AZ

"Şuşadan verilən mesajlar çox mühüm bir hadisə idi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidenti Şuşada şuşalıların öz doğma şəhərlərinə qayıtması ilə bağlı keçirilən tədbirdə çox mühüm məsələlərlə bağlı mesajlar verdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin çıxışı bir neçə hissədən ibarət idi və ayrıca təhlil olunmalı idi: "Birinci, Azərbaycan Prezidenti öz çıxışında Şuşanın nəyə görə işğal altına düşməsinin səbəblərini bir daha milli yaddaşımıza xitabən dilə gətirdi. Ondan ibrət dərsi çıxarmalı olduğumuzu bir daha yəqin etməliyik. Çünki Şuşa kimi alınmaz qala Azərbaycanda məhz AXC-Müsavat hakimiyyəti dövründə hakimiyyət qovğası kontekstində itirilmişdir.

İkinci, uzun müddət Şuşanın işğal altında qalmasının səbəblərini izah etdi və dedi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də Avropa, Amerikada bu torpaqları ermənilərə vəd etmişdilər. Yəni 28-30 il Şuşanın işğal altında qalmasının səbəbi də bundan ibarət idi. Düşünürəm ki, bu, bir daha dünyada nəyin nə üçün və necə baş verdiyini dərk etmək üçün hər bir azərbaycanlı üçün siyasi kompas rolunu oynamalıdır.

Üçüncü, Şuşada quruculuq işlərinin necə qısa zamanda aparılması və Şuşanın əhəmiyyəti ilə bağlı idi.

Dördüncü isə Azərbaycan Prezidenti gələcəkdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görüləcək işlərlə bağlı öz fikirlərini bildirdi. Bu mənada Azərbaycan Prezidentinin nitqində xalqımızın keçdiyi yol, Azərbaycan xalqının əzmkarlığı, qətiyyəti, mübarizə aparmaq qabiliyyəti, ordu qurmaq imkanları və Şuşanı qaytarmaq kimi mühüm qələbəyə imza atması konseptual şəkildə öz əksini tapmışdır. Şübhəsiz ki, bunların hamısının müəllifi Müzəffər Ali Baş Komandanımız, Onun yaratdığı ordu idi. Ona görə də Şuşadan verilən mesajlar çox mühüm bir hadisə idi".

"Nəhayət, sonda Azərbaycan Prezidenti bir daha bütün dünyaya mesaj verərək dedi ki, bu ərazi bizimdir, kiminsə, hansısa ölkənin səfirinin buraya gəlib-getməsi bizim üçün o qədər də əhəmiyyətli deyil. Azərbaycan Prezidentinin məntiqi bundan ibarət idi ki, hansısa ölkənin səfiri gələ də bilər, gəlməyə də bilər. Bu bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, bu gün Azərbaycan xalqı, şuşalılar Qarabağa gələ bilirlər və tarixi torpaqlarına qovuşmaqla yenidən dirçəldirlər.

Ən mühüm mesajlardan biri də ondan ibarətdir ki, əgər Ermənistanın silahlandırılması kritik həddə çatarsa, Azərbaycan buna da cavab verəcəkdir. Bu mənada düşünürəm ki, Azərbaycan Prezidentinin çıxışı dostlarımızda, Azərbaycan vətəndaşlarında, müttəfiqlərimizdə nə qədər mühüm qürur hissi yaradırdısa, düşmənlərə də o qədər ciddi mesaj verirdi ki, əsla Azərbaycana yenidən müharibəyə girmək kimi təhlükə yaratmasınlar. Əks təqdirdə Azərbaycan layiqli cavab verəcəkdir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
202
1
sia.az

2Mənbələr