AZ

Regional proseslərə region ölkələri tərəfindən baxılmalıdır

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və lap yaxın zamanda sülh sazişini imzalasaq, onda dayanıqlı sabitlik və təhlükəsizlik reallığa çevrilə bilər

Azərbaycan hazırda sülh gündəliyinin və yeni-yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri dövlətləri və xalqları birləşdirir, ikitərəfli, çoxtərəfli əməkdaşlığa yeni çalarlar əlavə edir. Əməkdaşlıq formatları ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın əlverişli coğrafi vəziyyəti ölkəmizə əlavə imkanlar yaradır. Ölkəmiz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparır və öz ərazimizdə infrastrukturu müasir dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Bu gün tələbat daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır. Qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Eyni zamanda, bu sahə bizim üçün prioritet sahələrdən biridir. Dövlət başçısı İlham Əliyev bildirir: «Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Biz öz işlərimizi bu istiqamətdə aparmalıyıq, o cümlədən qonşu ölkələrlə təmaslar əsnasında. Hüquqi baza var, sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib və biz bunun nəticələrini görürük.» Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Dövlət başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşlərdə, mətbuata bəyanatında da diqqəti bu məsələyə yönəldərək bildirdi ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək.

Göründüyü kimi, təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan yükdaşımalarının təminatında da logistik mərkəz rolunu oynamaqla regional əhəmiyyətini artırır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə respublikamızın həm regionda, həm də dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: «Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq… Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.»

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir, yeni-yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Regional çərçivədə başlanan əməkdaşlıq coğrafiyasını genişləndirərək beynəlxalq miqyas alır. BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi ilə regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan bu gün çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü kimi çıxış edir. Dövlət başçısı onu da qeyd edir ki, təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır: “Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.»

Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur.

Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır.

Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayan zaman da ilk olaraq diqqət yol infrastrukturunun yenilənməsinə yönəldildi. Yeni yollar salınır, hava limanları tikilir. 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisindədir və onun 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu Beynəlxalq Hava limanları Azərbaycanın dünya birliyində roluna, möhkəmlənən mövqeyinə aydınlıq gətirir.

Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Yuxarıda da qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz yeni reallıqlar yaradıb. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan şanlı Qələbəmizin ilk günündən Ermənistanla münasibətlərində yeni səhifə acmaq, eyni zamanda, davamlı sülhü və sabitliyi təmin etmək üçün qarşı tərəfə sülh təklifini etdi. Dövlətimizin başçısı İlham Əliyevin ötən ay ADA Universitetində keçirilən «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» mövzusunda beynəlxalq forumda jurnalistin «Siz dayanıqlı sabitlik və təhlükəsizlik haqqında nə söyləyə bilərsiniz? Bunun regionumuzda olacağına inanırsınızmı? Çünki hər hansı regional əməkdaşlığın mümkün iştirakçıları arasında kifayət qədər mürəkkəb münasibətlər var. Demək istəyirəm ki, çox mürəkkəb bölgədə tək bir ölkənin inkişafı haqqında danışmaq çətindir. Sizə dayanıqlı regional əməkdaşlıq lazımdır və Sizin fikrinizcə, regionumuz daxilində bu cür əməkdaşlıq üçün dayanıqlı platforma hansı ola bilər» sualını cavablandırarkən bildirdi ki, əgər Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və lap yaxın zamanda sülh sazişini imzalasaq, onda dedikləriniz reallığa çevrilə bilər. Çünki əslində, Cənubi Qafqaz ölkələrinin potensialı artıq məlumdur və hansı sahələrdə birgə işləyə biləcəyimizi də bilirik. Lakin əgər Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı buraya əlavə etsək, görərik ki, o, qarşılıqlı şəkildə faydalıdır və bu gün Gürcüstan təbii qaz təchizatı sahəsində təhlükəsizliyini 100 faiz təmin edib. Gürcüstanda iqtisadiyyatın və sənayenin artımı nəticəsində istehlak da ilbəil artır. Azərbaycan təchizatını hər il artırır və hazırda o, artıq üç milyard kubmetrə çatıb. Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Cənab İlham Əliyev onu da bildirdi ki, potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından bu cür əməkdaşlıq təbii olardı.

«Biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük. Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Potensial qaydada, o, hətta qaz boru kəməri də ola bilər, çünki bu gün Naxçıvana təbii qazı təchiz etmək üçün biz İranla razılaşmamıza arxalanırıq. Yəni, qaz Naxçıvana İran vasitəsilə gedir. Hazırda biz digər boru kəmərini çəkirik» söyləyən ölkə Prezidenti vurğuladı ki, Türkiyədən Naxçıvana gedən kəməri maliyyələşdiririk və o yolla Azərbaycan qazı nəql olunacaq: «Lakin bu, sol qulağınızı sağ əl ilə qaşımağa bənzəyir. Əgər o, Ermənistandan keçərsə, hamı üçün faydalı olar və əlbəttə ki, çox xərclərə qənaət etmiş olarıq. Bir çox digər məsələlər də bu cür çözülə bilər. Bilirəm ki, Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə qoşulmaq istəyir, çünki o, əlavə enerji imkanlarını yaradacaq. Lakin onlar Azərbaycanla münasibətləri səliqə-sahmana salmadığına görə qoşula bilmirlər. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan kimi dörd ölkə var və Bolqarıstan da qoşulmaq üzrədir. Beləliklə, başqa yol yoxdur və bu, konsensus əsasında olan qərardır. Bu səbəbdən sülh sazişi başlanğıc nöqtəsidir.» Dövlət başçısı İlham Əliyev həmin forumda bu çağırışı da etmişdir ki, regional proseslərə region ölkələri tərəfindən baxılmalıdır: «Yeri gəlmişkən, müzakirə etdiyimiz məsələ əla nümunədir: delimitasiya, Qazaxın dörd kəndinin qaytarılması göstərir ki, biz ikitərəfli qaydada birgə işləyəndə yaxşı nəticələrə nail ola bilərik.»

Dövlət başçısı İlham Əliyev mayın əvvəlində Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da bu məsələyə diqqəti yönəldərək bildirdi ki, biz indi öz rolumuzu körpülərin salınmasında görürük.

Yeganə Əliyeva, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
32
ikisahil.az

10Mənbələr