AZ

Azərbaycanda, yoxsa xaricdə təhsil almaq daha məsləhətdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumiyyətlə, biz ali təhsilin özünə fərqli yanaşmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, fərq etməz, təhsil ölkə xaricində, yoxsa ölkə daxilində olsun: "Bu gün biz istər ölkə daxilində, istərsə də ölkə xaricindəki ali təhsilə həyati əhəmiyyətli, ölüm-dirim əhəmiyyətli meyar kimi baxırıq. Bu isə yanlışdır. Ölkə içində də, öz universitetlərimizdə, ölkə xaricində də yalnız əmək bacarığına yönəlik ixtisasları, əmək bazarı üçün uğurlu olan universitetləri seçərək bu istiqamətlərdə öz proqramımızı tutmalıyıq. Bu gün universitetlərə kariyeranın başlanğıcı kimi baxmırıq. Sanki böyük hədəf, fərqində olmadığımız abstrakt uğur kimi baxırıq. Bu cəmiyyətdə o qədər yanlış stereotipə çevrilib ki, fərqində deyilik universiteti niyə oxuyuruq, oxuyandan sonra hədəfimiz nədir? "Oxusun, diplom alsın" yanaşması varsa, ölkə daxilində və xaricində olmasından asılı olmayaraq universitet oxuyan şəxs uğurlu olmayacaq.

Universitet əmək bazarının tələblərinə uyğun olaraq seçilməli və bu istiqamətdə təhsil alınmalı və istehsalata, əmək bazarına tələbi şəxs özü hazırlamalıdır. Bunu bacara bilən tələbə, şəxs özünü bizim yerli universitetlərimizdə də isbat edə bilər. Hətta bizim təhsil çəkisi o qədər güclü olmayan, özəl ali təhsil müəssisələrimizə də bu baxımdan yanaşsaq, özünü gələcək üçün uğurlu kadr kimi formalaşdıra bilər. Düşünə bilməyən, ümumiyyətlə, hansısa məqsəd üçün universitet oxuduğunun fərqində olmayan şəxs xaricdə də oxusa, bu, o qədər də səmərəli olmayacaq".

"Təbii ki, universitetlərin, verdiyi təhsilin keyfiyyətinə baxanda, digər üstünlüklərini müqayisə edəndə xarici universitetlərdən təhsilin keyfiyyətinə görə Qərbi Kaspi, Odlar Yurdu, Avrasiya Universitetlərimiz daha üstündür. Ad olur ki, xaricdə oxuyur. Bu gün xüsusi çəkisi, keyfiyyəti olan universitetlər seçilməli və o istiqamətdə də tələbə özünü formalaşdırmalıdır.

Biz "xaricdəmi oxuyaq, ölkə daxilindəmi oxuyaq?" sualından əvvəl fikirləşməliyik ki, biz niyə oxumalıyıq? Bu suallar üzərində fikirləşmək tələbəni proqramlı, sistemli, hədəfli edir. Məqsədli şəxs uğurun dalınca həmişə qaçacaq. Məqsədi olmayan, nə üçün oxuduğunu, hansı səbəbdən ali təhsilin qapısını döydüyünü bilməyən gənc xaricdəki universitetdə də oxusa, özünü yetişdirə bilməyəcək"- deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46

1Mənbələr

Şərh ()
Bağla