AZ

Paşinyan KTMT-nin pulunu Qərbin sifarişi ilə kəsdi...

Image

Bəhruz Quliyev: “Bu, Ermənistan üçün çox risqlidir”

Ermənistan 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) proqramlarını maliyyələşdirməyəcək. Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla Ermənistanın bir sıra saytları yayıb.

Badalyanın sözlərinə görə, Ermənistan təşkilatın 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan imtina edəcək. Bu, başqa sözlərlə İrəvanın bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etməsi deməkdir. A.Badalyan onu da əlavə edib ki, İrəvan “bu qərarın məhdud formatda qəbuluna etiraz etməyəcək”.

KTMT nümayəndəsi isə Rusiyanın TASS agentliyinə təşkilatın Ermənistanın qərarından xəbərdar olduğunu, lakin İrəvanın KTMT üzvü olaraq qaldığını bildirib.

Maraqlıdır, ola bilərmi ki, bununla bağlı Qərbdən, NATO-dan Ermənistana bu yöndə sifariş olsun? O mənada ki, Qərb Ermənistana yardım edir, bu ölkə də həmin vəsaiti KTMT-yə üzvlük haqqı kimi verir. Bu da Qərbi narazı salır. Bu baxımdan ehtimal var ki, Ermənistanın KTMT-ni maliyyələşdirməsini dayandırması Qərbin sifarişidir. 

Maraqlıdır, ekspertlər bu versiyanı necə dəyərləndirir?

“Qərbin dəstəyini alıb bu addımı atsa belə, indiki halda bu, ölüm oyunudur” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Ermənistanın KTMT-yə münasibəti II Qarabağ müharibəsi gedişində dəyişməyə başlayıb: “Ermənilər ənənəvi rıçaqların, bəlli mənbələrin, dəstəkçilərin, yardımçıların və nəhayət İrəvanın da təmsil olunduğu KTMT-nin bu müharibədə onlarla çiyin-çiyinə döyüşəcəyinə inanırdılar. Ancaq unudurdular ki, KTMT yalnız müharibə Ermənistan ərazisinə keçdiyi anda hərbi birliyin nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq müharibəyə qoşula, ya da onları dəstəkləyə bilər. Azərbaycan şəhərlərini uzaqmənzilli ballistik raketlərlə Ermənistan ərazisindən vurmaq təxribatının arxasında da bu niyyət dayanırdı. Azərbaycan tərəfi Ermənistan ərazilərindəki hədəfləri vuracağı halda KTMT də hərəkətə keçəcəkdi. Gəncə şəhərinə çoxsaylı insan ölümü ilə nəticələnən raket hücumundan sonra Basarkeçər ərazisindəki qurğu zərərsizləşdirildi. İrəvanın etirazları isə işə yaramadı və KTMT müharibəyə qoşulmadı. Qurumda təmsil olunan dövlətlər müharibənin Azərbaycan ərazilərində getdiyini əsas kimi göstərib Ermənistanın təxribatlarına uymadılar. Və beləliklə İrəvanın KTMT-yə bağlanan bütün ümidləri boşa çıxdı. Ermənistan bu gün də II Qarabağ müharibəsində məğlubiyyətini KTMT ilə bağlayır”.

Politoloq qeyd edib ki, hətta 44 günlük müharibə başa çatandan sonra sərhəd bölgəsində baş verən qarşıdurmalar zamanı da Ermənistan bir neçə dəfə KTMT-ni köməyə çağırlb: “Rəsmi İrəvanın arqumentləri yenə yetərsiz sayıldı və hərbi birlikdən dəstək ala bilmədi. Bir sözlə, Ermənistan “ilanı Seyid Əhməd əli ilə tutmaq” taktikasından yararlana bilmədi və “ən güclü” kimi reklam etdiyi ordusunun nə qədər miskin durumda olduğunu bir daha anladı. Bu gün Ermənistan KTMT-yə olan münasibətini dəyişməyib. Hətta Ermənistan KTMT-ni maliyyələşdirməsini də dayandırıb. Əlbəttə, bu, Ermənistan üçün çox risqlidir. Qərbin dəstəyini alıb bu addımı atsa belə, indiki halda bu, ölüm oyunudur. Qərb Ermənistana yalnız sözdə dəstək verir, bunu ermənilər də inkar etmir. Hərbi yardıma gəlincə, KTMT-nin yerini tutmaq kimi Avropanın arzusunu yerinə yetirmək mümkünsüzdür. Xüsusən də Rusiyanın 102-ci hərbi bazasını, o cümlədən, sərhədlərində rus sərhədçilərinin dayandığını unutmamalıyıq. Rusiya hələ də Ermənistandadır, həm də özünün ən çox sevdiyi hərbi varlığı ilə. Eyni zamanda iqtisadi rıçaqları da hələlik işlək vəziyyətdədir. Ermənistan reallığı budur ki, Rusiya istənilən düyməni basmaqla bu vassal, forpost ölkəni iflic vəziyyətinə sala bilər. Vladimir Putinin Paşinyanla son görüşündə maraqlı, həm də gözlənilməz bir hadisə yaşanıb. Rusiya prezidenti baş nazirə 102-ci bazanın və sərhədçilərin Ermənistandan çıxarılması barədə onun gözləmədiyi bir təklifi edib. Paşinyan isə heç tərəddüd etmədən təklifə “yox” deyib. Əgər KTMT-dən çıxmaq, bunun ardınca Rusiya hərbçilərinin ölkə ərazisini tərk etməsi planı Qərbdən gəlibsə və Paşinyan verilən vədlərə inanırdısa, onda Putinin təklifinə fərqli cavab verərdi. Məsələnin bu tərəfi də var. Ancaq istənilən halda Paşinyan oyun oynayır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla