AZ

“Prezident bir daha bizə xor baxmaq istəyən düşmənə yerini xatırlatdı” - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyevin Şuşada verdiyi mesajlar çox önəmlidir, Şuşa bizim şanlı ordunun böyük qəhrəmanlıq, şücayət göstərdiyi və ağlasığmaz bir əməliyyatla azad etdiyi bir şəhərdir. Cənab Prezident Azərbaycanın ən uca qalasından bir daha bizə xor baxmaq istəyən düşmənlərə yerini xatırlatdı və haqlı olaraq bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi Cənubi Qafqazın aparıcı ölkəsi olaraq qalacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində elə bir hərbi əməliyyat gerçəkləşib ki, onun təsiri hələ uzun illər sözdə və diplomatiya gücümüzdə öz təsirini saxlayacaq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizin siyasət meydanında uğurları və diplomatik gedişləri məhz bu gücümüzdən qaynaqlanır: “Azərbaycan orta güc aktoruna və regional bir dövlətə çevrilib və onun maraqları ilə ən böyük dövlətlər belə hesablaşır. Dövlət başçısının "Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır" ifadəsinin arxasında ölkəmizin real gücü dayanıb. Yəni Şuşanı, Xankəndi və digər əraziləri ən qısa müddətdə işğaldan azad edən Azərbaycan dövləti lazım gələrsə digər tədbirləri də həyata keçirə bilər və indi bölgədə erməniləri xilas edə biləcək elə bir real qüvvə də mövcud deyil”.

“Düşünürəm ki, verilən bu mesajdan düşmən dərs çıxarmalı və bir daha Azərbaycan torpaqlarına, Şuşa qalasına boylanıb baxmağı heç ağlının ucundan belə keçirməməlidir. Şübhəsiz ki, bu verilən mesajlar doğma torpaqlarımıza qayıdan məcburi köçkünlərdə də böyük əminlik yaradır. İndi tam əminliklə demək olar ki, Azərbaycanın təhlükəsizliyi, suverenliyi və rəmzi qalamız olan Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa etibarlı əllərdədir”,- deyə V.Əhmədov qeyd edib.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
sia.az

1Mənbələr