AZ

TikTok qadağan edildi, adaya əsgərlər yeridildi – Fransa nə edir? 

Fransa zorakılığın baş verdiyi Yeni Kaledoniyanın limanlarına, beynəlxalq hava limanına əsgərlər yerləşdirib və “TikTok”u qadağan edib.

Fransa Yeni Kaledoniya ərazisində 4 nəfərin öldüyü və yüzlərlə insanın yaralandığı zorakılıqlardan sonra fövqəladə vəziyyət elan edib.

Bundan başqa, ictimai asayiş üçün təhlükə törətdiyi güman edilən şəxslər ev dustaqlığına məhkum edilir, onların evində axtarış aparılır, qaydaları pozanlara isə həbs cəzası verilir.

Şiddətli insidentlərdə polislərə atəş açılıb, maşınlar yandırılıb, mağazalar talan edilib. Hazırda Yeni Kaledoniyada komendant saatı elan edilib, ictimai toplantılar qadağan edilib və əsas hava limanı bağlanıb.

Bazar ertəsindən bəri baş verən insidentdə 130-dan çox adam saxlanılıb, 300-dən çox insan isə yaralanıb.

Daxili işlər naziri Gerald Darmanin bildirib ki, Yeni Kaledoniyada iğtişaşlar zamanı ağır yaralanan Fransa jandarmının aldığı xəsarətlərdən ölməsindən saatlar sonra ölkədə fövqəladə vəziyyət elan edilib.

Yeni Kaledoniya sakinləri Parisdə qanunvericilər tərəfindən qəbul edilən və 10 ildir Yeni Kaledoniyada yaşayan fransızlara əyalət seçkilərində səs verməyə icazə verən yeni qanun layihəsi ilə bağlı aksiyalara başlayıblar.

Fransa etirazları yatırmaq üçün Yeni Kaledoniyaya qoşun yeridib.

Emmanuel Makron böhranla bağlı Normandiyaya planlaşdırılan səfərini ləğv edib.

Fransanın Yeni Kaledoniya Ali Komissiyası “ciddi ictimai iğtişaşların” davam etdiyini bildirib və müəssisələrin, ictimai əmlakın, o cümlədən, məktəblərin talan edilməsini və yandırılmasını pisləyib.

Komissiya qeyd edib ki, dərslər ləğv ediləcək və əsas hava limanı növbəti bildirişə qədər kommersiya uçuşları üçün bağlanacaq.

Qeyd edək ki, 1853-cü ildən etibarən Fransanın müstəmləkəsi olan, 270 minlik əhalisi olan Yeni Kaledoniya Sakit Okeanda yerləşən ada dövlətidir.

XX əsrin əvvəllərindən etibarən Fransa adada aşkarlanmış faydalı qazıntı yataqlarını istismar etməyə başlayıb. Belə ki, adanın qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarılaraq Fransaya daşınıb. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən qurtulmağa çalışır.

Yeni Kaledoniya dünyanın ən böyük 3-cü nikel istehsalçısı olmasına baxmayaraq, ölkədə hər beş nəfərdən biri yoxsulluq həddinin altında yaşayır.

Əsmətxanım 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
20
yenisabah.az

10Mənbələr