AZ

"Heç kim İslam dinini qəbul etməyə məcbur edilə bilməz" - MÜNASİBƏT BİLDİRİLDİ

""Dində məcburiyyət yoxdur" ifadəsi o deməkdir ki, heç kim dini qəbul etməyə məcbur edilə bilməz". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, kimsə zorla müsəlman edilə bilməz: "Dolayısı ilə "qılınc müsəlmanı" ifadəsi əsassız ifadədir. Qılınc gücünə ola bilər, kimsə təslim olsun, amma qılınc gücünə heç kim müsəlman ola bilməz. Çünki İslam dinini qəlbən qəbul etmək müsəlmanlıq sayılır. Əgər kimsə İslam dinini qəlbən qəbul etməsə, yalandan "mən müsəlmanam" desə, İslam terminologiyasına görə münafiq sayılır, müsəlman yox. Odur ki, İslam dinini zorla kiməsə qəbul etdirmək olmaz. Elə bu səbəbdən də İslam ehkam karına əsasən İslam dinini qəbul etməyənlər buna məcbur edilmirdi.

Məsələn, bir nəfər yəhudi olaraq qalmaq istəyirdisə, ona təklif olunurdu ki, ya İslamı qəbul et, hansısa müsəlman kimi yaşa, qəbul etmirsənsə, İslam dininin qanunlarına riayət et və vergi ver. Qeyd edim ki, onlara verilən verginin adı cizyə vergisi adlanırdı və müsəlmanlara tətbiq edilən xüms və zəkatdan daha az miqdar idi.

Heç kim İslam dinini qəbul etməyə məcbur edilə bilməz, onsuz da, bu, mümkün deyil. Çünki bir nəfər qılınc gücünə təslim olsa, əslində isə qəlbən müsəlman olmasa, o, müsəlman sayılmır, münafiq sayılır. Bu, İslam hökuməti təşkil olunmuş ölkələrdə də özünü göstərir. Məsələn, İslam qanunlarına əsasən əgər kimsə öz evində içki içirsə, onu heç kim araşdıra bilməz. İslam hakimiyyətinin polisinin buna ixtiyarı yoxdur. Bir nəfər aşkarda günah etmirdisə, ona heç kim toxuna bilməzdi. Bir nəfər gizlində günah edirsə, o, azaddır, özü Allaha cavab verəcək. Amma bir nəfər İslam qanunlarını pozur və bu pozuntunu cəmiyyətə göstərirsə, onda cəza alırdı. Ramazan ayında bir nəfər öz evində, hamıdan gizlin orucunu batil edirdisə, ona cəza verilmirdi. Çünki İslam dinində məcburiyyət yoxdur".

"İslam dininin başqa sahələrində də bu "dində məcburiyyət yoxdur" hökmü çox qanuna hakimdir. Kafir ərəb dilində "örtük" deməkdir. Biz Qurani-Kərimdə dualar edib Allahdan istəyirik. Allah bizə deyir ki, istəyin ki, Allah bizim günahlarımızın üzərini örtsün. Bunu Allah-taala küfr kəlməsi ilə göndərir. Ona Ərəb dilində "təkfir" deyilir. Yəni İlahi, bizim günahlarımızın üzərini küfr et-ört. Müsəlman olmayana ona görə kafir deyilir ki, o, həqiqətin üzərini örtür. Məsələn, İslam dininin həqiqət olduğunu bilən məsihi bunu bilməsinə rəğmən xalqdan gizlədirsə, ona kafir deyirik. Bir yəhudi, ateist, bütpərəst həqiqətin üzərini örtürsə, ona kafir deyirik. Kafir statusu da iki yerə ayrılır. Bəzi kafirlər dini baxımdan murdar sayılır, bəziləri də murdar sayılmırlar. Bütpərəst, deistlər, ateistlər İslam ehkamçılığına görə fiziki olaraq murdar sayılırlar. Yaş halda onlara toxunsanız, əlinizi yumalısınız. Lakin məsihilər, yəhudilər kafir olsalar da, murdar sayılmırlar" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49

1Mənbələr

Şərh ()
Bağla