AZ

Valideynlər məktəb seçərkən nəyə diqqət etməlidirlər? - EKSPERT ŞƏRHİ

Azərbaycanda təhsillə bağlı valideynləri maraqlandıran bir neçə məsələ var. Bunlardan biri də birinci sinfə gedəcək şagirdlər üçün doğru məktəbin seçilməsidir. Artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirirlər. Burada keyfiyyət dedikdə bir neçə məqam nəzərdə tutula bilər. Məsələn, seçiləcək məktəbin nizam-intizamlı, səliqə-sahmanlı olması, keyfiyyətli kadrları ətrafında cəmləməsi və s.

Valideynlər məktəb seçimində hansı amillərə xüsusi diqqət yetirməlidirlər?

Təhsil eksperti Kamran Əsədov İqtisadiyyat.az-a açıqlamasında məktəb seçimində valideynlərin nəzərə almalı olacağı bir neçə məqamdan danışıb. O bildirib ki, ilk növbədə valideynlər onların yaşadığı ünvana ən yaxın yerləşən məktəbələrə üstünlük verməlidirlər.

Ən yaxşı məktəb evinizin yanındakı məktəbdir

Ekspert deyir ki, piyada gedilə biləcək maksimum yaxın ərazidə yerləşən məktəb ən yaxşı təhsil ocağıdır: “Ümumiyyətlə, ibtidai sinifdə məktəb yox, müəllim axtarmaq lazımdır. Çünki dərsi sizin övladınıza keçən məktəb deyil, müəllimdir. Ola bilər ki, həmin məktəbin qəbul imtahanı nəticələri yaxşıdır. Amma o nəticələr məktəbin müəllimlərinin hesabına baş verməyə, repetitor, fərdi hazırlıqlar, kurslar hesabına ola bilər. Tədqiqatlar göstərir ki, ayaqla ən qısa məsafədə valideynlər övladlarını məktəbə aparanda o məktəbdən uşaqlar daha uğurlu ola bilirlər. Məsələn, şərti olaraq Xətai rayonunda yaşayan şəxs övladını Səbail rayonunda yerləşən hər hansı bir məktəbə apardıqda uşaq daha erkən saatlarda yuxudan oyana və günün ən azı 1 saatını yolda tıxaclarda keçirəcək. Bu zaman o yolda çox ciddi şəkildə darıxa, stress, əsəb keçirə bilər. Bu da onun hətta ən yaxşı məktəbdə belə təhsil almasına baxmayaraq yekunda heç bir nəticə əldə etməməsinə gətirib çıxara bilər. Ona görə də mən birmənalı şəkildə valideynlərə tövsiyə edirəm ki, ən yaxşı məktəb evinizin yanındakı məktəbdir”.

Təkcə ötən il 743 müəllim sertifikasiyadan kəsilib

Hazırda Azərbaycanda 4432 orta ümumtəhsil məktəbinin olduğunu və bu məktəblərdə 1,6 milyon şagirdin təhsil aldığını xatırladan Kamran Əsədov bildirib ki, bu il 150 minə yaxın şagirdin 1-ci sinfə getməsi proqnozlaşdırılır. O, eyni zamanda ibtidai sinif müəllimlərinin artıq sertifikasiyadan keçdiklərini və məktəblərdə ən yaxşı müəllimlərin qaldığını söyləyib: “Məsələn, təkcə keçən il 743 müəllim sertifikasiyadan kəsildi. Bu il də bu proses davam edir. Məktəbin harada yerləşməsindən asılı olmayaraq ibtidai sinif müəllimləri artıq bilikli, bacarıqlı və müasir standartlara cavab verirlər. Çünki sertifikasiyadan keçiblər. Təbii ki, valideynlər də uşaqları ilə işləməlidirlər. Biz hər şeyi repetitor müəllimlərinin, hazırlıq kurslarının üzərinə yükləməməliyik. Bu, yanlış yanaşmadır”.

K.Əsədov məktəblərdə yerlərin dolması səbəbindən valideynlərin istədikləri təhsil ocaqlarında övladlarını tədrisə cəlb edə bilməməsinə də münasibət bildirib:

“Məktəblərdə yerlərin dolması ilə bağlı istisna hallar var. Bununla bağlı fərdi müraciətlərə baxılır. Azərbaycanda, çox təəssüf ki, insanların məskunlaşması ilə bağlı konkret datalar yoxdur. Yaxud da olan datalarda informasiyalar yanlışdır. Məsələn, Xətai rayonunda kifayət qədər çoxmərtəbəli binalar var, amma insanlar orada qeydiyyatda olmadan yaşayırlar. Sabah onlar övladlarını məktəbə qoymaq istəyəndə qeydiyyata düşə bilmirlər. Çünki orada qeydiyyatda deyillər. Bu çox ciddi, lakin aradan qaldırıla biləcək bir problemdir”.

Sadiq Cavadov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
50
iqtisadiyyat.az

10Mənbələr