AZ

Saatlıq minimum əmək haqqı nədir?

Azərbaycanda aylıq minimum əmək haqqı saatlıq minimum əmək haqqı ilə əvəz edilə bilər. Məlumata görə, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Təklif hələ qüvvəyə minməsə də, vətəndaşlar arasında  narahatlıq doğurub. Saatlıq minimum əmək haqqı nədir? Bu mivalla maaşların artırılması gözlənilirmi? Aylıq ödənişlə saatlıq ödənişin fərqi nədədir? İnsanları maraqlandıran bu sualları ekspertlərə ünvanladıq.  

İqtisadçı ekspert Eldəniz Əmirov:

-Ümumiyyətlə, Azərbaycanda aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı ilə əvəz edilməsi beynəlxalq təcrübəyə keçidlə əlaqədardır və doğru bir addım olduğunu düşünürəm. Çünki onsuz da minimum əmək haqqı hesablanarkən belə götürəndə saatlığa gəlir  çıxır. Məsələn, 345  manat bugünkü əmək haqqıdır. Əgər orta aylıq iş saatı 195 saat olarsa, onda bir saatlıq əmək haqqı bir manat 77 qəpiyə gəlib çıxır. Amma saatlı saatlığa bölünməsi artıq saatlığın da daha artırılmasına imkan verəcəkdir və ən əsası isə daha ədalətli yanaşmanı təmin edəcəkdir. İnsanlar var ki, məsələn, səkkiz saatdan artıq qalır, işləyir və əməyin istismarının qarşısının alınmasında bu yanaşmanın faydası olacaqdır. Həm də bu proses əmək bazarında olan münasibətlərin tənzimlənməsində öz müsbət rolunu çütləq şəkildə oynayacaqdır. 
 Minimum əməkhaqqının artırılılma miqdarı və zamanı isə noyabrın 1-dək hazırlanan təkliflərdən asılı olacaqdır.
Ehtimal etdiyim artım miqdarına və tarixinə gəldikdə isə, düşünürəm ki, bu əsasən  inflyasiya göstəricəsindən asılı olacaq. İlkin proqnozlarda 2024-cü ildə ölkədə illik inflyasiyanı İN-i 5,3 %, BMT 5,9 % proqnozlaşdırsa da, Mərkəzi Bank  2024-cü ilə inflyasiya proqnozunu aprel ayında azaldaraq 2024-cü üçün 3,5 % olaraq açıqlamışdır. Deməli, hazırda 345 manat olan minimum əmək haqqının minimum 5% artımla yenilənməsi olacaq ki, 362-363 manat deməkdir.
Lakin nəzərə alsaq ki, 345 manatlıq məbləğ 2023-ci ilin 1 yanvarından müəyyən edilib, deməli əhalinin alıcılıq qabiliyyətinə təsir edən 2023-cü ildə inflyasiya göstəricilərinin də nəzərə alınması daha doğru olardı. 2023-cü ildə 8.8 % inflyasiya qeydə alınıb. 
Odur ki, inflyasiyanın 2 il ərzində təsir etdiyi alıcılıq qabiliyyətinin qorunması üçün bu artımın 13-14% ətrafında müəyyənləşməsi daha realdır. Bu isə minimum əmək haqqının növbəti dəfə 390-400 manata qədər artırılma ehtimalının olduğunu göstərir. Beləliklə, subyektiv olaraq gözləntim 370-400 manat intervalının yuxarı sərhədləridir.
 Bunun tətbiq edilmə vaxtına gəldikdə isə, 2025-ci ilin ilk aylarından olacağını ehtimal etmək olar. Ona görə ki, təkliflərin hazırlanıb təqdim edilmə tarixi bu ilin 11-ci ayına müəyyən edilib. Odur ki, qərarın qəbul edilməsi və fərmanın icrası üçün də lazım olan zamanı əlavə etsək, 2025-ci ildən yeni minimum əmək haqqı səviyyəsinin müəyyən ediləcəyini gözləyə bilərik.

İqtisadçı ekspert Elşad Məmmədov:

