdurma naminə Amerika 1940-cı illərin sonlarından başlayaraq ekstremal tədbirlərə əl atdı: Almaniyanı yenidən silahlandırdı, Şimali Atlantika Alyansı yaratdı və dünya iqtisadiyyatına nəzarəti həyata keçirməyə çalışdı. "Soyuq müharibə” 20-ci əsrin ən böyük faciəsi idi. Sovet-rus politoloqu, tarixçisi, beynəlxalq əlaqələr və yeni tarix üzrə mütəxəssis, professor Anatoli Utkinin "Dünyəvi "soyuq müharibə” kitabı məhz bundan bəhs edir. Əsərdə tarixi faktlar, sübutlara bir-bir nəzər yetirilir.

Rusiyaya qarşı "soyuq müharibə”
Tarix elmləri namizədi, DTK general-leytenantı Nikolay Sergeyeviç Leonovun "Rusiyaya qarşı soyuq müharibə” kitabı da bu mövzuda olan çox maraqlı əsərlərdən biridir. N.S.Leonovun bu kitabı Qərbin Rusiya sivilizasiyasına qarşı apardığı və davam etdirdiyi müharibənin bütün aspektlərini göstərir. Müəllif hesab edir ki, Qərb dövlətlərinin əsas məqsədi - Rusiyanın məhv edilməsi reallaşmayana qədər "soyuq müharibə” bitməyəcək; onun aparılmasının vasitələri və üsulları getdikcə təkmilləşir.

Dünyanın ən təhlükəli yeri

Xarici Siyasət Araşdırmaları üzrə Atlantika Şurasının prezidenti, siyasətçi-jurnalist Frederik Kemp "Berlin 1961. Kennedi, Xruşşov və dünyanın ən təhlükəli yeri” kitabını Mərkəzi Avropada "soyuq müharibə”nin ən gərgin anlarından birinə həsr edib. Müəllif Berlin böhranı iştirakçılarının ifadələrini dinlədi, Amerika, Almaniya və Sovet arxivlərindən çoxlu sayda material topladı, təhlil etdi və 1961-ci ilin avqustunda Berlin divarının ucaldılmasından əvvəlki hadisələri ən xırda detallarına qədər yenidən qurdu. Berlin məsələsinin səbəblərini, inkişafını və həllini araşdıran Kemp, siyasi dramın dörd əsas personajının canlı portretlərini təqdim etdi: Xruşşov, Kennedi, Ulbrixt və Adenauer. 1961-ci ildə bu şəxslərin hamısını Berlin – onların qorxu və məqsədlərinin əsas mərkəzi birləşdirdi.

Üçüncü dünya müharibəsi
50 il əvvəl ABŞ SSRİ və onun müttəfiqlərinə qarşı Üçüncü Dünya İnformasiya və Psixoloji Müharibəsini başlatdı. Vladimir Lisiçkin və Leonid Şelepinin "Üçüncü dünya (informasiya-psixoloji) müharibəsi” kitabında informasiya müharibəsinin ilkin şərtləri, gedişatı, nəticələri və üsulları sistemli şəkildə təqdim olunur. Gizli bir əlaqə ən müxtəlif hadisələr kimi görünür. SSRİ daxilində "beşinci kolon”un həlledici roluna, konkret fəaliyyətinə və "yenidənqurma” zamanı yekun informasiya zərbəsinin təşkilinə xüsusi diqqət yetirilir. ABŞ-ın dünya hökmranlığı uğrunda apardığı müasir informasiya müharibəsi və hadisələrin inkişaf perspektivləri də nəzərdən keçirilir. Belə qənaətə gəlinir ki, kütləvi informasiya vasitələrinin köməyi ilə insanların davranışlarına nəzarət imkanlarının açılması ilə bağlı bəşəriyyət üçün qlobal təhlükənin miqyasının real qiymətləndirilməsinə ehtiyac var.

Beləliklə...
"Soyuq müharibəni” özündə əks etdirən, canlandıran onlarla belə əsər var. Bu əsərlər kütləvi olmasa da, oxunur. Və belə deyək ki, məhdud dairələrdə onların özünün xüsusi oxucuları var. Bu cür ədəbiyyatı sevən, oxuyan, maraqlanan insanlara xoş mütaliə arzu edirəm.

Xanım Aydın

Mənbə:
0
1166
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar