AZ

“Evdən qaçan qadınlar cəzalandırılsın yoxsa...”

"Son illər Azərbaycanda dünyada gedən proseslərin məntiqi davamı kimi, ailələrin dağılması adi hala çevrilib. Ötən 5 ayda isə məhz rəsmi nikahların 60-70 faizinin pozulmasının bir daha biz, cəmiyyətşünaslara böyük təsiri olub. Dövlət orqanlarına müraciət edərək bu məsələ ilə bağlı təkliflərimizi təqdim edək. 

Uzun müddət etdiyimiz çağırışlara baxmayaraq, məmurlar bu problemin ciddiyətini qəbul etmək istəmirlər".

Milli.Az bildirir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib. 

O, evdən qaçan qadınlarının sayının artması hallarını belə şərh edib:

"Telekanallarda bu kimi məsələlər işıqlandırılmağa başlayandan dövlət orqanları da əl-ayağa düşməyə məcbur olublar. Milli-mənəvi dəyərlərimiz, ailə, mental dəyərlərimizin son illərdə iflasa uğraması nəsillər arasında bağın qopmasına gətirib çıxardıb. Gənclərimiz o qədər Avropaya meylli olub ki, milli-mənəvi bağlarımızın qırılması ilə nəticələnən səhvlər edirlər. Yeni nəsil "mənəm-mənəm" deməklə, yalnız öz "mən"ini qabartmaqla, ailənin digər üzvləri və həyat yoldaşının azadlığını, partnoyorun istəklərini görməməzliyə vurmağa başlayıb. Hazırda ağbirçək-ağsaqqal və qohum-əqraba institutunu dağıtmağa meylli qruplarla üz-üzəyik".

Aydın Xan sözünün davamında deyib: "Son illər ərli qadınlar, - istər orta və cavan nəsil olsun, istərsə də yeni evlənənlər - hər hansı bir söz-söhbətdən, yaxud qayınana-qayınatanın tənqidi fikrindən, ərin "telefonu az işlət", "mənə çay gətir" kimi sözlərindən sonra evdən qaçmağa yönəlirlər. Uşaqlarını atanlar da olur, yanına alıb gedənlər də. Bilirlər ki, dövlət onların yanındadır. Boşanmaq üçün müraciət etsələr, aliment və daşınan, daşınmaz əmlakın yarısını tələb edə, yaxud da sığınacaqla təmin oluna bilərlər. Ona görə də analoji halların sayı get-gedə artır. Bunun qarşısını almaq isə mümkün deyil. Yalnız cəmiyyətin intellektual səviyyəsini qaldırmaqla, insanlarımızı təhsil və karyeraya yönləndirməklə, ailə institutlarının gözəl dəyərlərini müasirləşdirib, islah edib modernləşdirməklə və gənclərimizi bu istiqamətdə tərbiyə etməklə nə isə əldə etmək olar. Amma biz daşlaşmış mental dəyərlərdən, namus, qeyrət və s. arxaik anlayışlardan yapışıb dayansaq, bu kimi məsələlər baş qaldırmağa davam edəcək". 

Kulturoloq təklif edir ki, ailəsini atıb gedən şəxslərə qarşı sərt cəzalar tətbiq edilsin:

"Cəmiyyətin düşünən hissəsi bu yöndə müzakirələr aparıb, təkliflər verməli və dövlət qurumlarının qarşısında çıxışlar etməlidir. Daha rahat taktika isə budur ki, ailəni bilə-bilə dağıdan, qaçıb onun imicini məhv edən şəxslər ciddi formada cəzalandırılsın. Onlar həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunmalıdır. 

Eyni zamanda, bölgələrdə ailə böhran mərkəzləri yaradılmalıdır. Onların nəzdində isə qadın, kişi, uşaq böhran qrupları olmalıdır. Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dini Komitə və Ailə Komitəsi birləşərək, böhran komissiyası yaratmalıdır. Bununla da, ailə böhran mərkəzlərinin bir yerdən idarə olunmasına xüsusi rəhbərlik edilməlidir. 

Bütün sadalananlar olmasa, nə qədər qışqırıb-bağırsaq, sosial verilişlərdə ağlasaq, maarifləndirmə işləri həyata keçirsək də, bütün media vasitələrində və sosial şəbəkələrdə bu barədə məlumat verilsə belə, problemin həlli mümkün deyil. İnzibati yolla qismən də olsa, məsələni həll etmək olar.

Üstəlik, insanlar ailə quran zaman məsuliyyət müqaviləsi bağlanmalıdır ki, ən azından uşaqları yetkin yaşa çatdırana qədər ailə üzvlərinin boşanması təxirə salınsın. Əgər boşanma olarsa, tərəflərin bir-birinə qarşı heç bir iddiası olmasın. Hətta boşanma müddətində münasibətlər kəskinləşərsə, uşaqlar ailədən alınıb dövlətin himayəsinə, ailə böhran mərkəzlərinin nəzdində yaradılacaq sığınacaqlara yerləşdirilsin. Hər iki tərəfdən alınan aliment isə fond vasitəsilə bu sığınacaqların saxlanılmasına xərclənsin. Əgər bütün bunlar reallaşmazsa, arvadını axtaran kişilərin sayı çoxalmaqda davam edəcək".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
13
milli.az

10Mənbələr