AZ

Səbəb çox, həll yox: Hər iki ailədən biri niyə boşanır?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik - hesabatda boşanmaların səbəbləri açıqlanıb.

Hesabata görə, Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb. 

Bunları boşanmanın əsas səbəbləri hesab etmək olarmı, yoxsa başqa amillər də var? 

Sosioloq Lalə Mehralı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu, tam doğru statistika deyil:

"Əslində bizdə belə yazılmamış qayda var. Boşanan tərəflər biri digərini əxlaqsızlıqda, o biri isə digərini narkomaniyada ittiham edir. Bu ikisi əsas götürülərək ailələr dağılır. Özü-özlüyündə bəlkə də haqlı olan tərəf var. Amma insanlar gerçək səbəbləri unudur, gerçək olmayan səbəblər arxasında gizlənməyə başlayırlar. Ona görə də bu, o qədər də doğru statistika deyil. Çünki boşanma səbəbini qadından soruşsan, qarşı tərəfi alkoqolizmdə, kişidən soruşsan, qarşı tərəfi əxlaqsızlıqda ittiham edəcək. Zənnimcə, bu cür hesabat və sorğularda obyektivlik qorunmur". 

Onun sözlərinə görə, boşanmanın səbəbləri çox, həlli yoxdur:

"Zorakılıq, sosial problemlər, psixoloji vəziyyət, yola getməmək kimi çox səbəb var. Səbəbi konkret olaraq ümumiləşdirmək olmur. Biz bunun səbəblərini axtarsaq, heç ağlınıza gəlməyən səbəblər ortaya çıxar. Səbəbləri axtarmaqdan daha çox həllinə yönəlmək lazımdır. Səbəbi deyilir, həlli istiqamətində heç bir addım atılmır". 

Sosioloqun fikrincə, ölkədə artıq ailə insititutu dağılıb:

"Bu gün ailələri qorumaq üçün aidiyyəti qurumlar, qeyri-hökumət təşkilatları nə edirlər? Cəmiyyət olaraq bir ailəni qorumaq üçün kim nə edə bilir ki? Ölkədə qurulan hər iki ailədən biri dağılır. 

Bu, faciəvi rəqəmdir, ölkədə ailə insititutunun olmamağının göstəricisidir". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
13
cebheinfo.az

10Mənbələr