AZ

"ABŞ dünyada yeni işğalçılığın klassik formasını yaradıb" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Amerika Birləşmiş Ştatları öz imperatorluğunu qorumaq, ayrı-ayrı dövlətləri öz təsirinə salmaq, eyni zamanda onları şantaj etmək üçün demokratiya və insan haqları kimi ideyalardan vasitə kimi istifadə etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Birləşmiş Ştatlar dünyada yeni bir işğalçılığın klassik formasını yaradıb: ""Məxməri", "Rəngli inqilablar" adı altında dövlət çevrilişləri edir. Bunu da demokratiya və insan haqları fonunda həyata keçirir. Bunun bariz nümunəsi olaraq Gürcüstanda Saakaşvilinin, Ukraynada Zelenskinin hakimiyyətə gəlməsidir. Eyni zamanda Ermənistanda hakimiyyətə Paşinyanın gəlməsini göstərə bilərik. Bundan başqa yaxın Şərqdə "Ərəb baharı" adı altında ərəb dövlətlərində dövlət çevrilmişləri edib həmin dövlətləri öz təsirinə salıb onlardan vasitə kimi istifadə edir. Demokratiya, insan haqları Birləşmiş Ştatlar üçün məqsədə çatmaq yolunda bir vasitədir. Hansı dövlət ki, Birləşmiş Ştatların təsirindədir, sözünə baxır orada demokratiya və insan haqları var. Hansı dövlət ki, Birləşmiş Ştatların maraqlarına uyğun olmayan siyasət həyata keçirir, o dövlətlərdə insan haqları, demokratiya tapdalanır.

Ukraynada "Rəngli inqilab" adı altında hakimiyyətə gələn qüvvələrə görə Rus dilinin məhdudlaşdırılması ilə əlaqədar rusdilli əhali Odessada etiraz aksiyası keçirdi. Bu aksiyanı keçirənləri Həmkarlar Təşkilatının binasına salıb yandırdılar. Həmin aksiyaya Birləşmiş Ştatlar göz yumdu. Çünki həmin dövrdə Ukraynada Birləşmiş Ştatların təsirində olan hakimiyyət var idi. Ukraynada baş verən hadisələrdə insan haqlarının tapdalanması ilə əlaqədar bir dənə də bəyanat eşitmədik. Yaxud da Ermənistanı götürək. Ermənistanda, İrəvanda Paşinyan əleyhinə etirazlar amansızcasına dağıdılır. Paşinyan Birləşmiş Ştatların himayəsində olan şəxs olduğu üçün Ermənistan əleyhinə hansısa bəyanatlar səslənilmir. Saakaşvili dövründə Gürcüstanda baş verən hadisələrə göz yumulurdu. İndi isə Gürcüstan dövləti öz dövlət və milli maraqlarını qorumaq üçün xarici agenturanın fəaliyyətini Gürcüstanda məhdudlaşdırmaq üçün qanun qəbul etdi. Dövlət və milli maraqlarını nəzərə alaraq dövlət suverenliyini, müstəqilliyini qorumaq üçün qanun qəbul etmək istəyir. Gürcüstanda baş verən hadisələr bir daha onu göstərir ki, Birləşmiş Ştatlar ayrı-ayrı dövlətlərdə öz agentura şəbəkəsini formalaşdırmaq üçün demokratiya və insan haqları kimi faktorlardan istifadə edir".

"Bununla yanaşı Azərbaycan 44 günlük Vətən müharibəsində, indi də tam müstəqil siyasət həyata keçirir. Azərbaycan Prezidenti müsahibələrinin birində bəyan etdi ki, "44 günlük Vətən müharibəsində Azərbaycan böyük siyasi güclərin siyasi laylarını tərpətdi" kimi fikir bildirdi. Azərbaycan xəritədə balaca dövlət olsa da, siyasətində daha qlobal proseslərə təsir etmək gücünə malikdir. Azərbaycan tam müstəqil siyasət yeritdiyinə, böyük güclərin əlində alətə çevrilmədiyinə görə dövlət və milli maraqlarını nəzərə alaraq balanslaşdırıcı siyasət həyata keçirdiyinə görə Azərbaycana qarşı reaksiyalar var. Bunu da demokratiya və insan haqları prizmasından həyata keçirmək istəyirlər.

Birləşmiş Ştatlar müxtəlif dövlətləri öz təsirinə salmaq üçün siyasi partiya liderlərindən, qeyri-hökumət təşkilatlarından, agentura şəbəkəsindən istifadə edir. Azərbaycanda fəaliyyət göstərən bəzi təşkilatlar neytrallaşdırıldı. Xüsusi xidmət orqanları tərəfindən xarici casus şəbəkələri aşkarlandı. Buna qarşı amansız mübarizə gedir. Azərbaycanın daxili işlərinə qarışmamaq üçün xarici xüsusi xidmət orqanlarının fəaliyyəti məhdudlaşdırılır. Bununla əlaqədar dövlət təhlükəsizlik xidməti tərəfindən faktlar aşkarlanıb. Hesab edirəm ki, bu gün Birləşmiş Ştatlardan və Qərbdən gələn hər hansı bəyanatlar, vicdan məhbusları kimi fikirlər sırf Azərbaycana siyasi təzyiqlər etmək məqsədilə həyata keçirilir. Bu baxımdan Azərbaycanda kifayət qədər faktlar qarşısında məhkəmə tərəfindən həbs olunmuş şəxslər var. Təbii ki, hər kəs öz fəaliyyətində qanun çərçivəsində cavabdehdir. Əgər kimsə xarici xüsusi xidmət orqanlarının təsirindədirsə, buna xalq və dövlət qarşısında cavab verməlidir. Demokratiya və insan haqları kimi müqəddəs ideyalar Birləşmiş Ştatların əlində alətə çevrilməməlidir. Əgər insan haqları prizmasından baxsaq, Birləşmiş Ştatlarda, Avropada, Fransada insan haqları daha kobud formada tapdalanır. Fransa hökuməti tərəfindən sarı-jiletlilərə qarşı amansız güc tətbiq edildi. Bu proseslərə Birləşmiş Ştatlar daxil olmaqla Qərb dünyası biganə yanaşdı. Bu cür metodlar Azərbaycana təzyiq kimi istifadə edilir. Bu baxımdan Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumaqdadır. Xaricdən gələn bu cür bəyanatlara qarşı həmişə barışmaz mövqe nümayiş etdirəcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
sia.az

2Mənbələr