AZ

Paşinyana parlamentdən və küçədən ikiqat zərbə planı hazırlanır...

Image

Akif Nağı: “Hesab edirəm ki, bu aksiyalardan Paşinyan hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər”   

Bildiyiniz kimi, özünü Tavuş yeparxiyasının rəhbəri kimi qələmə verən Baqrat Qalstanyan (Srbazan) erməni Qriqoryan kilsəsinin göstərişi ilə başına bir dəstə revanşist toplayıb İrəvanın Respublika meydanında mitinq keçirir. Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi əleyhinə təşkil edilən mitinqdə səsləndirilən fikirlərə görə, məqsəd Paşinyan hakimiyyətini devirməkdir.

“Arxiyepiskop”  Baqrat Qalstanyan bildirib ki, parlamentdəki müxalifət fraksiyaları yaxın günlərdə Paşinyana qarşı impiçment prosesinə başlamağa hazırdır. O, keçirilən mitinqdə gələcək fəaliyyət planını təqdim edib.

“Arxiyepiskop” “yaxın 2-3 gündə bu əzabları yaşamalıyıq ki, qələbəmizi əzab içində qazanaq. Başqa yol yoxdur. Paşinyan isə sizə məhəl qoymadığına və reaksiya vermədiyinə görə onu seçənləri həyatından kənarlaşdırdı. Və bu tələb bütün xalqın, təkcə meydana toplaşanların deyil, Ermənistanda və diaspora ilə bağlı hər kəsin tələbidir. 

Bizim ilk addımımız parlamentdə Paşinyana etimadsızlıq səsverməsi və onun istefasına nail olmaqdır. Bu prosesin təşkilini parlamentdəki üç fraksiya ilə müzakirə edəcəyik. O cavab verməyib yenə susarsa, biz dinc itaətsizlik aksiyaları təşkil edəcəyik” - deyə bildirib.

B.Qalstanyan deyib ki, Ermənistan parlamenti  fraksiyalarının deputatları ilə Nikol Paşinyanın istefası prosesinə başlamaq məsələsini müzakirə edib. Müzakirələrdə “Ermənistan” fraksiyasının deputatları-Artsvik Minasyan, Seyran Ohanyan, Qarnik Danielyan, İşxan Saqatelyan iştirak edib. Onlara “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan da qoşulub.

Baqrat həmçinin  insanları İrəvanda və Ermənistanın digər bölgələrində tətillərə və dinc itaətsizliyə çağırıb. Qeyd edib ki,  şəhərin bütün mümkün ərazilərində dinc itaətsizlik aksiyaları keçirməyə başlayacaqlar. “Bütün universitetlərə, təhsil təşkilatlarına müraciət edirəm. Sabah (10 may) tətilə başlayacağıq. Mən regionların sakinlərini də itaətsizlik aksiyalarına başlamağa çağırıram” - Baqrat Qalstanyan bildirib.

Erməni Qriqoryan kilsəsi radikallarının və digər revanşistlərin İrəvanda antipaşinyan mitinqi, etiraz aksiyası davam edir. Radikalların parlamentdə Paşinyanla bağlı impiçment qoymaq planları da var. Paşinyana həm parlament vasitəsilə təzyiq etmək istəyirlər, eyni zamanda əhalinin hökumətə etimadsızlıq göstərməsi, tətillər və digər yolldarla onu devirmək istəyirlər. Yəni Ermənistanda etimadsızlıq tətillərinə çağırış edilib.

Budəfəki aksiya Paşinyanı yıxa bilərmi? Onların Paşinyana gücü çatacaqmı?

“Parlamentdə Paşinyana impiçment qaydasını tətbiq etmək istəyirlər, amma sayları yetəri qədər deyil, çünki müxalif partiyaların sayı çox azdır” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Hiss olunur ki, əks qüvvələr bu işə ciddi şəkildə hazırlaşıblar. Onlara xaricdən, xüsusən də Rusiyadan dəstək hiss olunur. Çox qəribədir ki, bir tərəfdən, Rusiya Prezidenti Putin Paşinyanla görüşdü, belə görsənir ki, müəyyən məsələlərdə razılıq əldə olunub, digər tərəfdən də Paşinyana qarşı bu cür aksiyalar təşkil olunur. Açıq şəkildə Robert Köçəryanın nümayəndələri prosesdə iştirak edorlər, Ohanyan orda görsənir. Eyni zamanda Köçəryanla görüşlə bağlı da məlumat yayıldı ki, mitinqədən əvvəl onunla görüşülüb. Amma özü bunun altından qaçır. Yəqin izi itirməyə çalışırlar. Yəqin görüşməmiş olmazlar, görüşməsələr də, müəyyən adamlar vasitəsilə əlaqə saxlayıblar. Vəziyyət bu şəkildədir, mitinqçilərin arxasında ciddi bir qüvvənin dayandığı hiss olunur, çünki izdihama nail olublar. Nə qədər yolu da piyada gəldilər, düzdür, yol boyu onlara dəstək verən olmadı, yəqin əsas qüvvə onları İrəvanda gözləyirmiş. Belə məlumatlar var ki, Rusiya tərəfindən də ora adamların cəlb olunması ilə bağlı müəyyən işlər görülür, Rusiyanın təsiri altında olan daxildəki ictimai qruplara, təbəqələrə mitinqə getməklə bağlı göstərişlər verilir. Ola bilsin, onlar Paşinyana daha ciddi təzyiqlər edib güzəştə getməsinə nail olmaq istəyirlər. Amma bütün hallarda Paşinyan hakimiyyətinin indiki məqamda devrilməsi nə Rusiyanın, nə də Qərbin marağındadır. Çünki onun yerinə kim gələcək, necə idarə edəcək, hansı istiqamətə gedəcək, o bilinmir. Üzdə olan Köçəryandır və onun ətrafındakılardır, yaxud keşişdir. Keşiş özü hakimiyyət iddiasında ola bilər. Amma özü qaçır bundan, deyir ki, yox, mən hakimiyyətə gəlmək istəmirəm. Amma bu sadəcə söz də ola bilər. O da hakimiyyətə gəlsə, bu bir nonsens, absurd olacaq Ermənistanın olmayan tarixində ki, artıq din adamları da hakimiyyətə gəlirlər. Yəni İrana oxşar bir quruluş yaratmaq istəyirlər, yoxsa yox? Bu Baqrat da əməlli-başlı fırıldaqçı, dələduz obrazındadır. İstər-istəməz keşiş Qapon əhvalatı yada düşür ki, insanların qabağına düşüb gedir. Amma inanmıram ki, keşiş hakimiyyətə gəlsin. Sadəcə olaraq ondan vasitə kimi istifadə edirlər.

