AZ

"Qərbin Azərbaycan daxilində qəhrəmanlar düzəltməsinə ehtiyac yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Qərbin müəyyən dairələrinin müntəzəm olaraq Azərbaycanın daxili işlərinə qarışmağa, Azərbaycanın siyasi gündəmini müəyyənləşdirməyə, kimlərisə onların seçimi ilə Azərbaycan xalqına qəhrəman kimi təqdim etməyə çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, bunlardan biri də son dövrlərdə Qubad İbadoğlu layihəsidir: "Bu şəxs Azərbaycan ictimaiyyətinə tanışdır. O, daima müxalif mövqedə olub və açıq şəkildə öz müxalifətçiliyini həmişə səsləndirmək imkanına malik olub. Heç bir zaman onun müxalifçiliyinə, iqtidarı sərt tənqidinə görə heç bir halda cinayət məsuliyyətinə cəlb edilməyib. Çünki Azərbaycan hüquqi demokratik dövlətdir. Vətəndaşa öz fikrini sərbəst bildirməyə, hakimiyyətdən fərqli mövqe tutmağa həmişə hörmətlə yanaşılır.

Ancaq Qubad İbadoğlunun saxlanılması heç də onun müxalif fikirlərinə görə deyil. Onun qanunlarımızın bir qismini kobud şəkildə pozması ilə bağlı olan məsələlərdir. Çox maraqlıdır ki, nə Qubad İbadoğlu, nə də onu müdafiə edən dairələr həmin maddə üzrə məsələnin mahiyyətinə varmaq istəmirlər. Fikri yayındırmağa çalışırlar. Onu bir demokratiya carçısı, Qərb dəyərlərinin daşıyıcısı, Azərbaycanın bir xilaskarı kimi qələm etməyə, Azərbaycanın lideri kimi zorla düşüncələrə yeritməyə çalışırlar".

"Birincisi, Azərbaycanın hansı yolu seçəcəyi, kimi özünə lider kimi göstərəcəyi Azərbaycan xalqının öz seçimidir. Burada kiminsə xaricdən tövsiyəsinə, kimisə bizə qəhrəman kimi təqdim etməsinə ehtiyac yoxdur. 10 milyondan bir qədər çox cəmiyyət hamını yaxşı tanıyır. Kimin siyasətini, kimin baxışlarının Azərbaycana nə verəcəyini kifayət qədər ciddi fərqindədir. Bu baxımdan süni surətdə Qərbin Azərbaycan daxilində qəhrəmanlar düzəltməsinə ehtiyac yoxdur. Onun daxili işlərimizə qarışmasına da heç bir zaman imkan verilməyəcək. Kim ki qanunlara riayət edərək müxalifətçiliyini edəcək, onunla hər hansı problem olmayacaq. Yox, xaricdən böyük maliyyə vəsaitləri Azərbaycanda xaricin tapşırıqlarına, maraqlarına uyğun şəbəkə qurmağa və onları xaricdən gələn pullarla maliyyələşdirməyə çalışacaqsa, artıq o, qanun qarşısında cavab verməli olacaq. Hesab edirəm ki, vaxtaşırı bu cür qəhrəman obrazı yaratmaqla Qərb əslində Azərbaycan cəmiyyətini öz istəyinə uyğun istiqamətləndirməyə, formalaşdırmağa çalışır. Ancaq Azərbaycan xalqı özü öz seçimini edəcək, öz siyasətini müəyyənləşdirəcək və öz qəhrəmanlarını müəyyən edəcək. Bu məsələdə kiminsə bizə məsləhət verməsinə heç bir ehtiyac yoxdur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
sia.az

1Mənbələr