AZ

Yeni reallıq, bölgənin güc və söz sahibi:Bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll oluna bilməz

Gəlir gəlsin, gəlmir, heç lazım da deyil

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusların  rəhbərləri, o cümlədən üzvləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmiş ərazilərə səfərlər edir, bərpa və yenidənqurma sahəsində görülən işlər və planlarla daha yaxından tanış olurlar. Üstəlik, onlar bu və ya digər beynəlxalq tədbirlərdə də iştirak edirlər. Sonradan səfərləri ilə bağlı təəssüratlarını bölüşürlər. Amma onların arasında nə Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon, nə də ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi görünmürdü. 
Bu günlərdə Mark Libbi gözlənilmədən “tilsim”i qıraraq Füzuli və Şuşa şəhərlərinə səfər edib.  Özü də xanımı Danusia ilə birlikdə.  Cənab səfir təəssüratlarını da bölüşüb. Şuşa ilə əlaqədar bildirib ki, “bu səfər və şəhərin öz gözlərimlə gördüyüm inkişafı məndə çox böyük təəssürat yaratdı”. Füzuli ilə bağlı vurğulayıb ki, “dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik”. Bir sözlə, səfir bu məkanlarda olmaqdan məmnun olduğunu dilə gətirib.

Halbuki, səfərindən bir neçə gün öncə o, jurnalistlərlə müsahibəsində diplomata yaraşmayan bir jestlə “mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm” demişdi. Bu təxribatçı açıqlama ilə Mark Libbi ermənipərəst mövqeyinin ortaya qoymaqla yanaşı, ABŞ-Azərbaycan münasibətlərinə kölkə salmağa çalışmışdı. Odur ki, Ağ Ev ona səhvini korrektə etməyə məcbur etdi. Elə səfirin Şuşaya və Füzuliyə səfərini də bu korrektənin nəticəsi kimi dəyərləndirmək olar. Xatırladaq ki, bir müddət öncə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen erməni lobbisinin təsiri altında Azərbaycan əleyhinə sərt ifadələr səsləndirmiş və ölkəmizi sanksiyalarla hədələmişdi. Lakin bu  açıqlamasından az sonra Obrayen öz səhvini düzəltmək üçün Bakıya səfər etdi. Bütün bunlar bir daha göstərir ki, ABŞ artıq Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları qəbul edir. Bir sözlə, ABŞ öz səfirini işğaldan azad edilmiş ərazilərimizə göndərməklə bir daha Azərbaycanla yaxşı münasibətlərdə maraqlı olduğunu sərgilədi. Doğrudur, bu səfər Ermənistanın bəzi dairləri, həmçinin erməni lobbisi tərəfindən qısqanclıqla qarşılanıb. Hətta deyilənlərə görə, buna görə, Hayastan ABŞ-dan incik düşüb. Halbuki, bu məsələdə qısqanclıq doğura biləcək heç nə yoxdur.
Bəli, indi qalır Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon… Şübhəsiz, Fransa səfirinin Şuşaya getməməsi Ermənistanı dəstəkləyən, təcavüzkarın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, Azərbaycanın uğurlarını həzm edə bilməyən, elə bu səbəbdən ona qarşı qərəzli mövqe nümayiş etdirən rəsmi Parisin siyasətindən irəli gəlir. 

Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərkən və  şəhərə köçmüş ilk sakinlərlə görüşərkən bildirib ki, Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir: “Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir”. 

Geç-tez səhvlərini başa düşəcəklər...

Bu məqamda bir məsələyə də toxunmaq istərdik. Bu yaxınlarda Ann Buayon  Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün Parisə çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyi xanım diplomatın Prezident Emmanuel Makron tərəfindən qəbul edildiyini bildirmişdi. Amma bir neçə gün sonra Ann Buaylon Bakıya qayıdaraq diplomatik fəaliyyətini davam etdirdi. Şübhəsiz, bu, rəsmi Parisin səhvinin anlamasının nəticəsi idi. Baş verənlər bir daha təsdiq edir ki, Fransa da ABŞ kimi geç-tez  digər səhvlərini başa düşəcək. Nəticədə nəinki xanım səfir işğal olunmuş ərazilərə səfərlər edəcək, həmçinin Emmanuel Makron müstəqil xarici siyasət yürüdən, dünyaya sülh çağırışları ünvanlayan, beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqeyindən əl çəkəcək və Azərbaycan həqiqətləri ilə barışacmalı olacaq. Hər halda bu gün Azərbaycanın beynəlxalq hüquq çərçivəsində dünya miqyasında həyata keçirdiyi siyasət belə  qənaətə gəlməyə əsas verir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
ikisahil.az

10Mənbələr