Qərbin də Paşinyanın yerinə gətirməyə ciddi bir namizədi yoxdur. Çünki Paşinyan gedəcəksə onun komandasından heç kəsin qalmaq şansı yoxdur. Armen Qrqoryanla bağlı fikir deyilirdi, onun da şansı olmayacaq. Rusiya tərəfindən də Köçəryanın komandası içində elə tanınan bir lider yoxdur ki, o gəlsin, Köçəryanın özünün də yenidən hakimiyyətə gəlməsi böyük bir fəlakət deyil. Ona görə də, Rusiyanın hakimiyyətə kimisə gətirməsi inandırıcı deyil. Hər halda hesab edirəm ki, bu aksiyalardan Paşinyan hökumətinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər” - deyə bildirdi.

A.Nağının sözlərinə görə, bu aksiyanın arxasında dayananlar var və burada Qərbin də iştirakı istisna deyil. Partiya sədrinin sözlərinə görə, bunlara baxmayaraq, Paşinyan da özünü çox arxayın aparır. “Parlament Paşinyanın arxasındadır. Parlamentdə Paşinyana impiçment qaydasını tətbiq etmək istəyirlər, amma sayları yetəri qədər deyil, çünki müxalif partiyalarının sayı çox azdır. Paşinyanın fraksiyasının, partiyasının nümayəndələrinin də müxalifət tərəfə keçmək ehtimalı yoxdur. Onlar möhkəm dayanıblar, Paşinyanı, daha doğrusu, özlərini müdafiə edirlər. Paşinyan gedəndən sonra onların da başında fəlakətlər ola bilər. Böyük bir izdiham olsa, bütün ölkə ayağa qalxsa Paşinyanın komandasında parçalanma baş verə bilər. Hələlik, balaca bir meydanı doldururlar. Mətbuatın verdiyi məlumatlara görə, minlərlə insan iştirak edir, yəni onminlərdən söhbət getmir. Onu da şişirdib, qabardıb təqdim etməyə çalışırlar. Hələlik, Paşinyanın hakimiyyətdən getmək məsələsi real deyil. Etirazçılar vətəndaş itaətsizliyi təklif edirlər. Onu edə bilərlər, tutaq ki, 30, 50, 100 nəfər İrəvanda yolu bağlaya, həyatı iflic edə bilər. Ona gücləri çatar. Amma Paşinyanın özünü arxayın aparmasından görsənir ki, onun əks qüvvələrə qarşı həyata keçirmək üçün tədbirləri var. Bu etirazlar bundan yuxarı gedərsə təhlükə ola bilər, amma bundan aşağı getsə yavaş-yavaş sönəcək. Ona görə də Paşinyanın özünü necə aparacağı o proseslərdən asılıdır. Böyük ehtimallarla etiraz dalğası aşağı enməyə başlayacaq. Ona görə də, hansısa hakimiyət dəyişikliyi gözlənilən deyil.

Amma Azərbaycan üçün fərqi yoxdur, Paşinyanın hakimiyyətdə olması da bizim üçün fərq etmir. Orada kiminsə hakimiyyətə gəlməsi yox, xaos vəziyyəti başlaya bilər. Xaos başlayandan sonra orada hansısa təhlükəli, düşünülməmiş addımlar atıla, tutalım, hansısa bir general müvəqqəti olaraq hakimiyyətə gələ, sərhəd xəttində hansısa xoşagəlməz, kortəbii  hərəkət edə bilər. Bunların hamısının qarşısını almağa Azərbaycan hazırdır və əks zərbə ilə onları yerində oturtmaq iqtidarındadır. Ona görə də istənilən situasiyada Azərbaycan üçün təhlükə yoxdur, əksinə, orada xaos yaranarsa Azərbaycan regionda öz mövqeyini bir daha möhkəmləndirə bilər”-deyə A.Nağı əlavə etdi. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
38
Mənbələr
Şərh ()
Bağla