-Saatlıq minimum əmək haqqının tətbiqi, hesab edirəm ki, əsasən iki istiqamətdə əmək haqqı fondunun formalaşmasına ölkə üzrə təkan verə bilər. Bir tərəfdən ümumən bu, əmək haqqının artımına xidmət göstərə bilər. Çünki saatlıq əmək haqqının minimumunun tətbiqi şübhəsiz ki, işəgötürənlər qarşısında yeni öhdəliklər qoyacaq və bu da tədricən əmək haqqı fondunun artımına təsir göstərə bilər. Digər tərəfdən isə məlumdur ki, bu gün ölkəmizdə də, dünya təcrübəsində də belə meyllər və trendlər formalaşıb ki, qısamüddətli işəgötürmə təcrübələri geniş yayılmaqdadır və belə olan halda konkret olaraq günlük, bir həftəlik, beş günlük hansısa işlərin yerinə yetirilməsi üçün əmək müqavilələri bağlanıla bilər. Orada artıq sözsüz ki, aylıq deyil, saatlıq minimum əmək haqqının tətbiqi daha effektiv və daha məntiqlidir. Ona görə də  düşünürəm ki, bu yanaşmaların tətbiqi müsbət nəticələr verə bilər. Unutmayaq ki, son illər ölkə rəhbərliyinin bilavasitə səyləri nəticəsində sosial müdafiə sahəsindəki şəffaflığın təminatı baxımından müsbət nəticələrin əldə olunması onu deməyə əsas verirdi ki, biz artıq işə götürmə prosesi , əmək münasibətlərinin leqallaşmasında nəticələr əldə etdik. Eyni zamanda, şübhəsiz ki, əmək haqqı fondunun artımı, minimum əmək haqlarının artırılması kimi müsbət addımlar, müsbət göstəricilər ölkəmizdə əldə olundu. Bu baxımdan hesab edirəm ki, saatlıq minimum əmək haqqının tətbiqi də bu müsbət dəyişikliklərə əlavə impuls verə bilər və bütövlükdə götürdükdə bu addımı  müsbət dəyərləndirərdim.

İqtisadçı ekspert Xalid Kərimli:

-Saatlıq minumum əmək haqqıya keçməyin minimum əmək haqqının artmasına heç bir təsiri olmayacaq. Bunlar başqa-başqa məsələlərdir. Sadəcə texniki olaraq dəyişiklik nəzərdə tutulur, yəni əvvəl aylıq əmək haqqı götürürdüksə, indi saatlıq əmək haqqı götürüləcək. Cari halda minimum aylıq əmək haqqı standartı var. Yəni bir ay ərzində işçiyə 345 manatdan aşağı maaş vermək olmaz. İndi isə bunu saatlığa keçirirlər. Burada məsələ ondan ibarətdir ki, çevikliyi artırmaq istəyirlər. Yəni, ola bilsin ki, adam 17, 20, 22 saat olmaqla saatlıq müqavilə bağlayıb və burada minimum standartları müəyyənləşdirmək istəyirlər ki, bu saatı bundan aşağı qoya bilməzsən. Əvvəlki qanunvericilikdə bunu bölüb ortaya çıxara bilərdilər. Amma o qanun dövlət orqanına standart tələb etməyə haqq vermirdi, çünki minimum aylıq əmək haqqı qaydası ilə aylıq əmək haqqıya aid olunan məsələ idi. Çevikliyi artırırlar və nəzarət imkanını yaxşılaşdırırlar. Dünya praktikası bunu deyir. Avropada, Amerikada saatlıq əmək haqqından söhbət gedir. Adam ola bilər ki, ayda bir həftə işləyə bilər, saatla işləyə bilər və s.  Orada minimum standartları müəyyənləşdirir. 
Saatlıq minimum əmək haqqı nə deməkdir? Minimum maaş alanlar üçün heç bir üstünlüyü yoxdur. Çünki bu qayda minimum əmək haqqının artırılmasına yox, dəyişdirilməsinə yönəlib. Minimum əmək haqqı 2024-cü ildə çox böyük ehtimalla Azərbaycanda artırılmayacaq. Artırılsa da, 2025-ci  yanvarın 1-dən qüvvəyə minəcək. Adətən növbəti il üçün minimum əmək haqqını yaşayış minimumu ilə bir yerdə təklif edirdilər, Prezident imzalayırdı, amma olmadı. Prezident özü fevral ayında inaqurasiya mərasimində dedi ki, Azərbaycanda minimum əmək haqqından hökumət də narazıdır. Yəqin ki, hansısa səbəblər imkan vermir ki, 2024-cü  ildə bu artım edilsin. 

Azərbaycanda təbii ki, effektiv olacaq. Dediyim kimi əvvəlkindən daha çevik, daha rahat, həm nəzarət, həm də standartlar formalaşacaq. Dünya praktikası Azərbaycana tətbiq olunur. Əsas iş yerləri olanlar üçün ola bilsin ki, heç bir fərq olmayacaq. Amma hissəvi, saatlıq müqavilələr bağlayanlar üçün minimum hədlər müəyyənləşir. Minimum əmək haqqı Azərbaycanda faktiki olaraq real nəticələri ona görə gətirmir ki, minimum əmək haqqının səviyyəsi aşağıdır. Ölkədə minimum əmək haqqının artırılmasına ehtiyac var.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
50
olaylar.az

10Mənbələr