AZ

Kilsə Paşinyana qarşı: Kimi hakimiyyətə gətirmək istədikləri bəlli oldu

Ermənistanda revanşist “Vətən naminə Tavuş Hərəkatı” etirazlarını davam etdirir. Etirazların sükanı erməni kilsəsinə verilib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, kilsə Baş nazir Nikol Paşinyanı devirib, sabiq prezident Robert Köçəryanı hakimiyyətə gətirməyə çalışır:

“Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyaların hakimiyyəti devirmək potensialı yoxdur. ABŞ və Avropa Birliyi baş verənlərə səssiz qalmayacaq. Eləcə də Paşinyanın devrilməsində maraqlı olan Rusiya...

Gürcüstan və Ermənistanda Qərblə Rusiya arasında qarşıdurma gedir. Həlledici mərhələyə qədəm qoyan mübarizə artıq meydanda açıq qarşıdurmaya çevrilib. Qərb Gürcüstanda müxalifəti, Ermənistanda hakimiyyəti dəstəkləyir. Ermənistanda mümkün hakimiyyət dəyişikliyi Azərbaycanla davam edən sülh danışıqları və delimitasiya prosesinə mənfi təsir edə bilər. Təsadüfi deyil ki, Baqratı qabağa verənlərin əsas tezisi də budur: sülh və delimitasiya danışıqları dayandırılsın.

Baş verənlər fonunda Nikol Paşinyanın səssizliyi də diqqətdən yayınmır. Qənaətimə görə, Nikol özü və iqtidarı üçün hələlik təhlükə görmür, belə bir təhdid olsa, adekvat davranacaq. Məsələn, irəliləyən günlərdə hansısa problem yaranarsa, Nikol İrəvan və əyalətlərdə özünədəstək mitinqləri təşkil edə bilər. Yəni cəmiyyəti kilsə ilə üz-üzə qoyacaq. Hələlik isə cəmiyyətdən kilsəyə dəstək yoxdur. Bu da səbəbsiz deyil, çünki baş verənlərin arxasında Robert Köçəryanın dayandığı erməni cəmiyyətinə məlumdur. Cəmiyyət isə ölkəni Rusiyadan tam asılı vəziyyətə salan, dövlət sistemini korrupsiya üzərində quran Köçəryan və Serj Sərkisyanı yenidən hakimiyyətdə görmək istəmir. Buna görə də, etirazların uğur qazanacağını düşünmürəm.

Hazırda kilsə siyasi müxalifət yolundadır və siyasi hakimiyyət uğrunda mübarizə aparır. Qərbdən aldığı dəstəyi artıran Paşinyan Köçəryan və Sərkisyan kimi, kilsə üzərində də qələbə qazanacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
272
38
teleqraf.com

10Mənbələr