AZ

Azərbaycanda saathesabı maaş sistemi tətbiq oluna bilər - Bu, kimə xeyir edəcək?

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Bu barədə məlumat Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.


Bəs bunun müsbət və mənfi cəhətləri necə xarakterizə olunur? Belə bir əvəzləşmə bizə nə verə bilər?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, saatlıq minimum əməkhaqqının müəyyənləşdirilməsinin müsbət tərəfləri çoxdur:
 

“Bunun müsbət tərəfləri daha çoxdur. İnsanlar ay ərzində nə qədər işləyəcəklərini və gündə neçə saat işləyəcəklərini biləcəklər. Bu daha proqressiv sistemdir. İnsanları istehsal vaxtını da tənzimləməyə daha çox imkan verəcək. Həmçinin bu, insanların məşğuliyyət dairəsini genişlənəcək. Bu gün insanlar günəmuzd 5-6 gün 6-8 saat işləyir. Ola bilər ki, sabah elə insan olacaq ki, ona 4 saat işləmək kifayət edəcək. Qalan 4 saatı başqası işləyə bilər. Onu işə götürmək məşğulluq baxımından da əhəmiyyəti olan məsələdir”.

Komitə sədri məsələnin ciddi ölçülüb-biçilməli olduğunu düşünür:


“Qazancın məbləği nə qədər olacaq? Saatlıq minimum əmək haqqını müəyyənləşdirəndə sahibkara nə qədər yük düşəcəyini ölçüb-biçmək lazımdır. Avropada bu asandır. Çünki kifayət qədər inkişaf etmiş dövlətlər var. Biznes inkişaf edib, gəlirləri də çoxdur. Bizdə dövlət büdcəsindən bunu müəyyənləşdirmək çox asandır, olar.  Amma sahibkarın yükünün nə qədər artıb-artmayacağı, onun bu yükü daşıya bilib-bilməyəcəyi, leqal əmək haqqına, leqal əmək münasibətlərinə təsirinin olub-olmayacağı kimi məsələlərin hamısı ölçülüb-biçilməlidir. Təbii ki, gec-tez bu sistemə keçəcəyik. İqtisadi səviyyə, güc mütləq sahibkarlığın inkişafı ilə bağlı hesaba alınmalııdr. Bu, sahibkarlığa mənfi təsir göstərə bilər. Təklif o demək deyil ki, dərhal qəbul olunacaq. Azərbaycan reallığı və yaxın prespektivlər nəzərə alınmaqla məsələyə baxmaq olar. İndi olmasa da, yaxın vaxtlarda bu sistemi tətbiq etmək mümkündür”.
 

İqtisadçı ekspert Natiq Cəfərli isə söyləyib ki, bir sıra proqressiv ölkələrdə saathesabı maaş ödənişi artıq çoxdandır tətbiq olunur:
 

“Burada maaş ödəyərkən dövlət qanunvericilik şəklində 1 saatlıq ödəniş məbləğini müəyyən edir. Çox güman ki, Azərbaycanda da belə bir mexanizm hazırlanacaq. Amma burada elə bir mexanizm hazırlanmalıdır ki, işçilərin hüquqları pozulmasın".

N.Cəfərli deyib ki, mexanizmi detallı hazırlamaq lazımdır:
 

"Bizdə 1 aylıq minimum əməkhaqqından aşağı maaş vermək qadağandır. Özəl sektorda da, dövlət sektorunda da bu, eynidir. Amma saathesabı minimum əməkhaqqı müəyyənləşəcəksə, bu zaman işəgötürənlə işçi arasında sövdələşmələr mümkündür ki, 2-3 saatlıq işgünü yazılsın. Bu zaman işəgötürənin ödənişləri əslində azala bilər. Bu, qara maaşın, yəni nəzərə alınmayan maaşların yaranmasına da səbəb ola bilər. Dövlət Sosial Müdafiə Fonduna daha az ödəniş etmək üçün işəgötürənlə işçi sövdələşərək rəsmi maaşla yanaşı, qeyri-rəsmi ödənişləri də aralarında anlaşa bilərlər.  Belə hallar yaşanmasın deyə bunun tətbiqi mexanizmləri detallı şəkildə müəyyənləşdirilməlidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
modern.az

10Mənbələr