AZ

Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacağı şübhəsizdir



Ulu öndər Heydər Əliyevin anadan olmasından 101 il ötür. Bu gün xalqımız onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha dərin ehtiramla xatırlayır və yad edir.
Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.

Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır. O, dünya siyasətçiləri arasında özünəməxsus rolu olan və sayılıb seçilən, siyasi zirvələr fəth etmiş nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev bir məktəb idi və zamanında iqtidar və ya müxalifətdə olmasından, siyasi baxışlarının nə olmasından asılı olmayaraq çoxları bu məktəbdən bəhrələndi.
Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yoluna bir daha nəzər saldıqda belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub.

Heydər Əliyev sonrakı dövrdə də, yəni Siyasi Büronun üzvü seçilib SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutduqdan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra da daim Azərbaycanı düşündü. Vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu.

Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. Ermənilər tərəfindən ölkəmizə qarşı ərazi iddiaları nəticəsində ərazisimizin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində blokada şəraitində yaşayan Naxçıvan əhalisi müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Heydər Əliyev Naxçıvanı həm erməni təcavüzündən, həm də siyasi təlatümlərdən qoruya bildi.
17 noyabr 1990-cı ildə Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Məhz onun təşəbbüsü ilk dəfə olaraq üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin binasının üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi.

1993-cü ildə, ölkəmiz üçün son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan çıxararaq separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı, ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.

Müharibənin dayandırılmasından sonra isə Heydər Əliyevin qarşısında digər mühüm bir vəzifə dayanırdı. Azərbaycanı düşmüş olduğu bataqlıqdan çıxarmaq, dağıdılmış iqtisadiyyatı bərpa etmək, sənaye və kənd təsərrüfatını dirçəltmək üçün yollar tapmaq. Bu vəzifə isə sözsüz kı, böyük həcmdə maliyyə vəsaiti tələb edirdi. O dövr üçün maliyyəni isə yalnız neftdən gələn gəlirlər hesabına əldə etmək mümkün idi. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlərin riskə gedib Azərbaycan neftinə sərmayə qoyacağı isə böyük sual altında idi. Lakin ulu öndər bu vəzifənin də öhdəsindən gəldi. O dünyanın aparıcı neft şirkətlərini inandırmağı bacardı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu.
Heydər Əliyevin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi.

İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü in¬kişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə eti-barı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırıl¬ması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlı¬ğın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı.
Ulu Öndər Heydər Əliyev həm də hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu. Onun Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacağı şübhəsizdir.

Yusif Bağırzadə, politoloq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
newscenter.az

10Mənbələr