• Şikayət et

Rus mediası Brüssel razılaşmasının üstünə yeriməyə başladı...

Rəşad Bayramov: “Rusiyanın media hücumları bu xəbərdarlıqları tərəflərin nəzərinə çatdırmağa hesablanıb”

22 mayda Brüsseldə AB Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan 3-cü görüş və əldə edilən nəticələr, görüşdən dərhal sonra hər iki tərəfin sərhədlərin delimitasiyası üzrə komissiya yaratması, nəqliyyat dəhlizlərinin açılacağı ilə bağlı rəsmi İrəvanın ən yüksək səviyyədə bəyanat verməsi müəyyən qüvvələrin prosesi pozmaq üçün hərəkətə keçməsinə səbəb olub.

Rusiya mediası Ermənistanın radikal müxalifət təmsilçilərinə və Paşinyana müxalif olan ekseprtlərə istinad edərək, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təşkil etdiyi görüşü və əldə edilən razılaşmaları aşağılamağa çalışır.

Rüsiya mediasının Brüssel razılaşmasının üstünə bu şəkildə yeriməsindən hansı nəticələri çıxarmaq olar?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüssel görüşündə həm sərhədlərin delimitasiyası, həm də yekun sülh razılaşmasının həlli istiqamətində çox ciddi razılaşmalar əldə olundu və hətta o görüşdən sonra Azərbaycan və Ermənistan arasında birbaşa təmas da yaradıldı: “ Moskva tərəfindən bu proseslər diqqətlə izlənilirdi. Yəni Rusiya görürdü ki, artıq sülh danışıqları prosesi onun yox, Qərbin patronajlığı altında həyata keçməkdədir. Bu, təbii olaraq regionda geosiyasi ambisiyaları olan bir ölkə üçün qəbuledilməz hesab olunur. Ona görə də Moskvanın son vaxtlar bir fəallaşdığını görməkdəyik. Həm də Moskva onu başa düşür ki, bu proses qarşısıalınmazdır.

Əgər regionda təsir imkanlarını qoruyub saxlamaq istəyirsə, Ermənistan və Azərbaycan arasında artıq əsası qoyulmuş sülh danışıqları mərhələsində effektiv bir oyunçuya çevrilməlidir. Yəni destruktiv yanaşmalara artıq yer yoxdur. Xüsusən son vaxtlar Ermənistanda baş verən hadisələr konteksindən yanaşsaq, biz nəticədə Ermənistanda baş verən hadisələrin heç bir perespektivinin olmadığını gördük. Yəni revanşistlər bütün ölkə boyu mitinqlər təşkil etdilər, etiraz aksiyaları həyata keçirdilər, amma bunun ümumi gedişata ciddi təsiri olmadı. Təbii, biz revanşistlərin, Ermənistandakı radikal müxalifət dairələrinin də Moskvadakı bəzi siyasi dairələr tərəfindən idarə olunduğunu bilirik. Amma həmin qüvvələri dəstəkləmək və yaxud da sülhü sabotaj etməyə yönəlmiş bəzi addımlar atmaq Rusiya tərəfinə heç nə qazandırmayacaq. Bunu Moskva çox gözəl bilir. Ona görə də artıq sülh danışıqları prosesində daha fəal rol oynamaq vaxtının gəlib çatdığını görməkdədir. Buna görə də media pressinqini artırır.

Azərbaycan onsuz da istəyinə nail olacaq. Azərbaycan dövləti qalib dövlətdir və danışıqlar masasında da şərtləri diqtə edən tərəfdir. Hansısa beynəlxalq siyasi dairənin və yaxud da ki, Ermənistandakı bəzi siyasi qüvvələrin destruktiv yanaşmalarına baxmayaraq, hadisələr Azərbaycanın istədiyi məcrada inkişaf etməkdədir. Ötən il yarım ərzində müxtəlif provokativ addımlar oldu, sülhü sabotaj edən bir çox cəhdlər oldu, amma diqqət yetirsəniz görərsiniz ki, hər şey Azərbaycanın istədiyi istiqamət üzrə inkişaf edib. Yəni epizodik hadisələr ümumi inkişaf dinamikasına böyük ölçüdə təsir etməyib. Ermənistanda Rusiyanın çox böyük təsir imkanları var. Bəli, Qərbin bir vasitəçi olaraq, xüsusən Avropa Əİttifaqının bir vasitəçisi kimi fəal rol oynaması bizim üçün çox məqbuldur. Biz Qərbin də bu prosesdə iştirakını məqsədəuyğun hesab edirik və bunu yüksək qiymətləndiririk, amma başqa bir reallıq var. Rusiya dövləti də özünü kənarda görmək istəmir. Yəni yalnız Qərbin vasitəçiliyi ön planda olsa, Rusiya Ermənistan vasitəsilə prosesləri başqa bir istiqamətə sürükləyə bilər. Buna görə də, Rusiyanın prosesdən tam kənarda saxlanması mümkün olmayacaq. Rusiyanın media hücumları bu xəbərdarlıqları tərəflərin nəzərinə çatdırmağa hesablanıb”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə:
0
165
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar